Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-207/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna (üçüncü şəxs "xxxx" BOKT MMC-yə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna (üçüncü şəxs "xxxx" BOKT MMC-yə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 08.11.2019-cu il tarixli, 8İ-16578 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-16578 nömrəli, 08.11.2019-cu il tarixli icra qeydinə əsasən tələbkar "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə öhdəlik yaradan kredit müqaviləsinə əsasən 24 ay müddət üçün 08.11.2019-cu il tarixə hesablanmış 28073,10 manat əsas, 4373,72 manat faiz, 6120 manat dəbbə pulu, 1622,39 manat cərimə, cəmi 40190,21 manat borc üzrə tutma yönəldilməlidir. İcra qeydi Binəqədi rayon İcra və Probasiya şöbəsinin icraatında xəbəri olmadan icraata götürülmüş və icra edilməsi üçün hərrac təşkilatına yönəldilmişdir. İcra qeydində göstərilmişdir ki, vaxtında ödənilməmiş 40190,21 manat borc üzrə tutma yönəldilməlidir. Lakin Kredit müqavilələrinin 5.1.-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 16.10.2020-ci il müəyyən edilmişdir. Göründüyü kimi, 40190,21 manat məbləğində borc heç bir halda vaxtında ödənilməmiş borc ola bilməzdi, bu isə öz növbəsində borcun mübahisəsiz olduğunu təsdiq etmir, belə olan halda isə xüsusi notarius R.Sadıqov icra qeydinin verilməsi üçün heç bir qanuni əsası olmamış, buna görə də icra qeydi ləğv edilməlidir. İcra qeydinin verilməsi zamanı notarius borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsini yoxlamalı, icra qeydi borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Lakin notarius qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq kreditin qaytarılması üçün son müddətin tərəflərin qarşılıqlı razılığına əsasən 16.10.2020-ci il müəyyən olunmasına baxmayaraq borcun mübahisəsiz olduğunu araşdırmamış, icra müddəti çatmamış öhdəlik üzrə icra qeydləri vermişdir. BOKT-la aralarında bağlanmış kredit müqaviləsi üzrə 35000 manat borcun 23285 manatını müvafiq şəkildə BOKT-a qaytardığı, bu haqda müvafiq hesabdan çıxarış təqdim edilmədiyi halda cavabdeh yalnız BOKT-un icra qeydi üzrə təqdim etdiyi məktubu təmin etməklə kifayətlənmişdir. Məsələnin ən maraqlı tərəfi isə BOKT tərəfindən cavabdehə edilən təklifdə onun 23285 manat ödəniş etməyi təsdiq edən bir dənə belə olsun sənəd göstərilməmişdir. Bu isə öz növbəsində qeyd etdiyi kimi, İcra qeydi institutunun cavabdeh tərəfindən düz araşdırlmaması və doğru olmayan nəticəyə gəlinməsinə səbəb olmuşdur. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 08.11.2019-cu il tarixli 8İ-16578 reyestr nömrəli icra qeydinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi onun hüquqlarını pozduğuna görə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Bakı şəhəri 9 saylı Notariat Kontorunun vəkili X9 iddianın əsassız olduğunu qeyd edərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 08.11.2019-cu il tarixli, 8İ-16578 nömrəli icra qeydindən görünür ki, tələbkar "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə öhdəlik yaradan kredit müqaviləsinə əsasən 24 ay müddət üçün 08.11.2019-cu il tarixə hesablanmış 28073,10 manat əsas, 4373,72 manat faiz, 6120 manat dəbbə pulu, 1622,39 manat cərimə, cəmi 40190,21 manat borc üzrə tutma yönəldilməlidir. "xxxx" BOKT ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı 16.10.2018-ci il tarixdə illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmiş, kreditin müddətin 16.10.2020-ci il tarixi qeyd edilmişdir. Mədaxil qəbzlərinin surətindən görünür ki, müxtəlif vaxtlarda İddiaçı tərəfindən "xxxx" BOKT ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun bir hissəsini ödəmişdir. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, borclu tələbkara müraciət edərək, əmlakın yenidən özünün mülkiyyətinə qaytarılması üçün tələbkara olan borcundan 25000 manat tələbkarın göstərdiyi hesaba mədaxil edəcəyini, həmçinin əmlakın hərracdan alınması ilə bağlı tələbkarn çıkilmiş olduğu 6500 manat xərcin də barışıq sazişi bağlandıqdan sonra tələbkara ödəməyi və məhkəmə qərarından sonra icra şöbəsində olan borcunun adına yerləşdirilmiş 8200 manatın da tələbkara ödəməyi, tələbkar öz tələbindən imtina etməklə əmlakın ipotekadan azad olunması və borcun tam bağlanması barədə müvafiq ərizəni borcluya təqdim edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" BOKT arasında 16.10.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləyə əsasən İddiaçı 16.10.2020-ci il tarixədək illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu tələbkarın təqdim etdiyi sənədlər əsasında, araşdırma aparmadan 08.11.2019cu il tarixdə İcra qeydi tərtib edərək icra edilməsi üçün müvafiq icra qurumuna göndərmişdir. İddiaçı həmin icra qeydindən narazı qaldığından, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırılmış işin hallarına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş icra qeydinin surətindən və iddiaçı ilə BOKT arasında bağlanmış kredit müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı BOKT qarşısında öhdəliyin icra etməsinin son tarixi 16.10.2020-ci il qeyd edilsə də, icra qeydi bu müddət sona catmadan 08.11.2019-cu ildə tərtib olunmuş və icra olunması üçün müvafiq quruma yönlədirilmişdir. Həmçinin icra qeydində qeyd edilən 6120 manat dəbbə pulu və 1622,39 manat cərimə borcu əsas borc 28073,10 manat məbləğə mütanasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu əks edilməmişdir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-16578 nömrəli, 08.11.2019-cu il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-16578 nömrəli, 08.11.2019-cu il tarixli icra qeydi ləğv edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-207/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-207/2022
07.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver