Məhkəmə qərarları › İş №2(005)-2115/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2115/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2115/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimenti tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimenti tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə faktiki nikahdan doğulmuş 11.06.2020-ci il təvəlldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün mənə hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də oğlu İsmayılın 3 yaşına çatanadək onun özünə ayda 100 manat məbləğində maddi yardımın, habelə Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatına köçürdüyü 50 manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 21.02.2019-cu ildə Cavabdeh tsmayıl oğlu ilə faktiki nikaha girərək ailə qurmuş, onunla birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda cavabdehlə olan faktiki nikahdan 27.02.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə rəsmi nikah olmadığına görə onunla birlikdə hər ikisinin razılığı ilə 1 saylı «ASAN Xidmət» Mərkəzinin qeydiyyat şöbəsinə rəsmi ərizələrlə müraciət edərək, uşağa doğum haqqında şəhadətnamə almışlar. 30.08.2021-ci ildə cavabdeh onu azyaşlı uşağı ilə birlikdə birgə yaşadıqları evdən dava-dalaşla qovub çıxarmış və həmin vaxtdan onunla olan ailə münasibətləri kəsilmişdir. Cavabdeh indiyə kimi uşağa və ona heç bir maddi köməklik göstərməmişdir. Hazırda oğlu İsmayıl azyaşlı olduğuna görə heç bir yerdə işləyə bilmir, valideynlərinin maddi köməkliyi ilə özünü və İsmayılı dolandırır, eyni zamanda valideynlərinə məxsus evdə qalırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək, iddia tələbinin təmin olunmasnı məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X3 27.02.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2622 nömrə ilə qeyd edilmişdir. 18.03.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 18.03.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmədə mülki iş materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən 27.02.2020-ci il təvəllüdlü X3 doğulmuş, tərəflərin münasibətləri pozulmuş, onlar hazırda ayrı yaşayırlar, azyaşlı uşaq isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 193 (iki yüz) manat məbləğində alimentin və uşağın 3 yaşına çatanadək onun özünə ayda 100 manat məbləğində maddi yardımın tutulmasını xahiş edir. İddiaçı övladının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması 18.04.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Göründüyü kimi iddiaçı 27.02.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 manat məbləğində pul tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malik şəxslər sırasında olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunun tələb etdiyi zəruri vəsaitə malik olması ilə bağlı məhkəmədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən tələb bu hissədə əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını, nikah məhkəmə qaydasında pozularkən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması müəyyən edilməsini, hazırki mülki iş üzrə aliment cavabdeh tərəfindən tələb edildiyinən və alimentin cavabdehin xeyrinə tutulmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2316 manat təşkil etdiyindən, 43,16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 27.02.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 193 manat hər ay sabit pul məbləğində aliment İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalı, iddiaçı tərəfindən mediasiyaya dair ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 27.02.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulması vaxtı 18.04.2022-ci il tarixindən hesablansın. Cavabdeh X1 İddiaçı xeyrinə 50 manat mediasiyaya dair ödənilmiş rüsumun əvəzi tutulsun. X1 43,16 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar