Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2067/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ona məxsus qızıl-zinət əşyalarının - Badamı üzük, bilərzik, sep, sırğa dəsti - Rus qızılı, 583 əyyar, 18 qram - 1800 manat, cavabdehdən alınaraq ona verilməsi, qızıl-zinət əşyalarım aşkar edilməzsə, onların dəyəri olan 1 800 (bir min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət" Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 512 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyi üçün cavabdehlə aralarında tez-tez mübahisələr yarandığına görə, bir yerdə yaşamaqları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Qeyd edir ki, birgə nikah dövründə əldə olunan qızıl-zinət əşyaları evdən çıxan zaman cavabdehlə yaşadıqları evdə qalmışdır. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona məxsus qızıl-zinət əşyalarını aşağıdakılardan ibarətdir - badamı üzük, bilərzik, sep, sırğa dəsti - Rus qızılı, 583 əyyar, 18 qram - 1800 manat. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdeh tərəfindən Badam üzük bilərzik, sep, sırğa dəsti təqdim edildiyini, bu səbəbdən iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbində qeyd olunan əşyaların iddiaçıya verildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehə qarşı hazırki iddia tələbindən imtina etdiyindən, onun iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, hazırkı mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (********** saylı qəbz üzrə) ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən halları və iddiaçının sərbəst iradə ifadəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl” tələbinə dair 2(005)-2067/2024 saylı mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 191.2-ci, 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl” tələbinə dair 2(005)-2067/2024 saylı mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə (********** saylı qəbz üzrə) ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2067/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2067/2024
02.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver