Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-206/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərcləri və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərcləri və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən əmək haqqı və ezamiyyə xərcləri üçün 101655 manat və ödənişin gecikdirilməsinə görə 121986 manat, cəmi 223641 manat vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, xx.xx.2020-ci tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Təchizat Departamentinin müdiri, Strateji inkişaf Departamentinin müdiri və baş direktorun kommersiya üzrə müavini vəzifələrində işləmişdir. İş yerində onunla əmək müqaviləsi bağlanmışdır, lakin təqdim edilməmişdir. Mərkəzi Təchizat Departamentinin müdiri və Strateji inkişaf Departamentinin müdiri vəzifələrində işlədiyi dövrdə (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) bütün vergilər və digər məcburi ödənişlər tutulduqdan sonra təmiz əmək haqqı 4388 (dörd min üç yüz səksən səkkiz) manat təşkil edirdi, baş direktorun kommersiya üzrə müavini vəzifəsində işlədiyi dövrdə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) təmiz əmək haqqı 6900 (altı min doqquz yüz) manat təşkil edib. İşlədiyi dövr ərzində cəmi iki dəfə, ümumi 8776 (səkkiz min yeddi yüz yütmiş altı) manat əmək haqqı almışdır. Beləliklə, Mərkəzi Təchizat Departamentinin müdiri və Strateji İnkişaf Departamentinin müdiri işlədiyi dövrdən 5 (beş) ayın (5*4388=21940 manat), baş direktorun kommersiya üzrə müavini işlədiyi dövrdən 9 ayın (9*6900=62100 manat), ümumi 21940+62100=84040 manat əmək haqqı ona ödənilməyib. Bundan başqa işlədiyi müddət ərzində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin 46/2 nömrəli xx.xx.2021-ci il tarixli və 85-1 nömrəli xx.xx.2021-ci il tarixli əmrlərinə əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərində ümumilikdə 43 gün, həmçinin 74/1 nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən Özbəkistan Respublikasının Termez şəhərində 20 gün ezamiyyətdə olmuşdur. Bundan başqa 29 nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən Gürcüstan Respublikasının Tbilisi şəhərində 13 gün ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli xx.xx.2008-ci il tarixli qərarına əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 160 ABŞ dolları (272 manat), Özbəkistan Respublikasına ezam olunmuş şəxsə bir gün üçün 100 ABŞ dolları (170 manat), Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 155 ABŞ dolları (263 manat) ödənilməlidir. Ezamiyyə pulları bu günə kimi ödənilməyib. Cavabdeh Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-cı bəndini kobud şəkildə pozaraq qanunverciliklə nəzərdə tutulan ödənişləri etməyib. Bununla bağlı hesab edir ki, cavabdeh ona külli miqdarda pul borcludur. Belə ki, Mərkəzi Təchizat Departamentinin müdiri və Strateji İnkişaf Departamentinin müdiri işlədiyi dövr üçün 5 (beş) ayın əmək haqqı 21940 manat (5*4388=21940); Baş direktorun kommersiya üzrə müavini işlədiyim dövr üçün 9 ayın əmək haqqı 61200 manat (9*6900=62100); 43 gün Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezamiyyət üçün 11696 manat (43*272=11696); 20 gün Özbəkistan Respublikasının Termez şəhərinə ezamiyyət üçün 3400 manat (20*170=3400); 13 gün Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezamiyyət üçün 3419 manat (13*263=3419) Beləliklə, cavabdeh əmək haqqı və ezamiyyə xərcləri üçün ona ümumilikdə 27056 (iyirmi yeddi min əlli altı) manat ödəməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh 11 aprel 2022-ci il tarixindən başlayaraq 120 gün ərzində, ödəməli olduğu 101655 manat məbləğin hər gecikdirilmiş gün üçün bir faizini ödəməlidir, yəni hər gün üçün 1016 manat 55 qəpik. Ümumilikdə 121986 (yüz iyirmi bir min doqquz yüz səksən altı) manat (120*1016,55= 121986). Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqı və ezamiyyət xərcləri üçün 101655 (yüz bir min altı yüz əlli beş) manat və ödənişin gecikdirilməsinə görə 121986 (yüz iyirmi bir min doqquz yüz səksən altı) manat, cəmi 223641 (iki yüz iyirmi üç min altı yüz qırx bir) manat vəsait ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC xx.xx.2022-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı əmək haqqı borcunun ödənilməsini tələb edir lakin iş materiallarına hər hansı bank çıxarışı əlavə etməmişdir. Qeyd edir ki, borc məbləğinin müəyyən edilməsi üçün sözügedən bank çıxarışı məhkəməyə təqdim edilməlidir. Bundan əlavə iddiaçının ödənişi gecikdirilməsi ehtimal edilən məbləğə faizlərin hesablanması tələbi də tərəflərindən əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “Əmək Məcəlləsi”) 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunvericiliyin qeyd olunan müddəasından belə nəticə hasil olur ki, əmək haqqının verilməsi gecikdirilərsə və bu hal məhz fərdi əmək mübahisəsi yaratmayıbsa, işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Yəni, tərəflər arasında fərdi əmək mübahisəsinin yaranması işçiyə müvafiq ödəncin verilməsini tamamilə istisna edir. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələri anlayışı” adlı 287-ci maddəsinə görə, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bundan əlavə. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlı 288-ci maddəsindən görünür ki, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə aiddir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, bu mübahisə Əmək Məcəlləsinin əmək mübahisləri ilə bağlı ifadə olunmuş hüquq normaları çərçivəsində həll edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin 2-ci səhifəsinin aşağıdan 2-ci abzasında yazılan “Beləliklə, cavabdeh əmək haqqı və ezamiyyə xərcləri üçün ona ümumilikdə 27056 (iyirmi yeddi min əlli altı) manat ödəməlidir” sözləri, “Beləliklə, cavabdeh ona əmək haqqı üçün 84040 (səksən dörd min qırx) manat, ezamiyyə xərcləri üçün 18515 (on səkkiz min beş yüz on beş) manat, ümumilikdə 102555 (yüz iki min beş yüz əlli beş) manat ödəməlidir.” sözləri ilə əvəz edilməsi, iddia ərizəsinin 3-cü səhifəsinin 3-cü abzasında yazılan “Qeyd edilənlərə əsasən, cavabdeh 11 aprel 2022-ci il tarixindən başlayaraq 120 gün ərzində, ödəməli olduğu 101655 manat məbləğin hər gecikdirilmiş gün üçün bir faizini ödəməlidir, yəni hər gün üçün 1016 manat 55 qəpik. Ümumilikdə 121986 (yüz iyirmi bir min doqquz yüz səksən altı) manat (120*1016,55=121986).” sözləri, “Qeyd edilənlərə əsasən, cavabdeh əmək haqqı üçün ödəməli olduğu 84040 (səksən dörd min qırx) manat məbləğin hər gecikdirilmiş gün üçün 1 (bir) faizini ödəməlidir (11 aprel 2022-ci il tarixindən başlayaraq 15 may 2023-cü il tarixədək ümumilikdə 400 (dörd yüz) gün), yəni 336160 (üç yüz otuz altı min yüz altmış) manat (400*840,4=336160).” sözləri ilə əvəz edilməsi, iddia ərizəsinin 3-cü səhifəsinin 4-cü abzasında yazılan “Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqı və ezamiyyət xərcləri üçün 101655 (yüz bir min altı yüz əlli beş) manat və ödənişin gecikdirilməsinə görə 121986 (yüz iyirmi bir min doqquz yüz səksən altı) manat, cəmi 223641(iki yüz iyirmi üç min altı yüz qırx bir) manat vəsait ona ödənilməlidir.” sözləri “Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqı və ezamiyyət xərcləri üçün 102555 (yüz iki min beş yüz əlli beş) manat və ödənişin 400 gün gecikdirilməsinə görə 336160 (üç yüz otuz altı min yüz altmış) manat, cəmi 438715 (dörd yüz otuz səkkiz min yeddi yüz on beş) manat vəsait ona ödənilməlidir.” sözləri ilə əvəz edilməsi, iddia ərizəsinin “Xahiş Edirəm” hissəsi aşağıdakı kimi qəbul edilməsini xahiş edir: "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmək haqqı və ezamiyyət xərcləri üçün 102555 (yüz iki min beş yüz əlli beş) manat və 400 (dörd yüz) gün üçün 84040 (səksən dörd min qırx) manat əmək haqqı ödənişinin gecikdirilməsinə görə, hər gün üçün 84040 manatın bir faiz miqdarı (840,4 manat) olmaqla 336160 (üç yüz otuz altı min yüz altmış) manat (400*840,4=336160), cəmi 438715 (dörd yüz otuz səkkiz min yeddi yüz on beş) manat vəsait tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi (vəkili) X7 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İcraatınızda olan 2(005)-206/2023 saylı iş üzrə iddiaçı X3 (bundan sonra “İddiaçı” adlandırılacaq) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra “Cavabdeh” adlandırılacaq) əmək haqqı üçün 84040 manat, ezamiyyət xərcləri üçün 18515 manat və ödənişin gecikdirilməsinə 336160 manat, cəmi 438715 manat vəsait tutularaq ona ödənilməsini xahiş edir. Hesab edirik ki, qeyd edilən tələb üzrə iddia müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 18 yanvar 2012-ci il tarixdə təsdiq edilmiş "X4"nın 1.5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi sonuncu ezamiyyətə, sənədlərdən də göründüyü kimi, 20 avqust 2021-ci il tarixində getmiş, 11 sentyabr 2021-ci il tarixində isə qayıtmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi ezamiyyətlərdən tarix üzrə sonuncusuna 20 avqust 2021-ci il tarixində getdiyini və məhkəməyə yalnız 2023-cü il tarixdə müraciət etdiyini nəzərə alaraq bildirirlər ki, güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən iddiaçının sonuncu ezamiyyətdən qayıtdığı tarix (11 sentyabr 2021-ci il) güman edilən hüquq pozuntusunun aşkar edildiyi gün hesab edilsə belə, qeyd edilən iddia müddəti iddiaçı tərəfindən ötürülmüş hesab edilməlidir. İddiaçı tərəfindən tələb edilən əmək haqqı məbləği ilə bağlı isə bildirirlər ki, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi işlədiyini qeyd edərək əmək haqqı məbləğinin ödənilmədiyini iddia edir. Bu hissədə də güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2020-ci tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində rəis müavini vəzifəsində işləmiş və əmək haqqısı 7,984 manat təşkil etmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində bölmə müdiri vəzifəsində işləmiş və əmək haqqı 5,000 manat təşkil etmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2020-ci tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində bölmə müdiri vəzifəsində işləmir və əmək haqqısı 5,000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 29 nömrəli işçinin ezamiyyətə göndərilməsi barədə əmrin surətindən görünür ki, Qasımlı X2 Respublikasının Tbilisi şəhərində 13 gün (xx.xx.2021-xx.xx.2021) ezamiyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 46/2 nömrəli işçinin ezamiyyətə göndərilməsi barədə əmrin surətindən görünür ki, Qasımlı X1 Respublikasının Daşkənd şəhərində 22 gün (xx.xx.2021-xx.xx.2021) ezamiyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 74/1 nömrəli işçinin ezamiyyətə göndərilməsi barədə əmrin surətindən görünür ki, Qasımlı X1 Respublikasının Termez şəhərində 20 gün (xx.xx.2021-xx.xx.2021) ezamiyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 85-1 nömrəli işçinin ezamiyyətə göndərilməsi barədə əmrin surətindən görünür ki, Qasımlı X1 Respublikasının Daşkənd şəhərində 21 gün (xx.xx.2021-xx.xx.2021) ezamiyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək haqqı borc qalığı xx.xx.2022ci ildən xx.xx.2023-cü ilədək 84040 manat məbləğində əmək haqqının, xx.xx.2022-ci ildən xx.xx.2022-cü ilədək ezamiyyət dövrü üçün 18515 manat, (43 gün x 272 manat = 11696, 20 gün x 170 manat = 3400, 13 gün X 263 manat = 3419;) manat məbləğində əmək haqqının və 84040 manat məbləğində əmək haqqının 400 gün, yəni 336160 manat (400 x 840,4 = 336160) gecikdirilməsinə görə hər gün üçün 1% ödəncin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Belə olan halda hazırki mülki iş üzrə iddia tələbinin dəlillərinin əksini sübutetmə cavabdehin üzərinə düşür. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iki ayın əmək haqqı istisna olmaqla, əvvəlki dövr üzrə 5 ayın, sonrakı dövr üzrə 9 ayın əmək haqqının ödənilməməsi iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Lakin iddiaçının iddia ərizəsi məhkəməyə 27 iyul 2022-ci il tarixdə daxil olsa da, iş materiallarında olan 20 iyun 2022-ci il tarixli mediasiya arayışından görünür ki, cavabdehə mediasiyaya dəvət məktubu 13 iyun 2022-ci il tarixdə göndərilmişdir. Hazırda iddiaçının iddia tələbləri xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, yəni 14 aylıq dövrü əhatə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya müvafiq aylar üzrə sonuncu bir il üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqı ödənilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı mediasiyaya 13 iyun 2022-ci il tarixdə müraciət etdiyindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək haqqını tələb etməsi üçün qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür. Lakin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 9 aylıq müddət üçün iddia müddəti ötürülmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il - xx.xx.2022-ci il tarixləri üçün cəmi 62100 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır. Məhkəmə iddia tələbinin ezamiyyət xərcinin ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli xx.xx.2008-ci il tarixli qərarına əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 160 ABŞ dolları (272 manat), Özbəkistan Respublikasına ezam olunmuş şəxsə bir gün üçün 100 ABŞ dolları (170 manat), Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 155 ABŞ dolları (263 manat) müəyyən edilmişdir. Eyni zamanda məhkəmə, iddiaçının xx.xx.2022-ci ildən xx.xx.2022-cü ilədək ezamiyyət dövrü üçün 18515 manat pulun tutulması hissəsində də qeyd edir ki, iddiaçı ezamiyyə xərcinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrlər üzrə tutulması hissəsində qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür. Lakin xx.xx.2021-ci il tarixli əmr üzrə Özbəkistan Respublikasında ezamiyyətdə olduğu müddət üçün 3400 manat ( 20 x 170 manat) ezamiyyə xərcinin tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada müxtəlif vaxtlarda Mərkəzi Təchizat Departamentinin müdiri, Strateji inkişaf Departamentinin müdiri və baş direktorun kommersiya üzrə müavini vəzifələrində çalışmış İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iki ayın əmək haqqı istisna olmaqla, cəmi 14 ay üçün 84040 manat məbləğində əmək haqqını, xx.xx.2022-ci ildən xx.xx.2022-cü ilədək ezamiyyət dövrü üçün 18515 manat məbləğində ezamiyyə pulunu ödəməmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçı müvafiq dövrlər (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr və xx.xx.2021-ci il tarixli dövr üçün ezamiyyə xərci istisna olmaqla) üçün əmək haqqı və ezamiyyə xərclərini tələb etməkdə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi 84040 (səksən dörd min qırx) manat məbləğində əmək haqqının gecikdirilməsinə görə 336160 manat məbləğində ödəncin tutulması hissəsində yuxarıda qeyd olunanlara əsasən qismən əsaslıdır. Belə ki, göründüyü kimi iddia tələbi 62100 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində təmin edilmişdir. Bu səbəbdən də hazırda iddiaçının həmin məbləğdə əmək haqqının gecikdirilməsi ilə bağlı azı bir faiz məbləğdə ödənc tutulmasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi hazırda iddiaçı əmək haqqının 400 gün (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) gecikdirilməsinə görə hər gün üçün 1% ödənc tələb edir. Belə olanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək haqqının 400 gün gecikdirilməsinə görə hər gün üçün 1% ödənc olaraq cəmi 248400 manat (621 manat x 400 gün) məbləğində borc yaranmışdır. Yuxarıda qeyd olunanlara yekun olaraq məhkəmə bildirir ki, əmək haqqının hesablanması sahəsində məhkəmə ixtisaslaşmamışdır, cavabdeh "xxxx" ASC isə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün müvafiq sübutlar təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ödənilməmiş 62100 (altmış iki min yüz) manat məbləğində əmək haqqı, ezamiyyət dövrü üçün 3400 (üç min dörd yüz) manat və əmək haqqının gecikdirilməsinə görə 248400 manat ödənc, ümumilikdə 313900 (üç yüz on üç min doqquz yüz) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 62100 (altmış iki min yüz) manat məbləğində əmək haqqı, ezamiyyət dövrü üçün 3400 (üç min dörd yüz) manat və əmək haqqının gecikdirilməsinə görə 248400 manat ödənc, ümumilikdə 313900 (üç yüz on üç min doqquz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-206/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-206/2023
01.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver