Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1947/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı İsrafil qızının, onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC ilə bağlanılmış 02/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli və 01/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqavilələrinin ləğv edilməsi, əmlakların cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasi, birinci müqavilə üzrə vurduğu 41120 manat pulun və ikinci müqavilə üzrə vurduğu 2400 manat zərərin, cəmi 43520 manatın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh MMC ilə bağlanmış 02/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsini 5 il müddətinə cavabdehə icarəyə vermişdir. Müqavilənin tərkib hissəsi olan “X1 Protokolu” ilə icarə haqqının aylıq qiyməti 2106 manat həddində razılaşdırılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı Şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 55 ünvanında yerləşən ümumi sahəsi 67.3 kv.m olan qeyri-yaşayış sahəsi də mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh MMC ilə bağlanılmış 01/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən həmin obyekti 5 il müddətinə cavabdehə icraya vermişdir. Müqavilənin tərkib hissəsi olan “X1 Protokolu” ilə icarə haqqının aylıq qiyməti 120 manat həddində razılaşdırılmışdır. Müqavilələr bağlandıqdan sonra dərhal qüvvəyə minmiş və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək həmin obyektləri cavabdehə təhvil vermişdir. Cavabdeh obyektləri təhvil almış, orada avadanlıqlar quraşdıraraq fəaliyyətə başlamış və uzun müddət ərzində obyektlərdən istifadə etmişdir. Lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırmışdır. Müqavilənin şərtlərini pozaraq icarə haqqı ümumiyyətlə ödəməmişdir. 2023-cü il yaz-yay aylarında obyektlərə baş çəkmiş və yığılmış borcun ödənilməsini cavabdehdən tələb etmiş, lakin şirkəti təmsil edən şəxslər borcu ödəməkdən imtina etmişlər, elə həmin ərəfələrdə obyektləri bağlayıb yoxa çıxmışlar. Lakin bu günə kimi obyektləri təhvil verməmişlər. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş və bu hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyinə və bu hərəkətləri ilə hüquqlarını əhəmiyyətli dərəcədə pozduğuna görə, icarə müqaviləsini ləğv etmək qərarına gəlmişdir. Cavabdehin müqavilə öhdəliklərini icra etməməklə vurduğu maddi ziyanın hesablanmasına görə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş icarə haqqı 41120 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş icarə haqqı 2400 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı İsrafil qızı, onun vəkili və nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması və işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 01/AL-2022 saylı İcarə müqaviləsindən və ona 1 nömrəli əlavədən görünür ki, “icarəyə verən” İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 55 ünvanında yerləşən qeyri-yaşayış sahənin (anbarı) 67.8 kv.m sahəsini anbar sahəsi kimi “icarədar” Cavabdeh MMC-nin istifadəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. İcarə obyektinin aylıq icarə haqqı 120 manat həcmində müəyyən edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı Şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 55 ünvanında yerləşən qeyriyaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; xx.xx.2022-ci il tarixli, 02/AL-2022 saylı İcarə müqaviləsindən və ona 1 nömrəli əlavədən görünür ki, “icarəyə verən” İddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahənin (anbarı) 68.3 kv.m sahəsini anbar sahəsi kimi “icarədar” Cavabdeh MMC-nin istifadəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. İcarə obyektinin aylıq icarə haqqı 2106 manat həcmində müəyyən edilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh MMC razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə əmlakını icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqavilələri olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaların dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 aylıq icarə haqqı 120 manat və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 aylıq icarə haqqı 2106 manat müəyyən edilmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iddianın “xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli icarə müqavilələrinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdehin həmin müqavilələrə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun tərəfindən müvafiq sübut təqdim edilmədiyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqavilələrinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarəyə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iş materiallarına əlavə edilmiş sənədələri və tərəflərin fikirlərini nəzərə alaraq qeyd edir ki, iddia 43520 manat pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqavilələrinə görə aylıq icarə haqqının 2106 manat və 120 manat olduğu göstərilmişdir. Bağlanmış icarə müqavilələrindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərindən qeyri-yaşayış sahələri cavabdehə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə haqqı olaraq pulun ödənilməsi iş materialları ilə müəyyən edilməmiş, eləcə də cavabdeh tərəfindən bunun əksini sübut edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış icarə müqavilələrinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə də, iddia təmin edilməlidir. Tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırda cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməməsi səbəbindən icarəyə verən müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu hal tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə əsasdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 02/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli və 01/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqavilələri ləğv edilməli, 02/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 41120 manat və 01/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2400 manat olmaqla, cəmi 43520 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 02/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli və 01/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqavilələri ləğv edilsin. 02/AL-2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 41120 manat və 01/AL- 2022 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2400 manat olmaqla, cəmi 43520 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1947/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1947/2024
10.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver