Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2039/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X8 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaq tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər birinə orta aylıq əmək haqqının 0.615 misli nisbətində (hər bir uşağa 246 manat olmaqla) alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Münasibətləri ilk vaxtlarda normal olsa da, sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Cavabdeh valideynlik borcunu yerinə yetirmir, uşaqların sosial həyatında iştirak etmir və aliment ödəmir. Cavabdehin uşaqlara və ailəyə diqqət göstərməməsi, laqeyd münasibət bəsləməsi ailənin faktiki dağılmasına səbəb olmuşdur. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı ilə xx.xx.2012-ci il tarixdə Nərimanov rayonu Qeydiyyat şöbəsində bağlanmış və 142 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə bir müddət bir yerdə mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlmədiyi açıq-aşkar özünü biruzə verməyə başlamışdır. Münasibətləri kəsilmiş, ailənin bərpası mümkün olmadığına görə nikahın pozulması üçün Mediasiya şurasına müraciət olunmuşdur. Mediasiya prosesi baş tutmamışdır. Hazırda uşaqlar onun yanında yaşayırlar. Lakin uşaqların saxlanması üçün cavabdehdən aliment tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçın, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin ediməsini məhkəmədən xahiş etdilər. Həmçinin iddiaçı nikahın pozulmasına razı olduğunu qeyd edərək, uşaqların onun himayəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdilər. Həmçinin iddia təmin olunacağı təqdirdə alimentin qazancının və gəlirlərinin 1/3 hissədə təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 bildirdilər ki, valideynləri boşandıqdan sonra analarının yanında qalmaq istəyirlər. Məhkəmə tərəflərin izahatlarını, yetkinlik yaşına çatmayan uşaqların fikrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: AZ-İ seriyalı, 742589 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2012-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 142 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir; AZ-İİİ seriyalı, 035196 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur; AZ-İİİ seriyalı, 035197 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; Valideynlər valideynlik hüququnun həyata keçirilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2039/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim edilmişdir. Komissiyanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını yetkinlik yaşına çatmayanların hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. İddiaçı birgə nikahdan olan uşaqların saxlanılması üçün aliment tələbinə dair məhkəməyə müraciət etmiş, cavabdeh isə qarşılıqlı iddia verərək, nikahın pozulmasını və uşaqların atanın yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh uşaqların onun himayəsində qalmasını tələb etmiş, iddiaçı buna razı olmadığı üçün məhkəmə tərəfindən mülki iş rəy verilməsi üçün Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə Komissiyana təqdim edilmişdir. Rəyə əsasən uşaqların analarının yanında qalması onların mənafeyinə uyğun hesab edilmişdir. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün xərclərdə iştirak etmir. Məhkəmə hər iki iddia tələbinə qarşılıqlı (əlaqəli) münasibət bildirərək qeyd edir ki, tərəflər nikahın pozulmasına razı olduqları üçün qarşılıqlı iddia nikahın pozulması hissəsində təmin edilməli, uşaqların ananın yanında qalması qənaətinə gəlməsi səbəbindən isə ilkin iddia təmin edilməli və qarşılıqlı iddia uşaqların atanın yanında saxlanılması hissəsində isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə azyaşlı uşaqların mənafeyini, ana qayğısına ehtiyacının olmasını, uşaqların məhkəmə iclasında verdiyikləri ifadələri (fikrini), ailənin tamlığının saxlanılmasının mümkün olmadığını, tərəflər arasında nikahın pozulması ilə bağlı qarşılıqlı razılıq olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 142 nömrəli akt qeydi ilə rəsmləşdirilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yonəlməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların anasının yanında saxlanılması onların marağlarına zidd deyildir və ilk növbədə uşaqların mənafeyinə xidmət edəcəkdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinə uyğun olaraq, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşağın mənafelərinin təmin edilməsindən, uşağın saxlanmasında könüllü iştirak etməyən valideynlərin onun saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, həmçinin iddiaçının birgə nikahdan olan uşaqların saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilməsi xahişini nəzərə alaraq, alimentin miqdarı 2025-ci il üçün minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 0xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli olmaqla, cəmi 1,23 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (400 manat x 0,615 = 246 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda qarşılıqlı iddiada ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 142 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli olmaqla, cəmi 1,23 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2039/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2039/2025
02.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver