Məhkəmə qərarları › İş №2(005)-2019/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2019/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2019/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh Babaşov Səyyat Babaş oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Babaşov Səyyat Babaş oğluna qarşı “mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Babaşov Səyyat Babaş oğluna qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səyyat Babaşovun şəxsi gəlirindən 10.000 (on min) manat məbləğində pul tutularaq şəxsin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Babaşov Sayyad Babaş oğlu 2021-ci ilin fevral ayının əvvəllərində Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək guya iddiaçı ondan 5.000 (beş min) manat məbləğində pul aldığı barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumat vermişdir. Dadaşov Səyyatla əvvəllər tanışlığı və ünsüyyəti olmamışdır o, məqsədyönlü formada barəsində böhtan və yalan xarakterli məlumatları yaymaqla oğlunu iddiaçı vastəsi ilə hansısa quruma işə düzəltmək niyyətindədir. Dadaşov Səyyat “Koroğlu” parkında, çoxdan tanıdığı Əflatun adlı şəxsin xahişi əsasında Namiq adlı şəxsin iştirakı ilə (5-10 dəqiqəlik müddətdə) görüşmüşdür. Görüş zamanı Səyyat Dadaşov oğlunun işə düzəltmək istədiyini və ondan onların bu istəyinə köməklik köstərməyi xahiş etmişlər. Həmin müddətdə hər hansı maddi maraq və ya pul sövdələşməsi olmamışdır. İnsan tanımadığı şəxsə parkda 5-10 dəqiqə müddətinə tanımadığı bir vətəndaşa 5000 manat pul verirsə demək o, şəxs ya ruhu xəstədir ya da ki, əqli pisixkasında anormallıq mövcuddur. Məsələnin sosial və hüquqi aspektləri ilə yanaşı onun mənəvi tərəfi də nəzərə alınır. Əlbətdə qərəzli yalan və qeyd olunmuş böhtan hüquqi məsuliyyət yaradır. Bununla əlaqəli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətinə yönəlmiş böhtan və ya məqsədli formaca onu nüfuzdan salan məlumatlar təqdim etmək hüquqi məsuliyyət yaradır. Bu baxımdan bir vətəndaş kimi şəxsə qarşı qeyd olunmuş böhtan, yalan məlumatlar əsasında şərəf və ləyaqətini məhkəmədə müdafiə etmək zərurətini yaratmışdır. Bəşəriyyətin yaranışından bu günədək həyat xeyirlə şərin mübarizəsi üzərində bərqərar olmuşdur. Lakin şər nə qədər vicdansız olsa belə mübarizələrdə hər zaman xeyir şərə, həqiqət yalana qalib gəlmişdir. Səyyat Dadaşovun Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə barəsində etdiyi şikayət böhtandır və əsassızdır. İddiaçı hesab edir ki, şəxsinə qarşı qısqanclıq və paxıllıq edən şəxslər tərəfindən Səyyat Babaşov təlimatlandırılaraq və maşurutlandırılaraq iddiaçı barəsində məqsədyönlü formada böhtan və yalan xarakterli məlumatları yaymaqla iddiaçıya mənəvi ziyan yetirmişdir. Eyni zamanda İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh Dadaşov Səyyat Babaş oğlunun Babaşov Səyyat Babaş oğlu kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə oxşar izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Babaşov Səyyat Babaş oğlu iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli M/V № 086453 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Nərimanov RPİ tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev.62 mənzil 13-də qeydiyyatdadır. Füzuli RPŞ tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZE 13213064 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babaşov Səyyat Babaş oğlu Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatdadır. Nərimanov Rayon Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılaraq və icraata qəbul edilərək, iş üzrə Babaşov Səyyat Babaş oğlu zərərçəkmiş şəxs qismində tanınması və qərarın surəti cinayət haqqında məlumat vermiş şəxsə göndərilməklə, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməklə, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirlməsi Nəsimi rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin ifadələri ilə müəyyən edilmişdir ki, Babaşov Səyyat Babaş oğlu İddiaçı 5.000 (beş min manat manat) manat məbləğində pul verməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə məlumat verdiyini bildirmişdir. Nərimanov Rayon Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılaraq və icraata qəbul edilmişdir. İddiaçı cavabdehin onu polis orqanlarına şikayət etməklə mənəvi ziyan vurduğunu qeyd etsə də lakin bununa dair hər hansı bir mötəbər sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konsitutsiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Konsitutsiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Qeyd edilən qərarın 3-cü bəndində həmçinin göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericilik bu qəbildən olan işlər üzrə hər hansı şəxs barəsində yerləşdirilən və bilavasitə onun şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ilə bağlı olan məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsini bu məlumatları yerləşdirən şəxsin üzərinə qoyur, yəni barəsində məlumat yerləşdirilən şəxs bu məlumatların doğru olmamasını sübut etmək vəzifəsi daşımır, əksinə məlumatı yerləşdirən şəxs onların həqiqətə uyğun olmasını sübut etməlidir. Lakin cavabdeh tərəf həmin məlumatların həqiqətə uyğun olmasını sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li qərarının: 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər; 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirrlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Sadalanan qanunvericilik normalarının və istinad olunan Plenum qərarlarından görünür ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddia tələblərində məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması kimi üç şərtin mövcud olub-olmadığı müəyyənləşdirilməlidir. Hazırki mülki işin faktiki hallarının araşdırılması zamanı məlum olur ki, İddiaçı tərəf cavabdehin onun şərəf və ləyaqətini ləkələyən məlumatlara yol verdiyini bildirsə də məhkəmə iclasında bununla bağlı əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin hallarından göründüyü kimi cavabdeh ehtimal edilən hüquqlarının pozuntusunun müdafiəsilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş və şikayət əsasında Nərimanov Rayon Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarı ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla da müəyyən olunur ki, cavabdeh Səyyat Babaşovun iddiaçını əsassız yerə, qəsdən şərəf və ləyaqətini alçaltması halı tərəflər arasında pulun verilməsilə bağlı mübahisə olduğundan polis orqanlarında araşdırmanın nəticəsindən asılı olaraq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Babaşov Səyyat Babaş oğluna qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Babaşov Səyyat Babaş oğluna qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar