Məhkəmə qərarları › İş №2(103)-3164/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3164/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3164/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdeh X4 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-6090/20 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hərracda bağlanmış müqaviləyə görə dövlət büdcəsinə ödənilmiş 45.196,70 manat, 38.250 manat vurulmuş maddi zərər və 15.000 manat mənəvi zərər olmaqla, cəmi cəmi 98.446,70 manat pul vəsaitinin tutulaqraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bakı şəhəri İcra Hakimiyyəti MKTD Nəsimi rayon MKTB-nin balansında olmuş və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, vw.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin əmlak axırıncı dəfə xx.xx.2018-ci il tarixdə hərraca çıxarılaraq 45.000 manata ona satılmış, həmin məbləğ dövlət büdcəsinə ödənilmiş, Komitə ilə aralarında xx.xx.2018-ci il tarixli 10/01 nömrəli hərrac protokolu və xx.xx.2018-ci il tarixli 3888 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. X4 Komitəsinin xx.xx.2018-ci il tarixli RX1308672 nömrəli çıxarışına əsasən həmin sahə onun xüsusi nülkiyyəti kimi qeydiyyata alınmışdır. Əmlakın icarəçisi olmuş “RQQ lstehsalat-X2 X4 Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı mübahisəli daşınmaz əmlakın hərraca çıxarılması barədə X4 Komitəsinin xx.xx.2017-ci il tarixli 141 nömrəli Sərəncamının ləğv edilməsi barədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 416.2-ci maddəyə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bununla bağlı X4 Xidmətinə 17-xx xxxxxx 2020-ci il tarixlərində müraciət edərək hərrac nəticəsində özəlləşdirilən qeyri-yaşayış sahəsinə görə ödənilmiş 45.000 manat pulun geri qaytarılmasını tələb etsə də, Əmlak Komitəsi xx.xx.2020-ci il tarixli **********82 nömrəli məktubla qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş pul vəsaitinin məhkəmə qərarında göstərilməməsini bəhanə edərək geri qaytarmamışdır. Bununla da ƏMDX onun pul vəsaitini heç bir qanuni əsas olmadan, qeyri qanuni saxlamaqla ona ziyan vurmuşdur. Həmçinin, AR X4 Komitəsi (indiki ƏMDX) hərracı keçirən zaman qanun pozuntularına yol verdiyi üçün ona vurulmuş zərərə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hissəsi ilə bağlı qeyd olunan pul vəsaitini normal dövriyyə şəraitində ən azı illik 30-40% (aylıq 2.5%) gəlir əldə etmək imkanına malik olmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh 2018-ci ilin mart ayından hal-hazıradək 45.000 manat pul vəsaitini qanunsuz saxlamaqla 38.250 AZN əldən çixmış fayda şəklində ona ziyan vurmuşdur. Eyni zamanda cavabdeh ƏMDX hərracın nəticəsinin etibarsız hesab edilməsi ilə bağlı keçirilən məhkəmə proseslərinin heç birində iştirak etməmiş, qəbul edilən məhkəmə qərarlarının mübahisələndirilməsində maraqlı olmamışdır. Həmçinin ƏMDX-nin qanunsuz hərəkətləri nəticəsində uzun müddət əmlakdan istifadə edə bilməmiş, məhkəmə orqanlarında çoxsaylı araşdırmalarda üçüncü şəxs qismində tək iştirak etməklə mənəvi zərər çəkmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-6090/20) iddia qismən təmin edilərək İddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 45.000 (qırx beş min) manat pulun 25 %-inin, yəni 11250 (on bir min iki yüz əlli) manat hissəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətindən, 75 %-inin, yəni 33750 (otuz üç min yeddi yüz əlli) manat hissəsinin isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi B.Namazov məhkəmə kollegiyasının iclasında təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi A.Hüsiyev apellyasiya şikayətlərini qəbul etməyərək onların rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, şikayətlərin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri qismən –qətnamənin ləğv olunması hissəsində təmin olunmalı, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası ƏMDX-dən hərracda bağlanmış müqaviləyə görə dövlət büdcəsinə ödənilmiş 45196,70 manat pulun, 38250 manat vurulmuş maddi zərərin və 15000 manat mənəvi zərərin onun xeyrinə tutulmasını xahiş etmişdir. Tələbin əsasını müvafiq məhkəmə qərarı ilə Azərbaycan Respublikası X4 Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 N-li sərəncamının ləğv olunması təşkil edir. Hazırda iddiaçının tələbi məhz həmin ləğv olunmuş sərəncam əsasında keçirilən hərrac nəticəsində onunla bağlanmış alqı-satqı müqaviləsi üzrə ödədiyi pul vəsaitinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi Azərbaycan Respublikasının X4 Komitəsi (indiki ƏMDX) inzibati orqan olmaqla Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti Orqanlarının siyahısının 31-ci, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə 7-ci hissəsində yer alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddianın əsasını inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın (ƏMDK) qanunsuz qərarı (inzibati aktı) nəticəsində vurulmuş ziyanın ödənilməsi təşkil edir. Beləliklə, yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən – qətnamənin ləğv olunması hissəsində təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytanlması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı “ödənilmiş pul vəsaitinin geri qaytanlması, vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı izah edilsin ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar