Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1841/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 30 iyun 2021-ci il tarixli "su filtrlərinin satış müqaviləsi"nin ləğv edilməsi, Cavabdeh əsas borc üzrə 900 (doqquz yüz) manat cərimə üzrə 220,44 (iki yüz iyirmi manat 44 qəpik) manat və ödənilmiş 31,21 (otuz bir manat 21 qəpik) manat dövlət rüsumunun, cəmi 1151,65 manat (min yüz əlli bir manat 65 qəpik) pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X2 arasında imzalanmış 30 iyun 2021-ci il tarixli "su filtrlərinin satış müqaviləsi"nə əsasən sizə "Qorxmazoğlu su" markalı su filtri 990 manata satılaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin məbləği 15 ay müddətinə, ayda 66 manat olmaqla 25 sentyabr 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun şəkildə, yerinə yetirərək müqavilənin predmeti olan su filtrini tam istifadəyə yaralı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməyərək, 09 sentyabr 2021-ci il tarixdə 90 manat ödəniş etmiş, yerdə qalan 900 (doqquz yüz) manat pul vəsaitini bu günə kimi ödəməmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış "Su filtrlərinin satış" müqaviləsinin 2.5-ci maddəsinə əsasən alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2 % məbləğində penya əlavə edir. Hesab edirik ki, sonuncu ödəniş günündən, yəni xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə, yəni 23.02.2l)22-ci il tarixə kimi 220,44 manat (iki yüz iyirmi manat 44 qəpik) (66 x 2%=1.32 manat x 167 gün-220,44) məbləğində cərimə məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitmədiyini, lakin cavabdehin müqavilə üzər üzərinə düşən öhdəliklərə əməl etmədiyini nəzərə alaraq tərəfimizdən müqavilənin ləğv edilməsi və 900 manat pul məbləğinin tam şəkildə ödənilməsi barədə cavabdehə bildiriş göndərilmiş, bildiriş cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq borc məbləğini ödəməkdən yayınmışdır. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, əsas borcu ödəməyə razı oldğunu, lakin ödənişləri həyata keçirmək üçün maddi imkanı olmadığını, ona hissə-hissə ödəmək üçün imkan yaradılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Fiziki şəxs " İddiaçı" (“Qorxmazoğlu su" Təmizləmə Texnologiyaları) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "su filtrlərinin satış müqaviləsi”nə əsasən Cavabdeh "Qorxmazoğlu su filtrləri”ndən dəyəri 990 manat olan mal almış və 15 ay müddətinə ayda 66 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən müqavilə üzrə öhdəliyini 5 gün müddətində yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Fiziki şəxs " İddiaçı" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "su filtrlərinin satış müqavilə”sinə əsasən Cavabdeh Fiziki şəxs " İddiaçı" dan dəyəri 990 manat malı 15 ay müddətinə hər ay 66 manat aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 2.5-ci bəndi). İddiaçı Cavabdeh tərəfindən nəticədə ona 900 (doqquz yüz) manat cərimə üzrə 220,44 (iki yüz iyirmi manat 44 qəpik) manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Cavabdeh tərəfindən hər hansı məbləğdə borcun ödənilməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə 5 gün ərzində yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 31.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış "su filtrlərinin satış müqaviləsi"nə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 900 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 220.44 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 220.44 manat məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 20 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 900 manat məbləğində əsas borcu, 20 manat cərimə borcu, cəmi 920 manat məbləğində pul, habelə 31,21 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Fiziki şəxs " İddiaçı" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “su filtrlərinin satış müqaviləsi” ləğv edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində əsas borc, 20 (iyirmi) manat cərimə borcu, cəmi 920 (doqquz yüz iyirmi) manat və ödənilmiş 31.21 (otuz bir manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1841/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1841/2022
07.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver