Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2103/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Cavabdeh" MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 83 saylı "mənzilin tikintisinə dair" Podrat müqaviləsinin ləğv edilərək, həmin müqavilə üzrə cavabdehə ödənilmiş toplam 63599 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh "Cavabdeh” MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "Cavabdeh" MMC (direktoru Yeqanova A.R. şəxsində) arasında xx xxxx 2018-ci il tarixli 83 saylı "mənzilin tikintisinə dair" Podrat müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən sifarişçi İddiaçı podratçı “Cavabdeh" MMC-nə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz-F.Məmmədov- K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli 15 mərtəbəli yaşayış evinin E girişində, 13-cü mərtəbədə, ümumi sahəsi 66.3 kv m olan 1 otaqdan ibarət 294 saylı mənzilin tikintisini həvalə etmişdir. Müqavilə şərtlərinə əməl edərək, iddiaçı ilkin olaraq 25.000 manat, sonra isə qrafikə uyğun olaraq 38.599 manat, toplam 63599 manat ödəniş etmişdir. Hazırda ayı 1331 manat olmaqla, cəmi 7 ayın ödənişi qalmışdır. İddiaçı hər dəfə 2-3 aylıq ödənişi birdən həyata keçirmiş, yəni cəmi 12 ödənişlə 29 ayın ödənişini həyata keçirmişdir. Lakin, müqavilə bağlanandan təxmini 1 il 10 ay keçməsinə baxmayaraq, qeyd olunan ərazidə hər hansı tikinti-inşaat işləri aparılmamış, inşa olunmalı binanın heç bünövrəsi salınmamışdır. İddiaçı binanın tikintisinin nə vaxt başlayacağı, nə vaxta qədər inşa işlərinin aparılması və mənzilin iddiaçıya nə zaman təhvil verilməsi məlum olmadığı üçün narahat olduğunu bildirmiş və müqaviləni pozmaq qərarına gəlmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada xx xxxxxx 2020-ci il tarixdə cavabdehə "müqavilənin ləğv edilməsinə dair” Təklif göndərilmiş və 10 gün müddətində cavab verilməsi xahiş olunmuşdur. Daha sonra ölkədə korona virusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminə görə iddiaçı bütövlükdə mart ayını nəzərə alaraq iddia qaldırılmasını ertələmişdir. Bu müddət ərzində də cavabdeh tərəfindən iddiaçı ilə əlaqə saxlanılmamış, onun yazılı və şifahi müraciətlərinə cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında podratçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz,F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli 15 mərtəbəli yaşayış evinin E girişində, 13-cü mərtəbədə, ümumi sahəsi 66.3 kv.m olan 1 otaqdan ibarət 294 saylı mənzilini tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi 1 otaqlı, tam sahəsi eyvanla birlikdə 66.3 kv.m mənzilin 1 kv.m. sahəsinin qiyməti 1100 AZN olmaqla, cəmi 72.930 AZN təşkil edir. Eyni zamanda sifarişçi müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin bir hissəsi olan 25.000 AZN məbləğində pulu ödəyir; Cavabdeh MMC xx.xx.2018-ci il tarixində 25.000 AZN,xx.xx.2018-ci il tarixində 6655 AZN, xx.xx.2018-ci il tarixində iki aylıq ödəniş 2662 AZN, xx.xx.2018-ci il tarixində 3 aylıq ödəniş 3993 AZN, xx.xx.2018-ci il tarixində 2 aylıq ödəniş 2662 AZN, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixində 2662 AZN, xx.xx.2019-cu il tarixində 1331 AZN, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixində 3993 AZN kassa mədaxil orderlərinə əsasən İddiaçı tərəfindən ödənilmiş həyata keçirilmişdir; xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixini əhatə edən ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinə qədər Cavabdeh MMC-yə 1331 AZN məbləğində ödəniş etmişdir; Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mərəndskiy və Partnyorları” Vəkil Bürosunun Cavabdeh MMC “Sipark yaşayış kompleksi”nə ünvanlanmış xx.xx.2020-ci il tarixli “müqavilənin ləğv edilməsi barədə təklif”in surətindən görünür ki, vətəndaş İddiaçı “Mərəndskiy və Partnyorları” Vəkil Bürosu ilə “Hüquqi yardım haqqında №035 saylı Müqavilə” bağlayaraq ona hüquqi yardımın göstərilməsini xahiş etmişdir. Həmin müqavilə əsasında Vəkil xx.xx.2020-ci il tarixli, ******* saylı Order verilmiş, həmçinin xx.xx.2020-ci il tarixli, AR-İ№999789 saylı etibarnamə əsasında Vəkil vətəndaş İddiaçı səlahiyyətli nümayəndəsi qismində çıxış edir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Mənzilin tikintisinə” dair №083 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Podratçı qismində çıxış edən Cavabdeh MMC öz üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz,F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli 15 mərtəbəli yaşayış evinin E girişində, 13-cü mərtəbədə, ümumi sahəsi 66.3 kv.m olan 1 otaqdan ibarət 294 saylı mənzili Sifarişçiyə təhvil vermək öhdəliyi götürmüşdür. Müqavilə şərtlərinə əsasən İddiaçı ilkin olaraq 25.000 manat, sonra isə qrafikə uyğun olaraq 38599 manat, toplam olaraq 63599 manat ödəniş etmişdir. Hazırda ayı 1331 manat olmaqla, cəmi 7 ayın ödənişi qalmışdır. Lakin İddiaçı müqavilə bağlandıqdan təxmini 1 il 9 ay müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmamış, inşa olunacaq tikilinin heç bünövrəsinin salınmamasını bildirmişdir. Qeyd olunanlara əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, “Mənzilin tikintisinə” dair №083 saylı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş bütün məbləğin qaytarılması təklif olunmuş, müddət olaraq 10 gün müəyyən olunmuşdur. Müqavilənin ləğv edilməsinə dair xx.xx.2020-ci il tarixədək tərəflərindən dəvət olmadığı təqdirdə xx.xx.2020-ci il tarixdə dəymiş zərərin ödənilməsi və əldən çıxmış faydanın tutulması, həmçinin hüquqi yardımın göstərilməsi və sair xərclərin tutulması barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə baağlanmış, Həmin müqaviləyə görə podratçı qismində Cavabdeh MMC öz üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz,F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli 15 mərtəbəli yaşayış evinin E girişində, 13-cü mərtəbədə, ümumi sahəsi 66.3 kv.m olan 1 otaqdan ibarət 294 saylı mənzili Sifarişçiyə, İddiaçı təhvil vermək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Müqavilə şərtlərinə əsasən İddiaçı ilkin olaraq 25.000 manat, sonra isə qrafikə uyğun olaraq 38599 manat, toplam olaraq 63599 manat ödəniş etmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, buna görə də, xx xxxx 2018-ci il tarixli, 83 saylı "mənzilin tikintisinə dair" Podrat müqaviləsinin ləğv edilərək, həmin müqavilə üzrə cavabdehə ödənilmiş toplam 63599 manat pulun tutulmasını tələb edir. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, . müqavilə bağlandıqdan təxmini 2 ilə yaxın müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən X2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə iddia tələbinin “ podrat müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək öhdəliyin icra edilməsini, müqaviləsinin ləğv edilməsi və zərərin ödənilməsini tələb edilmişdir. Eyni zamanda, icarə haqqının ödənilməsi tələb edilmiş edilmişdir. Bununla belə, məhkəmə cavabdehə ünvanlanmış bu bildirişi (pretenziya məktubunu) iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edilməsi kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddiaçı hüquqi nəticə etibarı ilə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etmişdir və bu səbəbdən iddia tələbi Podratçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya ödənilmiş cəmi 63599 manat pulu ödəməlidir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə cavabdehə ödənilmiş cəmi 63599 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə ləğv olunduğu halda və iddiaçı tərəfindən müxtəlif vaxtlarda 63599 manat ödənişin həyata keçirilməsi iş materialları ilə təsdiq olunduğundan bu hissədə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, müqavilə ləğv edilməli, müqavilə üzrə ödənilmiş 63599 manat pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia təmin edilsin. Cavabdeh “Cavabdeh" MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 83 saylı "mənzilin tikintisinə dair" Podrat müqaviləsi ləğv edilsin. Müqavilə üzrə cavabdehə ödənilmiş 63599 (altmış üç min beş yüz doxsan doqquz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "Cavabdeh” MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2103/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2103/2020
09.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver