Məhkəmə qərarları › İş №2(005)-1987/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1987/2023

14.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1987/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pozulmuş əmək hüquqlarının bərpa edilməsi, 5000 manat məbləğində əmək haqqının və 50 manat mediasiya xərclərinin cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə onu icarə götürdüyü taxta mebel sexinə dəvət edərək, usta kimi fəaliyyət göstərməyi üçün iş təklifi etmişdir. İş zamanı cavabdehdən əmək müqaviləsi tələb etdiyi halda bildirmişdir ki, “hələ ki, işlə sonra əmək müqaviləsi bağlayarıq”. Bir ay sonra onu və digər usta iş yoldaşlarını ofisə dəvət edərək bildirmişdir ki, işlə təmin etmək və əmək haqqı ödənişlərini ödəmək onun tərəfindən həll ediləcək. Lakin işləri görüb yekunlaşdırandan sonra o, digər usta iş yoldaşları Emin və Əli ilə birlikdə cavabdehə məxsus ofisə gedərək, onlara veriləcək aylıq əmək haqqını tələb etdikdə, cavabdeh isə əmək haqqını ödəməkdən imtina etmişdir. Əmək haqqını ödəmək yerinə onları təhqir etməyə başlamış, bu azmış kimi iş yoldaşları Emin və Əli ustanın yanında ona hədə-qorxu, güc tətbiq edərək və sonda sillə vuraraq ofisdən çıxartmışdır. Dəfələrlə cavabdehdən ödəniləcək 5000 manat dəyərində əmək haqqını tələb etsə də, müxtəlif bəhanələrlə əmək haqqını ödəməkdən boyun qaçırır. Cavabdeh işəgötürən kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Öz vəzifə və səlahiyyətlərindən istifadə edərək onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən o pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu qeyd edərək bildirdi ki, iddiaçını işə Cavabdeh yox, Hüseyn adlı şəxs cəlb etmiş, bunu iddiaçı öz ifadəsində də etiraf edir. Cavabdeh iddiaçıya hər hansı işə görə 5000 manat pul söz verməmiş və işə onu o cəlb etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, şahidin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iddiaçı ilə bir taxta sexində işləmişdir. O, mebel yığma işlərinə baxmış, iddiaçı isə rəngsaz işləri ilə məşğul olmuşdur. Onları işləməyə Hüseyn adlı şəxs dəvət etmişdir. İddiaçı ilə orada yaxından tanış olmuşdur. Orada işləməklərinə baxmayaraq, işləri təhvil verəndən sonra zəhmət haqqlarını ala bilməmişlər. Bu səbəbdən cavabdeh ilə aralarında mübahisələr yaşanmış və onlar polis orqanına şikayət etmişlər. Cavabdehin hazırda ona 1000 manat, Səfərə isə 3800 manat borcu var. Cavabdeh polisdə bildirmişdir ki, borcunu qaytaracaq. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polib Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı Polis Şöbəsində verdiyi izahatında qeyd edilmişdir ki, 2020-ci ilin yanvar ayının 1-dən fevral ayının sonunadək Nərimanov rayonu, Dərnəgül tikinti bazarında taxta sexində Arazın şəxsi rəhbərliyi altında fəhlə kimi işləmişdir. Həmin müddətdə Araz ona pul ödəməmişdir. İşi başa vurduqdan sonra Arazdan pulunu tələb etmiş, Araz onun pulunu ödəməkdən imtina etmiş, bundan sonra o, 102 xidmətinə məlumat vermiş, daha sonra onun kimi digər işçilərdə Araz barədə şikayət etmişlər. Araz onların pulunu qaytarmış, lakin onun pulunu ödəməmişdir. Bu məqsədlə Arazın işlədiyi ofisinə getmiş və pulunu tələb etdikdə, Araz ona sillə vuraraq, təhqir edərək, pulu verməmişdir. Həmçinin izahatın sual-cavab hissəsində qeyd edilmişdir ki, iddiaçının tələbi 3730 manat zəhmət haqqı almasıdır. Cavabdeh izahatında qeyd edilmişdir ki, İddiaçı onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Barəsində yazılanların tamamilə əsassız, şər və böhtan olduğunu bildirmişdir. İddiaçı əsas tələbi guya ona gördüyü iş müqabilində 3730 manat pul verməli olduğudur. Həmin faktla bağlı bir neçə dəfə polis orqanlarına müraciət etmiş, lakin borcunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh usta kimi işlədiyi işlərin əvəzi olaraq, əmək haqqı tələb edir. Cavabdeh tərəf isə iddiaçıya hər hansı borcunun olmadığını qeyd edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə hesab edir ki, hazırki mülki işin başlanmasına əsas olan iddia əsassızdır. Belə ki, İddiaçı cavabdehin taxta sexində işlədiyi dövr üçün əmək haqqı tələb etsə də, lakin iddiaçı borcun ödənilməməsini bildirməklə kifayətlənmiş, hər hansı bir mötəbər sübut təqdim etməmiş və ya belə sübutlar məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Cavabdeh isə öz növbəsində müvafiq borcunun olduğunu etiraf etməmişdir. Həmçinin iddiaçı bildirmişdir ki, cavabdeh polis şöbəsində verdiyi izahatda borcunun olduğunu etiraf etmiş, lakin məhkəmə sorğusu ilə tələb edilmiş cavabdehin izahatından da görünür ki, cavabdeh iddiaçıya hər hansı borcunun olduğunu etiraf etməmiş, iddiaçının şikayətinin şər və böhtan olduğunu qeyd etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbində ziddiyyətlər mövcuddur. Belə ki, hazırda iddiaçı cavabdehin ona zəhmət haqqı olaraq 5000 manat borclu olduğunu bildirsə də, lakin polis bölməsində verdiyi izahatda cavabdehin ona zəhmət haqqının əvəzi olaraq 3730 manat borcu olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçı heç bir sübuta əsaslanmayan məbləğlər göstərərək, iddia tələbi irəli sürür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləğin cavabdehin ona borclu olmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, ifadə vermiş şahid X2 ifadəsində cavabdehin ona borclu olduğunu, cavabdehlə polis orqanında mübahisəsi olduğunu və həmçinin iddiaçı ilə yaxın tanış olduğunu nəzərə alaraq, onun ifadəsi “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidin ifadəsində qeyd etdikləri onu hesab etməyə əsas verir ki, şahidin mövqeyi cavabdehə qarşı qərəzlidir və onun ifadəsinin möhtəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iddia tələbinin “pozulmuş əmək hüquqlarının bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı pozulmuş əmək hüquqularının bərpa edilməsi dedikdə, əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmə əmək haqqının ödənilməsinin təmin edilməməsi qənaətinə gəldiyindən, iddia bu hissədə də təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya xərci ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar