Məhkəmə qərarları › İş №2(005)-1851/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1851/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1851/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nikaha daxil olanadək hədiyyə şəklində iddiaçıya verilən və iddiaçıya məxsus olan dəyəri 5000 (beş min) manatlıq qızılzinət əşyalarının dəyərinin ondan alınaraq iddiaçıya verilməsi, azyaşlı övladı xx.xx.2019cu il təvəllüdlü oğlu X4 ilə birgə yaşadıqları Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36 saylı evin 9 saylı mənzilinə köçürülməyi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-73/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə birgə nikahından doğulan X2 onun himayəsində saxlanılması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 73/2023 saylı qətnaməsi ilə qərara alınmışdır. Bildirilir ki, nikaha daxil olanadək Cavabdeh qardaşı X3 iddiaçıya hədiyyə etdiyi, qiyməti 5000 (beş min) manata olan qızıl və briliantdan hazırlanmış üzük, sırğa və boyunbağı dəstini keçmiş həyat yoldaşı Cavabdeh qaynatası Yusif Ələkbərovla birgə onun razılığı olmadan satmış, iddiaçıya bəlli olmayan pis vərdişləri üçün xərcləmişdirlər. Qeyd edilən qızıl-zinət əşyalarının görüntüsünə aid 2 ədəd fotoşəkil ərizəyə əlavə olunur. İddiaçıya aid olan qızıl-zinət əşyalarını dəfələrlə tələb etsə də, cavabdehin və atası Yusif Ələkbərovun imtinası ilə qarşılanır. Həmin qızıl-zinət əşyaları iddiaçının əmlakı hesab olunur və məhkəmədən həmin qızıl-zinət əşyalarının dəyərinin Cavabdeh alınıb iddiaçıya verilməsini tələb edir. Cavabdeh və birgə nikahından doğulan X4 ilə birgə cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36, mənzil 9 saylı evin 2-ci mərtəbəsində 3 otaqlı mənzildə yaşamışlar (53 saylı MKİS-in arayışı ərizəyə əlavə olunur). Mənzilə dair 4 ədəd fotoşəkil ərizəyə əlavə olunur. Keçmiş qayınatası Yusif Ələkbərovun və keçmiş həyat yoldaşı Cavabdeh iddiaçıya olan təklifini nikahdan boşanmış qızı Aynur Ələkbərovanın uşaqlarının saxlanması təklifini bəyənmədi. Sonradan aralarındakı narazılıqlar get-gedə şiddətləndi, ailə üzvlərinin iddiaçı ilə mənfi rəftarlarını görüb oğlu Yusiflə birgə atasının evində yaşamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1248/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair hissəsi hazırki qeydiyyat nömrəsində saxlanılması, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının dəyərinin qaytarılması” tələbinə dair hissəsinin isə ayrıca icraata ayrılmaqla baxılması, işə yeni qeydiyyat nömrəsinin verilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh nikaha daxil olanadək hədiyyə şəklində ona verilən və iddiaçıya məxsus olan hazırda dəyəri 7150 manatlıq qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılmasına dair mülki iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri verilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş və müvafiq rəy məhkəməyə təqdim edilmişdir. Qeyd edilir ki, iddia tələbi ilə razı deyil və hesab edir ki, iddia tələbi əsassız və qanunsuzdur. İlkin olaraq məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı cavabdeh ilə nikaha daxil olduqdan sonra “Kral” şadlıq evinin yanındakı “Azərilmə” şirkəti ilə üzbəüz yeni hündürmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yaşamışlar. Cavabdehin anası 2020-ci ilin sonlarında vəfat etmişdir və cavabdeh Mehdiabad qəsəbəsində yas mərasiminə başı qarışdığı vaxt iddiaçı atası ilə birlikdə cavabdehə məlum olmayan səbəblərdən iddiaçının özünə, habelə cavabdehə məxsus şəxsi əşyaları da götürərək evdən çıxmışlar. İddiaçı cavabdehə məxsus olan “Rolex” markalı qol saatını, həmçinin şəxsi istifadəsində olan digər əşyalarını, geyimlərini də götürmüşdür. Qeyd edilir ki, iddiaçı evi tərk edərkən cavabdeh evdə olmamışdır, yəni iddiaçı hər hansı təzyiqə, şiddətə məruz qalmadan evi könüllü şəkildə tərk etmişdir. İş materiallarına nəzər yetirəndə aydın görmək olur ki, iddia tələbində qeyd edilən qızıl-zinət dəstinin nəinki cavabdehdə olması, ümumiyyətlə mövcud olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsinə əlavə edilən şəkillərin hansı tarixdə çəkilməsi, şəkildə iddiaçının özünün olubolmaması sual doğurur. Habelə tərəflər 2022-ci ildə rəsmi olaraq ayrılsalar da, iddiaçının qızılları uzun müddət keçəndən sonra tələb etməsi də şübhə doğuran hallardandır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 9/4509 saylı ekspert rəyinə əsasən, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7150,00 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi qızılların mövcudluğu, nikaha daxil olanadək ona mənsubluğu və hədiyyə edildiyi, həmçinin tələb olunan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən satılması və sonradan əşyaların iddiaçıya qaytarılacağı barədə vəd verməsi sübuta yetirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı bildirir ki, nikahdan əvvəl ona qiyməti 5000 (beş min) manata olan qızıl və brilliantdan hazırlanmış üzük, sırğa və boyunbağı dəstini hədiyyə vermişlər. Cavabdeh İddiaçı ilə nikahları pozulduqdan sonra, nikahdan əvvəl iddiaçıya hədiyyə edildiyini iddia etdiyi qızıl-zinət əşyalarının cavabdeh tərəfindən satıldığını iddia etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində adı çəkilən qızıl-zinət əşyalarının cavabdehdə olmadığını, ümumiyyətlə həmin əşyaların mövcud olmadığını qeyd etmişdir. Məhkəmə ilk öncə iddia tələbi üzrə qızıl-zinət əşyalarının dəyərinin qaytarılması ilə bağlı qeyd edir ki, bu növ mübahisələrdə tələb olunan qızıl-zinət əşyalarının əvvəllər mövcudluğu, onun iddiaçıya mənsubluğu və hədiyyə edilməsi sübuta yetirilməlidir. Bu baxımdan işin mübahisələndirlilən halı əvvəla ondan ibarətdir ki, 1 dəst qızıl və brilliantdan hazırlanmış üzük, sırğa və boyunbağı 750 əyar, 65 qram olan əşyalar iddiaçıya hədiyyə olaraq alınmışdır, 2-ci məsələ iddiaçıya məxsus olan qızıl-zinət əşyaları cavabdeh tərəfindən satılmışdır. Üçüncü məsələ mübahisəli məsələ həmin əşyaların satışından əldə edilmiş pul vəsaiti cavabdehin pis vərdişləri üçün xərclənmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı qeyd olunan qızıl-zinət əşyalarının nikaha daxil olarkən hədiyyə olaraq alındığını, nikah dövründə cavabdeh tərəfindən pis vərdişləri üçün satılaraq xərcləndiyini qeyd etdiyindən bu halları sübut etmə öhdəliyini daşıdığı halda, qızıl-zinət əşyalarının iddia etdiyi kimi cavabdehin pis vərdişlərinə görə satılması barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının qeyd etdiyi qızıl-zinət əşyalarının cavabdehin pis vərdişlərinə görə sonuncu tərəfindən satılması barədə sübut etmə yükü iddiaçıda olmuşdur. Göründüyü kimi, iddiaçı iddia tələbində formal dəlil irəli sürməklə, öz vəzifəsini icra etmiş hesab etmiş, lakin iddia ərizəsində göstərilən əşyaların cavabdehin pis vərdişləri üçün satılmasını mötəbər sübutlarla təsdiq etməmişdir. Məhkəmə qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü dəyərini tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun, o cümlədən də cavabdehin pis vərdişləri üçün satıldığının sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların onun tərəfindən pis vərdişlərinə görə satılmadığının, ailənin ümumi xərcləri və s. üçün satıldığını yaxud da iddiaçı tərəfindən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya hədiyyə verilməsini inkar etdiyi qızıl-zinət əşyalarının mövcud olmadığını bildirsə də, iddiaçı dəyərini tələb etdiyi əşyaların mövcudluğu barədə sübutetmə yükü ilə bağlı öz vəzifəsini tam icra etməmiş və bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə işin faktiki halları ilə iddiaçı ona məxsus qızıl-zinət əşyalarının cavabdeh tərəfindən pis vərdişləri yaxud öz xərcləri üçün satıldığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının tələbləri əsassızdır və o qızıl-zinət əşyalarının dəyərinin qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı tutulmalı, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının dəyərinin qaytarılması” tələbinə dair iddia tələbi məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının dəyərinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar