Məhkəmə qərarları › İş №2(005)-1964/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1964/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1964/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nə qarşı “əmlakın ipotekadan azad edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nə qarşı “əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə arvadı X7 qızı arasında bağlanmış 14 dekabr 2004-cü il tarixli 51USD nömrəli kredit müqaviləsi üzrə öhdəliklərə və ipotekaya xitam verilməklə iddiaçıya məxus olan, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Cavabdeh“ ASC ilə arvadı X7 qızı arasında 14 dekabr 2004-cü il tarixli 51 USD nömrəli kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı olaraq, iddiaçıya məxsus olan, Bakı şəhəri, Yasamal rayonu. Bünyadzadə küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi eyni tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesindən əvvəl, eləcə də ləğv prosesində borcun tələbi və tələbin ipoteka əmlakına yönəldilməsi ilə bağlı kreditor bank və hüquq varisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə müraciət edilməmişdir. 27 avqust 2020-ci il tarixdə isə arvadı ölmüşdür. Onun ölümündən sonra bankın ləğvedicisinə əmlakın girovdan azad edilinəsi ilə bağlı ünvanladığı ilkin müraciətinə məlumatların bank sirri olması bəhanəsi ilə qanunsuz və əsassız olaraq baxılmamış, təkrar müraciəti isə cavabsız qalmışdır. İddiaçının arvadı ilə bank arasında bağlanmış 14.12.2004-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə, eləcə də ipotekaya xitam verilməli, ipotekada olan yaşayış evinin girovdan azad edilməlidir. Belə ki, əvvəla arvadının mülkiyyətində hər hansı miras əmlak olmamış, bu səbəbdən vərəsəlik işi açılmamış və qanunla müəyyən edilmiş qaydada varislər müəyyən edilməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslandırılması və banka borcunun olmaması, bank tərəfindən ona məxsus mübahisəli mənzilin əsassız yerə girovda saxlanmasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməməsinin səbəbini X7 qızı ilə Cavabdeh ASC arasında bağlanmış 51USD saylı 14.12.2004-cü il tarixli kredit müqaviləsinin, maliyyə arayışının, hesabdan çıxarışın və X7 qızının borcunun olub-olmamasına dair sənədlərin verilməsindən imtina edilməsi barədə iş materiallarında olan 30 noyabr 2020-ci il tarixli **********530 nömrəli bankın məktubunu əsas gətiərək ona istinad etmişdir. Cavabdeh tərəfdən həmin sübutların məhkəməyə təqdim edilməsi barədə vəsattini təmin etməyi xahiş edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 19 aprel 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X3 qeyd edilən sənədlərin növbəti məhkəmə iclasında təqdim ediləcəyini bildirmiş, bu səbəbdən məhkəmə iclası 27 aprel 2021-ci il tarixə təxirə salınmışdır. Bununla belə 27 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 Rəşad Habil oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək, qeyd edilən sənədləri təqdim etməsi ilə bağlı məlumatlı olmadığını bildirmiş, bu səbəbdən məhkəmə iclasında məhkəmə sorğusu ona rəsmi qaydada imza edilərək təqdim olunmuş və növbəti məhkəmə iclasında sorğuya cavabın məhkəmə iclasında təqdim edilməsi barədə məlumatlandırılmışdır. 20 may 2021-ci il tarixli məhkəmə iclası barədə məlumatlandırılmış nümayəndə X6 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə sorğusuna rəsmi qaydada cavab məktubu ilə tələb edilən sənədlər məhkəməyə daxil olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 25.02.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. AZ-İİ№120344 nömrəli 04.09.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X7 qızı 27.08.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 789 nömrə ilə qeyd edilmişdir. İİ-ЖГ № 310938 nömrəli 25.09.1979-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X7 qızı 25.09.1979-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 199 nömrə ilə qeyd edilmişdir. Yasamal RPİ tərəfindən verilmiş 30.06.2009-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən, görünür ki, İddiaçı xx.xx.1957-ci ildə, Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən 28.10.2020-ci il və 25.12.2020-ci il tarixlərdə Ləğv prosesində olan Cavabdeh ASC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh ASC ilə arvadı X7 qızı (27.08.2020 tarixdə vəfat edib) arasında 14 dekabr 2004-cü il tarixli, 51 USD nömrəli kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı kimi iddiaçının adına olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 14 dekabr 2004-cü il tarixli ipoteka müqaviləsinə əsasən girova qoyulmuşdur. Hal-hazırda həmin kredit üzrə borcun olmamasına görə yuxarıda qeyd edilən fərdi yaşayış evinin girovdan azad edilməsi barədə məktubun iddiaçıya verilməsi xahiş edilmişdir. İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin problemli kreditlərlər iş idarəsi tərəfindən ünvanlanmış 30.11.2020-ci il tarixdə **********530 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikaasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbəri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin qanunun 41.2-ci maddəsinə əsasən: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minimiş qərarı əsasında verilir”. Eyni zamanada vərəsəlik barədə müəyyən olunmuş formada sənəd təqdim edildiyi təqdirdə həmin şəxsə X7 qızının krediti barədə məlumat verilməsinin mümkünlüyü bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.05.2021-ci il tarixli **********23 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi 21.12.2004-cü il tarixində “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklülük edilmişdir və hazırda yüklüdür. Sözügedən əmlakın “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə əsas olmuş sənədlər arxiv qovluğundan aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 032007 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Yasamal rayonu, Yeni Yasamal massivi, Bünyadzadə küçəsindəki 9 (doqquz) otaq, 194,9 kv.metr yaşayış sahəsi üzrə 395,3 kv. metr ümumi sahəsi olan torpaq sahəsindən ibarət 5 saylı fərdi yaşayış evi İddiaçıoviçin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 245 saylı reyestr kitabında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 21.10.2020-ci il tarixli **********99 nömrəli bildirişdən görünür ki, fərdi yaşayış evi “xxxx” SB-nın Nərimanov filalının xeyrinə ipoteka ilə yüklüdür. Həmçinin, texniki pasportla baş plan arasında perimetrik ölçü, sahə və ciddi konfiqurasiya fərqi mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəlarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclasında işin faktiki halları ilə sübut olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi 21.12. 2004-cü il tarixdə ipoteka ilə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı banka olan borc ödənildiyindən əmlakın ipotekadan azad olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı borcun ödənilməsi ilə bağlı iddia tələbinin əsaslandırılmasını təşkil edən sübutları məhkəməyə təqdim etmək üçün bankla arvadı X7 qızı (27.08.2020 tarixdə vəfat edib) arasında 14 dekabr 2004-cü il tarixli, 51 USD nömrəli kredit müqaviləsi bağlandığından həmin sənədləri bankdan tələb etmiş, lakin bank tərəfindən 30.11.2020-ci il tarixdə **********530 nömrəli məktubla həmin sənədlərin təqdim edilməsindən imtina edilmişdir. 19 aprel 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi X3 qeyd edilən sənədlərin növbəti məhkəmə iclasında təqdim ediləcəyini bildirmiş, bu səbəbdən məhkəmə iclası 27 aprel 2021-ci il tarixə təxirə salınmışdır. Bununla belə 27 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 Rəşad Habil oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək, qeyd edilən sənədləri təqdim etməsi ilə bağlı məlumatlı olmadığını bildirmiş, bu səbəbdən məhkəmə iclasında məhkəmə sorğusu ona rəsmi qaydada imza edilərək təqdim olunmuş və növbəti məhkəmə iclasında sorğuya cavabın məhkəmə iclasında təqdim edilməsi barədə məlumatlandırılmışdır. 20 may 2021-ci il tarixli məhkəmə iclası barədə məlumatlandırılmış nümayəndə X6 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə sorğusuna rəsmi qaydada cavab məktubu ilə tələb edilən sənədlər məhkəməyə daxil olmamışdır.20 may 2021-ci il tarixli sorğu ilə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş məhkəmə sorğusu 21.05.2021-ci il tarixdə imzalanaraq Fond tərəfindən qəbul edilsə də iddia tələbinə etirazın əsaslarını təşkil edən sübutlar təqdim edilməmişdir. Məhkəmə iş üzrə gəldiyi hüquqi nəticəni aşağıdakılara əsasən məqbul hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 30 dekabr 2008-ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MM-də kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında o da qeyd edilir ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 294.1 və 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. İşin hallarından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi 21.12. 2004-cü il tarixdə ipoteka ilə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı banka olan borc ödənildiyindən əmlakın ipotekadan azad olunmasını xahiş etmiş, lakin əmlakın yüklülüyünə əsas olmuş sənədləri məhkəməyə təqdim etmək üçün bankla arvadı X7 qızı (27.08.2020 tarixdə vəfat edib) arasında 14 dekabr 2004-cü il tarixli, 51 USD nömrəli kredit müqaviləsi bağlandığından həmin sənədləri bankdan tələb etmiş, lakin bank tərəfindən 30.11.2020-ci il tarixdə **********530 nömrəli məktubla həmin sənədlərin təqdim edilməsindən imtina edilmişdir.Cavabdeh tərəf isə borcun ödənilmədiyini bildirərək iddiaya etiraz etsə də borcun əsasını təşkil edən və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinin yüklülüyünə əsas olmuş sənədləri təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “ Cavabdeh ASC ilə X7 qızı arasında bağlanmış 14 dekabr 2004-cü il tarixli 51 USD nömrəli kredit müqaviləsinə xitam verilməsi hissəsinə” münasibətdə qeyd edir ki, bu hissədə iddia əsaslı sayıla bilməz. Belə ki, tərəflərin izahatından və tədqiq edilmiş iş materiallarından göründüyü kimi belə müqavilənin mövcudluğunu tərəflər məhkəmə iclasında sübut edə bilməmişdir. O da qeyd edilməlidir ki, müqavilə olduğu halda belə iddiaçının Cavabdeh” ASC ilə bağlanmış müqavilə üzrə digər tərəf olan X7 qızı əvəzinə müqavilə üzrə öhdəliklərə xitam verilməsini məhkəmə qaydasında tələb etməyə subyektiv cəhətdən hüququnun olmaması baxımından yol verilmir. Odur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 5 saylı fərdi yaşayış evinin ona məxsus hissəsinin ipoteka ilə yüklü edilməsi hissəsində mübahisələndirilməsi onun əmlak hüquqlarının müdafiəsi baxımından yolveriləndir. Ona məxsus əmlakın ipoteka ilə yüklü edilməsi məhkəmə sorğusuna cavab olaraq verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.05.2021-ci il tarixli **********23 nömrəli məktubu ilə də təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi 21.12.2004-cü il tarixdə “xxxx” ASC-nin xeyrinə ipotekanın dövlət qeydiyyatı ləğv edilsin və həmin əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi 21.12.2004-cü il tarixdə “xxxx” ASC-nin xeyrinə ipotekanın dövlət qeydiyyatı ləğv edilsin və həmin əmlak ipoteka yüklülüyündən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar