Məhkəmə qərarları › İş №2(005)-1829/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1829/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1829/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Maraqlı şəxs adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə təyin olunmuş xx.xx.2023 saylı hərracın keçirilməsinə aid protokolun etibarsız sayılması və bazar qiymətinə uyğun olaraq yenidən hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göründüyü kimi iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara daha əvvəl məhkəmə tərəfindən hüquqi qiymət verilərək qərardadlar qəbul edilmiş və həmin qərardadlar qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq, iddiaçı eyniməzmunlu iddia tələbi irəli sürməkdə davam edir. Eyni zamanda bu müddət ərzində iddiaçı tərəfindən məhkəmənin müvafiq qərarı mübahisələndirilməmiş, çıxarılmış qərardan qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarı instansiya məhkəmələrinə şikayətlə müraciət edilməmişdir. İddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1245/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(005)-1531/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən İddiaçı cavabdeh Tovuz rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardadlarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddianın predmetini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracın etibarsız hesab edilməsi təşkil edir. İddia ərizəsinə əlavə edilmiş Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01/1737 saylı bildirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixə təkrar hərrac təyin edilmişdir. Qeyd edirəm ki, hazırkı iddia üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Qeyd edilən halda hərracın yekunları barədə protokol hüquqi nəticə yaradır. Lakin göründüyü kimi hazırda iddiaçı hərracın yekunları barədə protokolu mübahisələndirmir, ümumiyyətlə hərracın yekunlaşıb-yekunlaşmadığı barədə məhkəmədə məlumat mövcud deyil. Qeyd olunan bildirişlə iddiaçıya hərracın keçiriləcəyi barədə məlumat verilmişdir. Həmin məlumatın olması hələ o demək deyildir ki, hərracla bağlı yekun protokol çıxarılmışdır. Üstəlik də iddiaçı əmlakın ilkin satış qiymətini mübahisələndirir, belə olanda iddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbini irəli sürməklə, hərracın yekunları barədə protokolu da mübahisələndirməsi daha doğru olardı. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd olunanların kontekstində hazırkı iddianın müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən digər nöqsanlara da yol vermişdir. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. “X1” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azad olmaya dair hər hansı bir sənəd əlavə edilməmişdir. İddiaçının nəzərinə çatdırılır ki, məhkəmənin qərardadlarında əks olunmuş mövqeyə əməl olunmadan ərizələr verilməsi davam etdirildiyi təqdirdə MPM-nin 120-ci maddəsinə əsasən cərimələnə bilər. Həmin maddənin tələbinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (Maraqlı şəxs qismində cəlb edilməklə) “hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar