Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1758/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yerləşən fərdi yaşayış sahəsinin tikilməsi üçün ümumilikdə xərclənən 80.000 manat pul vəsaitindən 40000 manat pul vəsaitinin və 270 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-571/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçivani küçəsində yerləşən ünvanda fərdi yaşayış sahəsi tikərək, birgə təsərrüfat apararaq orada yaşamışdır. Həmin yaşayış sahəsi dövlət qeydiyyatına alınmamışdır. Bugünədək sözügedən yaşayış sahəsinin tikilməsi üçün birgə əmək hesabına 80.000 manat pul xərclənmişdir. Lakin cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, ciddi ünsiyyət problemləri yaşanmağa başlamışdır. Bu səbəbdən sözügedən fərdi yaşayış sahəsinin tikilməsi ilə bağlı xərclənən pul vəsaitinin yarı hissəsini cavabdehdən tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, birgə nikah dövründə olarkən onlar ev tikmişlər. Həmin ev də Buzovna qəsəbəsində yerləşir. O hazırda həmin evdə yaşayır. Qarşı tərəf isə onlarla yaşamır. Onun tələbi həmin evdən ona düşən payla bağlıdır. Evin tikilməsi üçün çəkilmiş 80000 manat məbləğində xərcin 40000 manatını kompensasiya olaraq tələb edir. O, bunu uşaqlarının gələcəyi üçün istəyir. Çünki qarşı tərəf yenidən ailə həyatı qura bilər və onlar həmin evdən paylarına düşən haqdan məhrum ola bilər. Evin sənədi yoxdur, özbaşına tikilidir. Torpağın isə bələdiyyə tərəfindən verilən sənədi var. O, evin bölünməsini istəmir, sadəcə onlara düşəcək payı tələb edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, onun kompensasiya ödəmək imkanı yoxdur. O, sürücü işləyir və boşandıqları gündən rayonda yaşayır. Qarşı tərəf evin satılaraq kompensasiya ödənilə biləcəyini bildirir. Lakin o, evin satılmasına qəti şəkildə narazıdır. Buna səbəb isə o evin 10 illik əziyyət hesabına tikilməsidir. 2009-cu ildə evin tikintisi başlayıb və təxmini 2019-cu ildən həmin evdə yaşamağa başlamışlar. Övladları yetkinlik yaşına çatdığı zaman o, evi onlara bağışlayacaq. Bununla bağlı notarial qaydada ərizə də verməyə hazırdır. Onların gələcəkləri üçün evin satılmasını istəmir. O, yenidən ailə həyatı qursa belə heç kim övladlarının haqqına girə bilməz. Həmin evdə yaşamaq, onlara hər hansı bir maneəçilik törətmək fikri yoxdur. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2008-ci il tarixində 1554 nömrəli aktla Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 boşanmadan sonra anası X1 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlu X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat pul məbləğində alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh X3 ödənilməsi qət edilmişdir; - Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 495036 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahlarına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasında barışıq olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah, xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən pozulmuşdur. Birgə nikahdan 2 övladları vardır. Birgə nikah dövründə tərəflər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış sahəsi tikmiş və həmin tikinti üçün təxminən 80000 manat məbləğində vəsait xərcləmişlər. Hazırda iddiaçı uşaqları ilə birlikdə həmin özbaşına tikilidə yaşayır. İddiaçı özünə ayrıca mənzil almaq məqsədilə birgə nikah dövründə inşa edilmiş tikiliyə çəkdikləri xərcin yarısını, 40000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə imkanı olmadığını, evdə yaşamalarına maneəçilik törətmədiyini, həmin evi oğluna bağışlayacağını bildirərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən, ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinə uyğun olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s), ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1, 36.3 və 37.1-ci maddələrinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Hazırki mülki iş materiallarından və tərəflərin izahatından görünür ki, mübahisələndirilən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 4.11-ci bəndində qeyd edilir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Həmin Qərarın 4.12-ci bəndinə əsasən, özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Hazırkı halda mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikinti olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və tərəflərin həmin ev üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Bu səbəbdən də həmin evin ərarvadın ümumi əmlakı kimi bölünməsi mümkün deyildir. Lakin mübahisələndirilən ev fiziki obyekt olaraq özündə əməyin və xərcin nəticəsini ifadə edən maddi dəyərə malikdir və ev iddiaçının faktiki sahibliyindədir. Hazırda iddiaçı öz övladları ilə birlikdə mübahisə predmeti olan evdə cavabdehdən ayrı yaşayır. Onun həmin evdən istifadə etməsinə hər hansı bir maneəçilik yoxdur. Onun tələbi xərclənən vəsaitin geri qaytarılması olsa da, bununla bağlı artıq formalaşmış məhkəmə təcrübəsinə görə, iddiaçı həmin özbaşına tikintinin faydalı xassələrindən istifadə etməkdən məhrum olduğu hallarda müvafiq iddia tələbi əsaslı ola bilər. Mövcud halda isə iddiaçının qeyd edilən yaşayış evində cavabdehdən ayrı şəkildə övladları ilə birlikdə sərbəst yaşaması və hər hansı maneənin olmaması hər iki tərəfin izahatları ilə təsdiq olunur və bu hal iddiaçının özbaşına tikintinin faydalı xassələrindən istifadə etməkdən məhrum olmadığına dəlalət edir. Məhkəmə iddiaçının qarşı tərəfin yenidən ailə həyatı qura biləcəyi və onların həmin evdən paylarına düşən haqdan məhrum ola biləcəyi dəlili ilə bağlı qeyd edir ki, bu, yalnız ehtimal olunan gələcək bir vəziyyətdir və mövcud hüquqi vəziyyətə və faktiki şəraitə əsaslanaraq belə bir iddianın təmin edilməsi qanunun tələblərinə ziddir. Gələcəkdə iddiaçı obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanından məhrum olarsa müvafiq iddia qaldırmaq hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1758/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1758/2025
11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver