Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1635/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və s." tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və s. tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X4 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə fakta görə AR CM-in 186.1 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Belə ki, prokurorluq tərəfindən cinayət işi üzrə istintaqın daha da düzgün və obyektiv aparılması üçün iddia tələbinin predmeti olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli müqavilələrin istintaq dövründə qüvvədə qalması (ləğv edilməməsi) böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də cinayət işi üzrə istintaq yekunlaşaraq qərar qəbul edilənə kimi icraatda olan mülki iş baxılmamış saxlanmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi X3 mülki işin baxılmamış saxlanmasına etiraz etdiklərini bildirmiş, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsinin Plenumunun Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "müqavilələrin ləğv edilməsi, kompensasiyanın ödənilməsi və s" tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu olan 100 (bir yüz) manat iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1635/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1635/2024
01.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver