Məhkəmə qərarları › İş №2(005)-2056/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2056/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2056/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edilmiş tarixdən başlayaraq qanunla müəyyən edilmiş həcmdə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Cavabdehlə nikahdan kənar ailə qurmuşdur. 01 mart 2017-ci ildə qızları X3 dünyaya gəlmişdir. Təqribən 4 il birlikdə yaşadıqdan sonra aralarında baş verən anlaşılmazlıqlar, həmçinin bir sıra digər səbəblər ilə əlaqədar o Cavabdehla olan münasibətini bitirmək qərarına gəlmişdir. Sonradan Ramilin təkidi ilə bir dəfə barışsalar da, qeyd etdiyi halların təkrar olunması nəticəsində o qəti olaraq münasibətlərinə son qoymaq qərarına gəlmiş və 1 ilə yaxıdır ki, anası ilə birlikdə yaşayır. Qızı Məryamın 5 yaşı var və qarşıda onu gündəlik xərclərlə yanaşı, təhsillə bağlı xərclər də gözləyir. Tək ana kimi övladının böyüdülməsində maddi baxımdan çətinlik çəkir və qızının böyüməsində, saxlanılmasında atası tərəfindən heç bir dəstək verilmir, etinasızlıq nümayiş etdirilir. Cavabdehla münasibətlərinin nikahdan kənar olması onun qızları Məryama qarşı olan öhdəlikləri istisna etmir və qanuni formada atalıq faktı da təsbit olunmuş və müvafiq sənədlərdə öz əksini tapmışdır. Aliment tələbinə dair 8 saylı Mediasiya təşkilatına müraciət etsə də, qarşı tərəfin iştirak etməməsi səbəbindən xx.xx.2023-cü il tarixində "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi’’ barədə arayışı əldə etmişdir. Məsələ mediasiya yolu ilə həll edilə bilmədiyindən məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-T № 173613 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə doğulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2018-ci ildə 92 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər 2016-cı ildə nikahdan kənar ailə qurmuşlar. 01 mart 2017-ci ildə qızları X3 dünyaya gəlmişdir. Təqribən 4 il birlikdə yaşadıqdan sonra aralarında baş verən anlaşılmazlıqlar, həmçinin bir sıra digər səbəblər ilə əlaqədar iddiaçı cavabdehlə olan münasibətini bitirmək qərarına gəlmişdir. Hazırda iddiaçı onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Məhkəmə iddia tələbinin alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını və cavabdehin rəsmi gəlirləri barədə məlumatın olmamasını nəzərə alaraq, aliment tələbinin təmin edilməsini, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən mediasiya üçün ödənilmiş 50 manat mediasiya xərci nəzərə alınmalı, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar