Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1930/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-nə qarşı əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-nə qarşı əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMCnin tərtib etdiyi 03.02.2021-ci il tarixli 49 saylı hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-487/2016 saylı 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin "xxxx" ASC-nə və X4 qarşı “Kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə” dair iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdehlər "xxxx" ASC-dən və X3 müştərək qaydada 320.334 ABŞ dolları 27 sent məbləğində əsas borc, 256.469 ABŞ dolları 33 sent məbləğində faiz borcu və 500 ABŞ dolları cərimə borcu, cəmi 577.303 ABŞ dolları 61 sent ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 2(103)-1873/2018 saylı 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-487/2016 saylı 20 oktyabr 2016-cı il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmişdir. Faiz borcunun məbləği 180.771,66 ABŞ dolları müəyyən edilərək, faiz və cərimə borcunun cəmi 501.605,93 ABŞ dolları olması qərara alınmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.İddiaçı bildirir ki, "xxxx" ASC-də hal-hazırda 76 nəfər şəxs daimi işləyərək əmək haqqı alır və əvvələr Müəssisənin 35 nəfər işçisi əmək fəaliyyəti nəticəsində xəsarət aldıqlarına görə ASC-nin hesabından hər ay müavinət ödənilir.Cavabdeh MMC-nin Hesabatında göstərilən 56 adda əmlaklar (avadanlıq və əz gahlar) ASC-nin daimi fəaliyyəti üçün nəzərdə tutulmuş və hamısı saz və işlək vəziyyətdədir. ASC həmin əmlaklardan istfadə edərək məişət soyuducuları istehsal etməklə məşğuldur. Lakin, cavabdeh MMC əmlaklara Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 27.03.2019-cu il tarixli sifariş məktubuna və təqdim edilən siyahıya əsasən 03.02.2021-ci il tarixdə 56 adda əmlakı ümumilikdə 358.100 manat hesablamaqla olduqca aşağı qiyməyə qiymətləndirmişdir. Əmlakların bazar qiyməti hal-hazırda təxminən 2.800000-3.000000 manat məbləğindədir və həmin avadanlığ və dəzgahlara böyük tələbat vardır. İddiaçı qeyd edir ki, həmin əmlaklar yalnız metallolom kimi satılsa belə, hesabatda göstərilən qiymətdən artıq olar. İddiaçı hesab edir ki, MMC-nin tərtib etdiyi hesabat hazırkı vəziyyətdə əsasslı sayıla bilməz. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan 03 fevral 2021-ci il tarixli "xxxx" MMC tərəfindən Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 4480 199408/2018-15-10 saylı, 27.03.2019-cu il tarixli sifariş məktubuna və bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1873/2018 saylı, 06.04.2018-ci il tarixli icra vərəqəsinə "xxxx" ASC-nə məxsus əmlakların tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini əks etdirən 03.02.2021ci il tarixli,49 saylı tərtib olunmuş hesabatdan görünür ki, 56 adda əmlak ümumilikdə 358.100 manat dəyərində hesablanmışdır. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 14 aprel 2021-ci tarixli 2(005)- 1930/2021 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-ə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 09 iyun 2021-ci il tarixdə verilmiş 01/21-298 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, "xxxx" ASC-nə məxsus olan ünvan 1 ünvanında yerləşən avadanlıqların 02 iyun 2021ci il tarixə olan bazar dəyəri 398000 manat, likvid dəyəri 358000 manat təşkil edir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, icra vərəqəsinin icra edilməsi məqsədi ilə iddiaçıya məxsus əmlak hərraca çıxarılan zaman ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilmişdir, iddiaçı qiymətin əmlakın əsl qiymətini əks etdirməyini iddia edir və qiymətləndirmə hesabatının ləğv edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı qiymətləndirmənin keçirilməsinin qanunvericiliyin normalarının pozulması ilə keçirildiyini iddia edir. Lakin məhkəmə hesab edir ki, əmlaklara "xxxx" MMC tərəfindən Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 27.03.2019-cu il tarixli sifariş məktubuna və təqdim edilən siyahıya əsasən 03.02.2021-ci il tarixdə 56 adda əmlakı ümumilikdə 358.100 manat hesablamaqla qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçıların isə məhkəməyə qeyd edilən əmlakın qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-nə qarşı, əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-nə qarşı əmlakın qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1930/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1930/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver