Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1898/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “torpaq sahəsinin ipoteka ilə yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində yüklülüyün götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə mərhum həyat yoldaşının L.Əliyevin direktoru olduğu "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsinə əsasən adıçəkilən cəmiyyətə 150.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi digər daşınmaz əmlaklarla yanaşı mərhum həyat yoldaşının E.Əliyevin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. "Kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi" tələbinə dair cavabdeh "xxxx" ASC-nin iddia ərizəsi Mingəçevir Şəhər Məhkəməsinin 2(0xxxx/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 881/2016 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmədən, həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6161/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş, mübahisəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-284/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-284/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti həmin məhkəmənin 2(107)- 284/2018 saylı 29.05 2018-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Adıçəkilən 2(107)-284/2018 saylı xx.xx.2018-ci il tarixli qərardaddan cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5402 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş və beləliklə "xxxx" ASC-nin yuxarıda qeyd olunan "kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi" tələbinə dair iddia ərizəsinin rədd olunmasına dair Mingəçevir şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd olunan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə kredit müqaviləsi üzrə hansı məbləğdə kreditin verilməsi, ümumiyyətlə müqavilədə nəzərdə tutulan kreditin tam, yaxud qismən verilməsi, həqiqətən kredit müqaviləsi üzrə ödənilməmiş borcun qalması öz təsdiqini tapmır. Odur ki, həmin mübahisə üzrə iddiaçı olan "xxxx" ASC-nin tələbi əsassız olduğundan təmin edilməmişdir. Cavabdeh "xxxx" ASC-nin iddia tələbinin təmin edilməməsinə baxmayaraq, kredit müqaviləsi bağlanan zaman verilmiş kreditin təminati kimi ipoteka qoyulmuş digər daşınmaz əmlaklar kimi mərhum həyat yoldaşı E.Əliyevin mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi hələdə ipoteka ilə cavabdehin xeyrinə yüklü olaraq qalmış və nəticədə bir vərəsə kimi əmlak hüquqları pozulmuşdur. Sözügedən kredit işində həyat yoldaşının mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı X6 mülkiyyətinə olan mənzil də ipoteka ilə yüklü edilmişdir. Bir müddət bundan əvvəl Ü.Atəşi ipoteka ilə yüklü edilmiş mənzilinə dair onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair məhkəmədə iddia qaldırmış və Nərimanov rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq aktları ilə onun iddia tələbi təmin olunaraq sözügedən kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı kimi yüklü edilmiş ipoteka predmeti olan mənzili yüklülükdən azad edilmişdir. İstinad olunan məhkəmə aktları, habelə cavabdeh "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli 90 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Ü.Atəşiyə məxsus xüsusi mənzilin məhkəmə qətnaməsi əsasında yüklülükdən azad edilməsi əsas verir ki, həmin kredit müqaviləsi üzrə yüklü edilmiş digər daşınmaz əmlak - mərhum həyat yoldaşı E.Əliyevin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərindən də yüklülük götürülsün. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ipoteka qoyulmasına əsas olmuş kredit müqaviləsi üzrə hər hansı öhdəlik hazırda mövcud deyil. Belə olan halda mövcud olmayan öhdəliyə görc xüsusi mülkiyyətdə olan əmlak üzərində yüklülüyün qalması mülki qanunvericiliyin mahiyyətinə uyğun deyil. Sözügedən əmlak üzərində yüklülüyün heç bir əsas olmadan qalması iddiaçının əmlak hüquqlarının pozuntusu kimi qəbul edilməldir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianı təmin etməyi xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1991-ci il tarixli, 399237 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X7 ilə X11 arasında xx.xx.1991ci il tarixdə nikah bağlanmış, 232 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 362514 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə, X8, X4 qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər Cavabdeh ASC-yə, "xxxx" MMC-yə və X8 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddia ərizələri rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2017 saylı, 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən iddiaçı Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-15/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, 30.05 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən X9 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsini və X10 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 42,40 m2 olan fərdi yaşayış evini kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC-nin qarşısında yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5402/18 saylı, 20 avqust 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2017-ci il tarixli, 2(102)-6161/17 saylı qərarı ilə iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-881/2017 nömrəli iş üzrə 20 aprel 2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10060/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ASC ilə X12 arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrimdən verilmiş Seriya MH ******* №-li Çıxarışın ləğv edilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10060/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3102/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3102/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 45.64 kv. m. olan mənzil ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1425/22 saylı, 14 mart 2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 10060/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ASCnin Mingəçevir filialı ilə "xxxx" MMC-nin direktoru X9 arasında xx.xx.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, X5 Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə un və un məmulatlarının istehsalı və yeni tipli un dəyirmanının tikintisi məqsədi ilə 60 ay müddətinə, illik 7 % olmaqla 150000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixdə və xx.xx.2007-ci il tarixində ipoteka müqavilələri bağlanaraq, X4 tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsində yerləşən 27 saylı yaşayış binası, X5 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 6 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və X13ma tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Nizami küçəsi bina 5 mənzil 42 ipoteka ilə yüklənmişdir. Bunlardan əlavə verilmiş kreditin təminatı kimi 30 may 2007-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Borcun tutulması barədə bankın tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğundan, ipoteka predmetinin yüklü vəziyyətdə qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu pozuntu əmlakın yüklülükdən azad edilməsinə imkan verən qanunun tələblərinə əsasən aradan qaldırılmalıdır. Məhkəmə qanuni əsas kimi istinad etdiyi “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə hesab etmişdir ki, borcun tutulması barədə bankın tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğundan, ipoteka predmetinin yüklü vəziyyətdə qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu pozuntu müqavilənin etibarsız sayılması ilə deyil, əmlakın yüklülükdən azad edilməsinə imkan verən və qanunun tələblərinə uyğun əsaslandırılmış tələblə aradan qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqların əsas təminat vasitələrindən biri məhkəmələr tərəfindən həyata keçirilən ədalət mühakiməsidir. Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125 və 127-ci maddələrinin məzmununa görə belə təminat şəxsin məhkəməyə müraciət hüququnun təmin edilməsi və onun işinə baxılması ilə məhdudlaşmır, həmçinin, məhkəmə baxışının qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna uyğun olaraq, o cümlədən, müvafiq məhkəmə icraatının qanunla müəyyən edilmiş hədləri çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1425/22 saylı, 14 mart 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş faktlar aşkardır, onların mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı əri - X2 mülkiyyətdə olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1898/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1898/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver