Məhkəmə qərarları › İş №2(005)-1648/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1648/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1648/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı və X2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X4 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş açıq hərracın yekunları barədə 7102 nömrəli, 13 dekabr 2022-ci il tarixli protokolun və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildə "xxxx" MMC ilə aralarında 05 iyun 2009-cu il tarixli, AZBA-001547 saylı kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 16 dekabr 2010-cu il və 24 iyul 2013cü il tarixli sazişlər razılaşdırılmış, qeyd olunan kredit müqaviləsinə əsasən 11 noyabr 2014-cü il tarixdə bağladıqları razılaşmaya uyğun olaraq illik 18% ödəmək şərtilə 36 aya 75000 ABŞ dolları pul götürmüşlər. Həmin müqaviləyə qədər isə onlar "xxxx" MMC-dən 250000 ABŞ dolları kredit götürmüşlər və vaxtlı-vaxtında faizlərlə birlikdə, ümumilikdə "xxxx" MMC-yə 400.000 ABŞ dolları ödəniş etmişlər. 11 noyabr 2014-cü il tarixinə az bir hissə borc qaldığından yenidən 75.000 ABŞ dolları kredit götürərkən qalıq kredit borcları tam silinmiş və onlara 49.300 ABŞ dolları verilmişdir. Bundan sonra onlar kredit öhdəliklərini vaxtlı-vaxtında icra etməklə 36.000 ABŞ dolları kredit ödəmişlər. Bundan sonra üzrlü səbəbdən gecikmələr olmuş və "xxxx" MMC bunlardan istifadə edərək məhkəmədə xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 51.012,51 ABŞ dolları əsas borc, 18339 ABŞ dolları faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehlər İddiaçıdan və Sevinc Həsənovadan tutularaq MMC-yə ödənilməsi barədə iddia qaldırmış, iddiası təmin olunmuş və qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında kassasiya icraatı zamanı barışıq sazişi imzalanmış nə məhkəmə tərəfindən 02 mart 2020ci il tarixli qərarla təsdiq edilmişdir. Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq göstərilən müddətlər ərzində olmasa da ümumilikdə pandemiya vaxtı tətbiq olunmuş məhdudiyyətlər istisna olaraq həmin məbləğlər ödənilmişdir. 2021-ci ilin dekabr ayından başlayaraq o və iki övladı iş yerlərini itirdikdən sonra ödənişdə çətinliklər yaranmış və barışıq sazişi üzrə öhdəliklərin lazımınca icrasında gecikmə yaranmışdır. Hazırda qeyd olunan çətinliklər aradan qaldırılmış və müqavilə üzrə öhdəliklərin icrası müqavilə müddəti bilənədək, yəni 28 fevral 2023-cü il tarixədək təmin ediləcəyi bildirilsə də, əsaslı hallar nəzərə almamış, konstitusion hüquqlarının pozulmasına səbəb olan qərar qəbul edərək icraya yönəldilmişdir. Bununla bağlı tərəflərindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmuş, lakin icra hərəkətləri dayandırılmamış və qısa müddətdə bir neçə hərrac keçirilmişdir və əmlak tələbkara satılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülkı Kollegiyasının 12 may 2022-ci il tarixli qərardadı onların konstitusion hüquqlarının pozulmasına səbəb olduğuna görə tərəflərindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması barədə teleqram vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumatlandırılmış, lakin nəzərə alınmamışdır. O və həyat yoldaşı bu səbəbdən qeyd olunan tarixdə hərracda iştirak edə bilməmişlər. Bundan sonra təkrar hərracın keçirilməsi barədə ona bildiriş göndərilmədiyinə görə hərracda iştirak edə bilmədiyindən 13 dekabr 2022-ci il tarixdə təkrar hərracın olması və nəticəsi barədə məlumatı olmamışdır. Belə ki, onun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrı-ayrı tarixlərdə göndərdikləri teleqram məlumatları nəzərə alınmamış, təkrar hərracın keçirilməsi göstərilərək, hərracın baş tutmaması səbəbindən əmlakın 25% endirimlə "xxxx" MMC-yə təklif olunması və bu barədə 13 dekabr 2022-ci il tarixli hərracın yekunlarına dair protokol tərtib olunduğu qeyd edilmişdir. Cavabdehin hərəkətləri mülkiyyətinin onların məlumatları olmadan gəlir əldə etməklə özgəninkiləşdirilməsinə xidmət etmiş və dolayısı ilə buna nail olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək təkrar hərrac barədə məlumatlandırılmadıqlarını, hərracın dayandırılması barədə ərizələrinin nəzərə alınmadığını bildirərək iddia tələbinin təmin edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı X4 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1211/2020 saylı qərarından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər İddiaçı və X4 arasında barışıq sazişi təsdiq edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1211/20 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X2 etdiyi ödənişlər nəzərə alınmaqla, 69136 ABŞ dolları borcun qaytarılmamış hissəsi və 5000 ABŞ dollarının iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə onlardan birgə qaydada tutulması, tutmanın ipoteka predmeti olan X3 məxsus olan, Daşınmaz əmlakın dövlət reyestrində 948 nömrəli reyestr kitabının 87930 nömrəli vərəqində qeydiyyata alınan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.38 kv.m, yaşayış sahəsi 76.18 kv.m olan 5 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin tərəflərin razılığı ilə 120000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracdan satılması və məcburi boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin cavabdehin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır; - Açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 90 saylı evin 18 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir; -“Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 18 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixində, saat 11:00-da açıq hərrac keçiriləcəyi elan edilmişdir; -"xxxx" MMC tərəfindən İddiaçı və X3 xx.xx.2022-ci il tarixində ünvanlanmış kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, bildirişlər Nizami rayonu, ünvan 2 ünvanına göndərilmiş və “Ərəstun H” tərəfindən imza atılaraq qəbul edilmişdir; - Açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 90 saylı evin 18 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir; -"xxxx" MMC tərəfindən İddiaçı və X3 xx.xx.2022-ci il tarixində ünvanlanmış kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, bildirişlər Nizami rayonu, ünvan 2 ünvanına göndərilmiş və “Sevinc Nəsirova” tərəfindən imza atılaraq qəbul edilmişdir; - "xxxx" MMC-nin rəsmi internet saytından çıxarışdan görünür ki, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 18 saylı mənzilinə dair hərracların keçirilməsi barədə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində elanlar yerləşdirilmişdir; - “Birja Yenilikləri” qəzetinin 15-22 noyabr 2022-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 18 saylı mənzilinə dair hərrac baş tutmamışdır; - İpoteka predmetinin əldə olunmasına dair "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli, 01/2526 saylı təklif məktubun surətindən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 76500 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; - Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 71/02 saylı protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 18 saylı mənzili 76500 manata tələbkar "xxxx" MMC tərəfindən əldə edilmişdir; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, İddiaçı və X1 şikayətləri icraata qəbul edilməmişdir. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1211/20 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 18 saylı mənzili 76500 manata ipoteka saxlayan "xxxx" MMC-yə satılmışdır. Hazırda iddiaçılar qeyd edilən hərrac barədə onlara lazımi qaydada məlumat verilmədiyinə, eləcə də mülki iş üzrə konstitusiya şikayəti vermələrinə və bununla bağlı hərracın dayandırılmasını xahiş etmələrinə baxmayaraq hərracın onların iştirakı olmadan davam etdirilməsinə istinad edərək onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Eyni Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1211/20 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərində iki hərrac keçirilmişdir. İlk hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022 tarixində bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və “Ərəstun H” soyadlı şəxsə (iddiaçıya) imza etdirməklə verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə “Birja yenilikləri” qəzetində və elektron portalda dərc olunmuşdur. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə, 102000 manata hərraca çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “Sevinc Nəsirova” tərəfindən imza edilməklə qəbul edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" MMC-yə (surətləri ipoteka qoyan İddiaçı və borclu X3) xx.xx.2022-ci il tarixində təklif göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 76500 manata almağı təklif etmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 90 saylı evin 18 saylı mənzilinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçılara göndərilmiş və həmin bildirişlər onlar tərəfindən qəbul edilmiş (birinci dəfə İddiaçı, təkrar hərrac zamanı həyat yoldaşı Sevinc Nəsirova tərəfindən), bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddiaçıların konstitusiya şikayəti vermələrinə baxmayaraq hərracın dayandırılmamasının qanunsuz olması dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Qanunun 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.5-ci maddəsinə görə iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək icraat dayandırılır. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, icra sənədi üzrə icra icraat Konstitusiya Məhkəməsinə verilmiş şikayət icraata qəbul olunduğu halda dayandırmalıdır. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu və ya şikayət, bir qayda olaraq, 30 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğu və ya şikayətin icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur. Hazırki iş üzrə isə iddiaçılar tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmiş, lakin Məhkəmənin icraatına qəbul edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən edilmiş icra sənədi üzrə icraatın dayandırılmasının məcburi əsasları mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, daşınmaz əşyanın satılması ilə bağlı keçirilmiş hərraclara dair bildirişlərin çatdırılmaması və konstitusiya şikayəti verildiyindən hərracın dayandırılmamasının qanunsuz olması barədə iddiaçıların dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçıların subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı və X2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X2 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar