Məhkəmə qərarları › İş №2(005)-1845/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1845/2021

07.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1845/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən 8660 manat borcun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 18 mart 2019-cu il tarixdə Akkord tikinti qrupu ilə müqavilə bağlayaraq Qazax rayonunda həyata keçirilən kanalizasiya çəkilişi ilə əlaqədar işləməyə başlamışdır. Müqavilə üzrə əmək haqqı miqdarı 2000 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən də iddiaçının etibarnamə ilə idarə etdiyi ** BE *** yük maşını və yarım qoşqu ilə həmin şirkətdə sürücü kimi işləyir. İlk vaxtlarda cavabdeh iddiaçının əmək haqqını vaxtında ödəsə də, artıq ayrı-ayrı aylar üzrə əmək haqqını ödəmir. İşlədiyi dövrdə 5 ay (dekabr, aprel, may, sentyabr, oktyabr) 8600 manat əmək haqqı verilməmişdir. Ona görə hesab edir ki, məhkəmə qaydasında iddiaçının əmək haqqı alınıb verilə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı sonradan 12.04.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl cavabdehlə, yəni Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı 31.05.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən 7600 manat borcun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir. Cavabdeh 19.08.2021-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən hissəsi tərəflər arasında 18.03.2019-cu il tarixli, HX 012/0319 nömrəli Xidmət müqaviləsi (bundan sonra “Müqavilə” adlanacaq) bağlanılmasıdır. Tərəflər müqavilə azadlığına uyğun olaraq öz iradə ifadələrini həmin müqavilə üzrə bəyan etmiş və göstəriləcək xidmətin şərtlərini müəyyən etmişlər. Belə ki, qeyd edilən Müqavilənin 1.1 -ci bəndində əsasən, İcraçı istifadəsində olan texnikaları Şifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi və Sifarişçi isə göstərdiyi xidmət müqabilində xidmət haqqını İcraçıya ödəməyi öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən, hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “Xidmətlərin təhviltəslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən, “Xidmətlərin təhvil-təslim aktı” imzalanıb, möhürləndikdən sonra 7 (yeddi) iş günü ərzində İcraçı Sifarişçiyə əvvəlki ay üçün hesab-faktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra İcraçıya ödəniş edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə işlərin görülməsi və ödənilməsi şərtləri ətraflı şəkildə qeyd edilmiş, lakin məhkəmə prosesi zamanı iddiaçı tərəfindən bu qeyd olunan sənədlərdən heç biri təqdim edilməmiş, sonuncu məhkəmə prosesində iştirakı zamanı həmin sənədləri təqdim edəcəyini bildirmiş, lakin bundan sonra məhkəmə prosesinə gəlməkdən yayınmışdır. Bu bir daha təsdiq edir ki, İddiaçının tələbi tam əsassızdır. Məhkəməyə yeganə sübut kimi təqdim etdiyi cədvəl ümumiyyətlə anlaşılan deyildir. Belə ki, cədvəlin tərtib edilmə yeri və tarixi göstərilməmiş, eyni zamanda həmin sənəd şirkətin direktoru tərəfindən imzalanmamışdır. Halbuki tərəflər arasında bağlanılan adıçəkilən müqavilə məhz şirkətin rəhbərliyi ilə iddiaçı arasında imzalanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərin təhvil təsliminə dair sənəd də, ya şirkətin direktoru və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmalıdır. Məhkəməyə sübut kimi təqdim edilən həmin cədvəli imzalayan şəxsin buna səlahiyyəti olub-olmaması da ayrıca mübahisəlidir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirərək, tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış 18.03.2019-cu il tarixli, HX 012/0319 nömrəli Xidmət müqaviləsindən müəyyən olunur ki, tərəflər müqavilə azadlığına uyğun olaraq öz iradə ifadələrini həmin müqavilə üzrə bəyan etmiş və göstəriləcək xidmətin şərtlərini müəyyən etmişlər. Belə ki, qeyd edilən Müqavilənin 1.1 -ci bəndində əsasən, İcraçı istifadəsində olan texnikaları Şifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi və Sifarişçi isə göstərdiyi xidmət müqabilində xidmət haqqını İcraçıya ödəməyi öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən, hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “Xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. Həmin Müqavilənin 2.4-cü maddəsinə əsasən, “Xidmətlərin təhvil-təslim aktı” imzalanıb, möhürləndikdən sonra 7 (yeddi) iş günü ərzində İcraçı Sifarişçiyə əvvəlki ay üçün hesabfaktura tərtib edir. Sifarişçi həmin sənədi qəbul etdikdən sonra İcraçıya ödəniş edir.2.1-ci bəndinə əsasən müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 2000 manat təşkil edir. İş materiallarında olan və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət-nin Qazax layihəsinin rəhbəri X4 tərəfindən təsdiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət-nin Qazax layihəsində xidmət göstərən İddiaçı xidmət göstərdiyi günlər və hesablanmış xidmət haqlarına dair çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən müəyyən olunur ki, cavabdeh tərəfindən 2019-cu ilin dekabr ayı, 2020-ci ilin aprel,may, sentyabr və oktyabr ayları üçün əmək haqqı ödənişləri, ümumilikdə 8600,43 manat məbləğində verilməmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 18.03.2019cu il tarixli, HX 012/0319 nömrəli Xidmət müqaviləsi (bundan sonra “Müqavilə” adlanacaq) bağlanmışdır. Tərəflər müqavilə azadlığına uyğun olaraq öz iradə ifadələrini həmin müqavilə üzrə bəyan etmiş və göstəriləcək xidmətin şərtlərini müəyyən etmişlər. İddiaçı işlədiyi dövrdə 5 ay (dekabr, aprel, may, sentyabr, oktyabr) üçün əmək haqqının verilmədiyini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 446.1-ci maddəsinə əsasən Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 446.2-ci maddəsinə əsasən Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Həmin Məcəllənin 446.4-cü maddəsinə əsasən Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 782-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya cavabdeh tərəfindən 2019-cu ilin dekabr ayı, 2020-ci ilin aprel, may, sentyabr, oktyabr ayları üçün əmək haqqının ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia təmin edilməli, Cavabdehndən 7600 manat ödənilməmiş əmək haqqı alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 18.03.2019-cu il tarixli, HX 012/0319 nömrəli Xidmət müqaviləsi üzrə əmək haqqları üzrə ümumilikdə 7600 (yeddi min altı yüz) manat məbləğində pul Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar