Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-162/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız edilməsi, artıq alınmış pulun qaytarılması və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq tərtib edilmiş saxta müqavilənin ləğv edilərək ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq tərtib edilmiş saxta müqavilənin etibarsız hesab edilməsi və ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması və ona dəymiş zərər kimi 174,60 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra yenidən iddianın həcminin artırılması barədə ərizə verərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona vurulmuş mənəvi zərərə görə də 3000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak xidmətləri Məkanına yaşadığı mülk evində əlavə tikilmiş tikililərin əlavə edilməsi üçün müvafiq sənədləri (ş/v, etibarnamə, tikintinin plan-cizgisi, qəbz, texniki pasport, məlumatlandırma icraatı haqqında ərizə) təqdim etmişdir. Ərizə xx.xx.2022-ci il tarixində ********** sıra nömrəsi ilə qeydiyyata alınmış, son icra tarixi xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Lakin idarə ərizənin icrasını yubadaraq 20 günə deyil, 61 günə icra etmişdir. Çıxarış və Texniki pasportu alan zaman 2077 manat 62 qəpik ödəniş etməli olduğunu öyrənmişdir. Sənədlərin yenidən aylarla ləngidilməməsi üçün həmin pulu ödəməyə məcbur olmuşdur. Həmin ödənişin nədən ibarət olduğunu araşdırmaq üçün yenidən 09 dekabr 2022-ci il tarixli ərizəylə müraciət etmiş, ərizəsi ********** qeydiyyat №si ilə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və 1 ay 15 gün son icra tarixi qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ərizələrin baxılmasına 15 gün vaxt müəyyən edilmişdir. Qeyd edilən ərizəyə xx.xx.2023-cü il tarixli **********14 saylı cavab məktubu almış, məktuba qoşma olaraq fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın, texniki pasportun və qiymətləndirmə arayışının hazırlanması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqının smetası əlavə olunmuşdur. Smetadan məlum olmuşdur ki, 1640,00 manat qiymətləndirmə arayışının hazırlanması üçün xidmət haqqı adı altında ondan artıq pul alınmışdır. Ondan artıq alınmış 1640,00 manatın geri qaytarılması üçün yenidən xx.xx.2023-cü il tarixində ərizə yazmış, hətta bu cavab məktubuna qoşma olaraq nömrəsiz müqavilə də əlavə olunmuşdur. Halbuki, heç bir müqaviləyə imza atmamış, bu məsələ haqqında xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmiş və ondan artıq alınan pulun qaytarılmasını tələb etmişdir. İndi isə saxta yaratdıqları müqavilə haqqında qeyd edir ki, müqavilə anlayışı 2 tərəfli qarşılıqlı razılıq əsasında tərtib olunur və hər iki tərəfin ünvanı, VÖEN-i varsa kodu, hesab nömrəsi, telefon nömrələri qeyd edilməklə müqavilə nömrələnərək imzalanıb bir nüsxə sifarişçiyə, ikinci nüsxə isə icraçıya verilmiş olur. 1 saylı Bakı Ərazi İdarəsinin onun xx.xx.2023-ci il tarixli müraciət ərizəsinə cavab olaraq yazdığı xx.xx.2023-cü il tarixli məktubuna qoşma kimi əlavə etdiyi müqavilənin surətini ilk dəfə görür. Müqavilənin tərtibatına nəzər saldıqda görünür ki, müqavilə nömrələnməmiş, müqavilənin neçə nüsxədən ibarət tərtib olunması qeyd edilməmiş, sifarişçinin ünvanı, telefon nömrəsi qeyd olunmamışdır. Müqavilənin qiyməti və ödəmə qaydası bölməsində, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 №-li qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə müəyyən edirlər” cümləsi yazılmasına baxmayaraq heç bir razılaşma olmayıb, 1640,00 manat dəyərin arxasında görüləcək işlərin smetası orada olmalı idi, lakin yoxdur. Ümumiyyətlə saxta yolla yazılıb və onun imzası köçürmə yolu ilə şəkli çəkilibdir. Guya ki, müqavilə xx.xx.2022-ci ildə tərtib olunub, bu yalandır. Həqiqətən də xx.xx.2022-ci il tarixində olsaydı, onda həmin tarixdə onun təqdim etdiyi sənədlərin siyahısında qeyd olunardı. Qeyd olunan saxta müqavilə onun xx.xx.2022-ci il tarixdə yazdığı ərizədən sonra yaradıblar ki, qanunsuz olaraq aldıqları 1640 manatı ört-basdır etsinlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, 06 oktyabr 2022-ci il tarixində Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə yaşadıqları mülk evində əlavə tikilmiş tikililərin əvvəlki tikililərə əlavə edilməsi üçün müvafiq sənədləri təqdim etmişdir. Mülkün çıxarış və texniki pasportunu alan zaman məlumatı olmuşdur ki, 2077,62 manat pul ödəməlidir. Sənədlərinin verilməsində yenidən gecikmələr olmasın deyə həmin ödənişi etməli olub. 2077,62 manat ödənişin nə əsasında hesablandığını bilmək üçün 09 dekabr 2022-ci ildə yenidən ərizə ilə müraciət edib. Ona təqdim edilmiş smetadan məlum olmuşdur ki, qiymətləndirmə arayışının hazırlanması üçün xidmət haqqı adı altında ondan 1640 manat artıq pul alınmışdır. Cavab məktubuna qoşma olaraq nömrəsiz müqavilə də əlavə edilmişdir. O, heç bir müqaviləyə imza atmamışdır. Həmin müqavilə saxta formada yaradılmışdır. Müqavilənin surətini o, ilk dəfə idi görürdü və müqavilənin nömrəsi və digər zəruri məlumatlar yazılmamışdır. O, ekspert rəyləri ilə razı deyildir. Cavabdeh tərəfin səhvi ucbatından o, məhkəməyə müraciət etmişdir, bu isə onun həm sağlamlığa, həm də psixolji vəziyyətinə təsir etmişdir. Bu səbəbdən 3000 manat mənəvi zərər də tələb edir. Məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı sənədləri təqdim edərkən o, qiymətləndirmə barədə məlumatlandırılıb və qiymətlərin necə olduğu da bildirilib. İddiaçı razılaşdığı üçün müqaviləyə imza çəkmişdir. Ekspertizada da müəyyən edilmişdir ki, imza iddiaçı tərəfindən çəkilib. Qiymət əmlakın yerləşdiyi yer, tikilinin hündürlüyü kimi əlamətlər nəzərə alınmaqla hesablanır. Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlər nəzərə alınaraq hesablama aparılır. Qiymətlər qiymətləndirmə şöbəsi tərəfindən müəyyən edilir. İdarədə heç bir saxtalıqdan və ya saxta müqavilə tərtib edilməsindən söhbət gedə bilməz. Mühəndis tərəfindən sahəyə baxış keçirilib və onun əsasında qiymət müəyyən edilib. Yeni tikililərinin qiymətinin müəyyən edilməsi cavabdeh təşkilatın vəzifəsidir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarından aydın olur ki, iddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,058 ha torpaq sahəsində məlumatlandırma icraatı qaydasında inşa etdirdiyi 718,4 kv.m. sahəsi olan fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh idarəyə müraciət etmiş, idarə tərəfindən həmin ərizə icra olunaraq əmlaka dair çıxarış, texniki pasport və qiymətləndirmə arayışı hazırlanmış, göstərilən xidmətlərə görə, cəmi 2077,62 manat dövlət rüsumu və xidmət haqqı (437 manat dövlət rüsumu, 1640 manat qiymətləndirmə xərci) hesablanmış və iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçının iddiasına görə, sonradan hesablanmış məbləğin araşdırılması məqsədilə cavabdehə etdiyi müraciət əsasında ona dövlət rüsumu və xidmət haqqının smetası təqdim olunmuş, nəticədə buna dair cavabdehlə müqavilə bağlamadığı və cavabdeh idarənin təqdim etdiyi müqavilənin isə saxta olmasına (imzanın ona (nümayəndəyə) aid olmamasına) baxmayaraq, qiymətləndirmə arayışının hazırlanması üçün ondan əsassız olaraq 1640 manat xidmət haqqının alındığını öyrənmişdir. Cavabdehin mövqeyinə görə isə, həmin arayış tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hazırlandığından həmin ödənişin əsassız alınması və ya artıq ödəniş olması barədə iddiaçının dəlilləri əsaslı deyildir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı sifarişçinin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən daşınmaz əmlakın bazar qiymətini müəyyən etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, obyektin qiymətləndirilməsi üçün xidmət haqqının məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq, qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir... əmlakın bazar dəyərinin hesablanmasına görə 1640 manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulur. İddiaçı sözügedən müqavilədəki imzanı mübahisələndirdiyindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın 4/1478 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imza Nümayəndə tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 126 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2001-5/1695-5/1703 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində (təkrar və əlavə) isə ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imza Nümayəndə tərəfindən icra olunmuşdur. Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilədə “Sifarişçi” qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Ekspertiza xərci 200 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun müqavilə azadlığı prinsipi ilə bağlı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390.1-ci maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (M.Şükürovun şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərar). Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi, bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfin ağır vəziyyətindən istifadə edərək onu son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur etməli və ya tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi sazişin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu, iddiaçının aldadılması işin halları ilə təkzib edilir. Hazırki iş üzrə iddiaçı mübahisələndirilən müqavilədəki imzanın ona (iddiaçının nümayəndəsinə) aid olmadığını iddia etsə də, yuxarıda da göstərildiyi kimi, məhkəmənin təyin etdiyi xətşünaslıq ekspertizalarının rəyləri ilə mübahisələndirilən müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imzanın iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi çıxış edən Nümayəndə məxsus olduğu öz təsdiqini tapmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsi tərəfindən müqavilə üzrə ödəniş edilmiş, tələb etdiyi sənədlər (çıxarış) alınmış, sonradan aldadıldığı iddiası irəli sürülmüşdür. Bu isə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmadığını göstərməkdədir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərar). Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçı iddiasının faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir və mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq tərtib edildiyindən, iddiaçının (nümayəndəsinin) aldadıldığı sübuta yetirilmədiyindən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu nəzərə alır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 3.0.22-ci bəndində mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələri sırasında göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 Nizamnaməsinin 3.1.17-ci bəndində isə, mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək DƏDKR-in vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək, daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək də X6 vəzifələri sırasındadır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının digər tələblərini də əsassız hesab edərək həmin tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız edilməsi, artıq alınmış pulun qaytarılması və sair tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 manat və məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız edilməsi, artıq alınmış pulun qaytarılması və sair tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat və məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat, cəmi 326 (üç yüz iyirmi altı) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-162/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-162/2024
01.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver