Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1705/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, hazırki halda “hərracın keçirilməsinin dayandırılması” tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Beləliklə, məhkəmə məsələ ilə bağlı icra sənədinin olmasını, həmin sənədin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraya yönəldilməsini, həmin icra işinin icrasının dayandırılmasının müvafiq icra orqanının səlahiyyətinə aid olmasını nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Əlavə olaraq qeyd edirəm ki, iddiaçı icra məmurunun icraatın dayandırılması ilə bağlı hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müvafiq qaydada şikayətlə müraciət etməli olduğu halda müstəqil şəkildə iddia tələbi irəli sürmüşdür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın keçirilməsinin dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1705/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1705/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver