Məhkəmə qərarları › İş №2(005)-2066/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2066/2025

10.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2066/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv edilib maklerə verilən pulları ondan yox, maklerin özündən alınıb qarşı tərəfə və onlara qaytarılmasını, əgər alqı-satqını ləğv etmək istəmirsə, evin real dəyərinə uyğun olaraq əlavə 30 min manat ödəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə alqı-satqı imzalamışlar. Lakin bu alqı-satqı onun sağlamlığına həddən çox mənfi təsir göstərmişdir. Bundan sonra baş hərlənməsi, stress və şok yaşayır. Çünki alqı-satqıda aldanmışdır deyə bu şok vəziyyətini yaşayır. O, nə qədər alan tərəfə evə çox aşağı məbləğ ödədiklərini bildirsə də, ona heç məhəl belə qoymadılar. Onda o, mütəxəssis və məlum olub ki, evin sahəsi köhnə çıxarışda olan 65,3 m2 yox, əslində 80 m2-ə yaxın sahəsi var. Və qiymət 175 000 deyil, 210000 manatdır. X2 imzası formasında olan mərkəzlə üzbəüz gözəl panoramalı, düz yeraltı keçidin yanında evin düz qarşısında avtobus dayanacağı yerləşir, geniş həyəti (2 sıra qoşa maşın sırası var, ortadan da rahat istənilən yol maşını keçir, metroya yaxındır) də var. Mənzilin özünün iki tərəfə çıxışı var. 3 ayrı otaqlar, ayrı hamam, ayrı tualet, 3.30 sm hündürlüyündə tavan, bir ildir əsaslı təmir olunub. Pol parket, plintus yenilənib, divar daşdandır (20-30 sm qalınlığı var). Hətta çardağı, belə təmizləyib, ayırıb abadlaşdırıb, istifadəyə yararlı etmişdir. O, çardağı abadlaşdırana qədər, orada evsiz eşiksiz insanlar məskən salırdılar. Evdə işıq, su, qaz daimidir. Bina özü də Heydər Əliyev prospektində, düz yolun qırağında yerləşir, ətrafında infrastruktur hamısı var. Ətrafda iaşə obyektləri, məktəblər, bağçalar, universitetlər də fəaliyyət göstərir. Bir sözlə evin heç bir problemi olmadığı halda, əksinə bütün üstünlükləri ola-ola qarşı tərəf ondan evin real qiymətini öldürüb özünə sərf edən qiymətlə onu alqı-satqıya aparıb. İndi o, alqı-satqını ləğv etdirmək istədiyi halda, qarşı tərəf maklerə verdikləri pulları da ondan çıxmaq istəyir. Həmçinin sənədlərin xərcini də ondan tələb edir. Və ona şər-böhtan ataraq özünü təmizə çıxarıb, guya evin real qiyməti 174000 min olduğunu deyir. Qarşı tərəf də məhz Nərimanovda yaşadığından özləri də gözəl bilirlər ki, evin qiymətini çox aşağı salıblar. Bütün Bakı şəhərinin sakinləri X1 yanına gəzintiyə gəldiyi halda, onların evləri, mənzilləri də birbaşa mərkəzə baxır. Onun yoldaşı da olmayıb ki, ona bu təmir-tikinti işlərində kömək olsun (4 ildir ki, rəhmətə gedib). Evin içində yaşaya-yaşaya dişiylə-dırnağıyla, min bir əziyyətlə bir ildi ki, təmir-tikinti işləri gördürmüşdür. Həm maddi, həm mənəvi, həm fiziki əziyyətlər çox çəkmişdir. Hələ bunlar azmış kimi, ev satılandan sonra qarşı tərəf onlara həm qeydiyyatdan çıxmağa, həm də evləri əşyalarını çıxarmaq üçün cəmi 1 ay vaxt verib. Hazırda onların Ağstafa rayonunda vərəsəliklə bağlı mülkün bölünməsi işlərinə baxılır. Və bu proses sonuncu qətnamə çıxana kimi ən azı 4-5 ay çəkəcək. Onlar qarşı tərəfə deyiblər ki, onlara 4-5 ay möhlət versinlər ki, mülk bölgüsündən sonra əşyalarını aparıb ora yerləşdirsinlər və qeydiyyata düşsünlər. Bunlar onları tələm-tələsik nəinki evi dəyərindən aşağı qiymətə satdırıb, hətta 1 ay müddətinə evi boşaltmalarını, eyni zamanda qeydiyyatdan da çıxmalarını tələb edirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir. İddiaçı həm cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Digər tərəfdən isə iddiaçı tam aydın ifadə edilməsə də, iddia ərizəsindən anlaşıldığı kimi mənzilin dəyərinin daha artıq olmasına əsaslanaraq, əsl dəyəri olaraq istinad etdiyi 210000 manat əvəzinə 175000 manat ödənilməsi səbəbindən 30000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Bu səbəbdən məhkəmə hesab edir ki, 30000 manat pulun ödənilməsi tələb edildiyinə görə 180 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsindən göründüyü kimi, ərizə qeyri-müəyyən olmaqla aydın formada tərtib edilməmiş, tələbin konkret nədən ibarət olduğu aydın şəkildə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul rüsum ödəyicisi İddiaçı (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar