Məhkəmə qərarları › İş №2(005)-1639/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1639/2021

16.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1639/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Dövlət Notariat kontoru və Abşeron rayon 1 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra şöbəsinə qarşı ”müqavilələrə xitam verilməsi və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Dövlət Notariat kontoru və Abşeron rayon 1 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra şöbəsinə qarşı ”müqavilələrə xitam verilməsi və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 19 avqust 2017ci il tarixli kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Abşeron rayon 1 saylı notariat kontorunda 8İ-4462 nömrəli, 19.08.2020-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əri X3 ət dükanı işlətmək üçün pul lazım olduğu üçün Lətafət adlı (makler) qadının tanışı Cavabdeh1 ilə onları tanış etmişdir. Lətafət vasitəsi ilə Gülşəndən Bakı şəhəri, 9 saylı notariat kontorunda 19 avqust 2017-ci il tarixdə kredit müqaviləsi bağlayaraq ondan 10000 (on mun) ABŞ dolları (həmin vaxt ekvialentlə manata kurs üzrə 17000 manat) məbləğinə borc müqaviləsi bağlamışlar. Eyni vaxta da həmin borcunun icrasının təminatı kimi ipoteka müqaviləsi bağlayaraq mülkiyətində olan ünvan 1 ünvanda yerləşən mənzil də ipoteka yüklü edilmişdir. Aralarında bağlanmış müqavilnin 2-ci bəndində göstərilmişdir ki, borc bir il müddətinə verilir. Lakin buna baxmayaraq aralarında olan razılığa əsasən borcun qaytarılma müddəti əlavə olaraq 1 il müddətinə də uzadılmışdır. Beləliklə də, cavabdehlə aralarında bağlanmış 19 avqust 2017-ci il tarixli kredit müqaviləsinə uyğun və ümumi razılıq əsasında o, hər ay Lətalət vasitəsilə (yəni, Lətafət 25 ay müddətində əl dükanından pulları götürməklə) Gülşənə 680 (altı yüz səksən) manat olmaqla ümumilikdə cavabdehə 17025 manat ödəmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərə tam riayət edildiyi halda Cavabdeh1 borcu tam ödənildiyi halda hüquqdan suiistifadə edərək ona ziyan vurmaq (mənzilini əlindən almaq) məqsədi ilə notariusu aldadaraq Abşeron rayon 1 saylı notariat kontorunda 8İ-4462 nömrəli, 19.08.2020-ei il tarixli icra sənədinin verilməsinə nail olmuş və həmin icra sənədi icra olunması üçün Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Nərimanov rayon icra və probasiya şöbəsinin 20.11.2020-ci il tarixli bildirişindən və icraata başlamaq haqqında qərardan görünür ki, guya 10000 ABŞ dolları borcu olduğu üçün Cavabdeh1 tələbi ilə tutma ona məxsus ipoteka yüklü edilmiş ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilmişdir. Lakin yuxarıda qeyd etdiyi və məhkəməyə təqdim edəcəyi şahidlərin ifadələri ilə təsdiq olunur ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmişdir. Buna görə də hesab edir ki, onun Cavabdeh1 ilə Bakı şəhəri 9 saylı notariat kontorunda 19 avqust 2017-ci il tarixli kredit müqaviləsi və həmin borcumun icrasının təmini kimi bağlanmış ipoteka müqaviləsi ləğv edilməli və hər iki müqaviləyə xitam verilməli, Abşeron rayon 1 saylı notariat kontorunda 8İ-4462 nömrəli, 19.08.2020-ci il tarixli icra sənədi ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət Notariat kontoru, Abşeron rayon 1 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 19 avqust 2017-ci tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 1000 ABŞ dolları (həmin günə ekvivalent kurs üzrə 17000 manat) məbləğində borc pul vermişdir, İddiaçı, Cavabdeh1 1000 ABŞ dolları məbləğində borcunu 19 fevral 2018-ci il tarixədək qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür; İpoteka saxlayan Cavabdeh1 ilə ipoteka qoyan və borc alan İddiaçı arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda bağlanmış 19 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, borc müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu mülkiyyətində olan ünvan 1 da yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinini icra məmuru Ramiz Quliyevin 20.11.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayonu 1 Saylı Notariat Kontorunin 8İ-4462 nömrəli, 19.08.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf əsas öhdəliyinin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2017-ci ilin avqust ayında Cavabdeh1 ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında Cavabdeh1 tərəfindən İddiaçı 10000 (on mun) ABŞ dolları (həmin vaxt ekvialentlə manata kurs üzrə 17000 manat) məbləğində borc verilmişdir. İddiaçı, Cavabdeh1 1000 ABŞ dolları məbləğində borcunu 19 fevral 2018-ci il tarixədək qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Daha sonra qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təmini üçün tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, ünvan 1 İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 19 avqust 2017-ci il tarixli kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Abşeron rayon 1 saylı notariat kontorunda 8İ-4462 nömrəli, 19.08.2020-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının ilkin tələbi onunla bağlanmış kredit və ipoteka müqavilələrinə xitam verilməsidir. Məhkəmə iddia tələbinə bu hissədə araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, İddiaçı məhkəmə cavabdehə olan borcunu ödədiyini bildirdə də, qeyd edilən halı məhkəmədə sübuta yetirən heç bir əsaslı dəlil təqdim etməmişdir. Buna görə də, İddiaçı onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, kredit müqaviləsi və kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün bağlanmış ipoteka müqaviləsi üzrə öhdəliklərinə xitam verilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı iddiaçı şəxs İddiaçı Cavabdeh1 ilə bağladığı 19.08.201-ci il tarixli kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Abşeron rayon 1 saylı notariat Kontoru tərəfindən verilmiş 8İ-4462 nömrəli, 19.08.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X5 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Dövlət Notariat kontoru və Abşeron rayon 1 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra şöbəsinə qarşı ”müqavilələrə xitam verilməsi və icra sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar