Məhkəmə qərarları › İş №2(005)-1841/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1841/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1841/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “paylı mülkiyyətdə olan qarajın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qarajın (maşın yerinin) dəyərinin ½ hissəsinin, yəni 20000 (iyirmi min) manatın onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 25 oktyabr 2007-ci il tarixdə rəsmi nikah bağlamışdır. Üç övladları var: 31 avqust 2004-ci il təvəllüdlü qızları X4 və iki oğlu: 25 iyun 2008-ci il təvəllüdlü X7 və 20 mart 2010-cu il təvəllüdlü X8. 15 fevral 2017-cı il tarixdə o və cavabdeh aralarında Nikah müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmetinə bu bənddə göstərilənlərdən başqa ünvan 2 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qaraj (maşın yeri) də aiddir və ər-arvad kimi əmlaklara, sahələrə bərabər pay hüquqları vardır. Nikah müqaviləsinin bağlanmasının təşəbbüskarı Cavabdeh olsa da, sonradan o, həmin müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qararı ilə onun şikayəti təmin edilməyərək nikah müqaviləsi dəyişdirilmədən saxlanmışdır. Qeyd edilənlərə əsasən o, qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin qaraj üçün verilməsi haqqında iddia ərizəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh söz vermişdir ki, qarajda olan payına görə hər ay ona 50 manat ödəyəcək və məhkəmədən iddia ərizəsinə mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. O, cavabdehin sözünə inanmış və təklif etdiyi şərtlə razılaşmışdır. Məhkəmənin 11.12.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad qəbul edildikdən sonra Cavabdeh bir neçə dəfə ona 50 manat ödəsə də, sonradan ödəmələri kəsmişdir. Könüllü üzərinə götürdüyü öhdəliyin icra etməməsinin səbəbi ona bəlli deyildir. 2020-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, ünvan 1 ünvandakı 137 saylı mənzili və bu binanın altında yerləşən maşın yeri (qaraj) Cavabdeh tərəfindən satılmışdır. Bunu elə cavabdehin özü bildirmişdir. Bu məlumatı aldıqdan sonra o, şikayətlə məhkəməyə müraciət edərək məhkəmənin 11.12.2019-cu il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27.01.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin olunmayaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, onun hüquqları pozulmuşdur. Cavabdeh könüllü olaraq 15 fevral 2017-cı il tarixdə onunla bağladığı Nikah müqaviləsində qeyd etmişdir ki, müqavilədə göstərilən əmlakın ½-i ona məxsusdur. Göstərilən əmlakın arasında qaraj da (maşın yeri) vardır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh qarajı (maşın yerini) 40000 (qırx min) manata satmışdır. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək, iddia tələbində qeyd edilən qarajın mövcud olmadığını, sadəcə əvvəllər mülkiyətində ünvan 1 ünvanda mənzil olduğunu və bununla bağlı istifadəsində binanın altında maşın yeri olduğunu və həmin ev satıldığından maşın yerinin artıq onun istifadəsində olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 15.02.2017-ci il tarixli nikah müqaviləsindən görünür ki, digər əmlaklarla yanaşı, ünvan 2 ünvanda yerləşən mənzilə, qeyri-yaşayış sahəsinə və ünvan 1 ünvanda binanın altında yerləşən qaraja (maşın yerinə) onların bərabər pay hüquqları vardır. İş materiallarında olan “xxxx” MTK-ya ünvanlanmış sorğunun cavabından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç. ev 4 A yaşayış binasının altında X5 aid qaraj payı yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, X9 ilə İddiaçı qızı 25.10.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. 15 fevral 2017-cı il tarixdə onlar arasında Nikah müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmetinə eyni zamanda, ünvan 2 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qaraj (maşın yeri) də aiddir və ər-arvad kimi əmlaklara, sahələrə bərabər pay hüquqları vardır. İddiaçı sözügedən müqavilənin şərtlərinə əsaslanaraq həmin əmlakın cavabdeh tərəfindən 40000 manata özgəninkiləşdirildiyini, bu səbədən də əmlakın satışından əldə olunmuş vəsaitin ½ hissəsinin, yəni 20000 (iyirmi min) manatın onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, həqiqətən də cavabdeh X3 adına ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi (maşın yerinin) pay haqqının ödənilib-ödənilmədiyi (alqı-satqısı, pay haqqının ödənildiyi tarix və s.) barədə müvafiq sorğu verilmiş, lakin cavabdeh X3 adına ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qarajın (maşın yerinin) mövcud olması müəyyən olunmamışdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın əsasını nikah müqaviləsinə əsasən paylı mülkiyyətdə olması barədə əldə olunmuş razılıq səbəbində həmin əmlakın satışından əldə olunmuş vəsaitin yarısının iddiaçıya ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3.). 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.5-ci maddəsinə görə məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s) bölünmür və əvəzi ödənimədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə də bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflərin arasında nikah müqaviləsi olmuşdur. Lakin məhkəmə baxışı zamanı nikah müqaviləsində qeyd edilən və hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qarajın (maşın yerinin) mövcud olması, onun hansı tarixdə və hansı məbləğə satılması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə ki, hazırkı mübahisə üzrə cavabdeh X3 adına ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qarajın (maşın yerinin) cavabdeh tərəfindən özgəninkiləşdirilməsi, habelə həmin əmlakın 40 000 manata cavabdeh tərəfindən satılması mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qızının cavabdeh X5 qarşı “paylı mülkiyyətdə olan qarajın dəyərinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının cavabdeh X5 qarşı “paylı mülkiyyətdə olan qarajın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar