Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2132/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, anasının ögey dayısı qızı olan Cavabdeh qızı Nərgizi bacısı Mədinənin qaynı Aminlə evlənmək məqsədi ilə tanış etmişdir. O, Nərgizlə Amini tanış etdikdən bir müddət sonra onlar ailə qurmuşlar. Nərgizlə Amin ailə qurduqdan sonra keçən bir il yarım müddət ərzində aralarında baş verən hər münaqişədən sonra Nərgiz səbəbsiz yerə onu və anasını günahlandırmışdır. Bacısının xətrinə hər dəfə susmuşlar, bir gün isə bacısı zəng edərək Nərgizin ayrı evə çıxmaq məqsədilə hər dəfə evdə səbəbsiz yerə dava-dalaş salaraq hamını şərlədiyini, qaynanası Gülzara hücum çəkərək vurmaq istəyəndə evin balaca oğlu Eminin araya girərək müdaxilə etdiyini bildirmişdir. Bacısının qaynanası Gülzarın ürəyində stend olduğundan və ağır dərəcəli şəkər xəstəsi olduğu üçün həmin gecə həyəcandan komaya düşmüş, hadisənin səhəri günü 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılmışdır. Bacısının qaynatası Kamil Musayev cavabdehdən qızını aparmasını tələb etmişdir. Bundan sonra anası və cavabdeh ayrı-ayrılıqda ora getmişlər. Evdə bacısının qaynatası anasına demişdir ki, “Xavər bacı sənin qızın bu ailədə hörmət qazanan gəlindir, biz də bu gəlinimiz yaxşıdır deyə qohumunun da onun kimi gəlin olacağına inanıb oğlum Aminə almışıq. Bu ailə belə yalançı, həyasız, mədəniyyətsiz idisə niyə bizim ailəyə məsləhət bildiniz?” Anası da sualın qarşılığında demişdir ki, “mən də yaxşı tanımamışam.” Bu sözdən sonra cavabdeh anasının üstünə hücum etmişdir. 2-3 gün sonra cavabdeh ona zəng edib təhqir etmiş, “əgər qızımı boşasalar sizi şərləyəcəyəm” demişdir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinə gedib İlhamə barədə şikayət ərizə yazmış, cavabdeh isə Nərmanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək onu ölümlə hədələdiyi barədə şər-böhtan atmışdır. Bundan başqa cavabdeh, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına barəsində həqiqətə uyğun olmayan məlumatlar verməklə onu işlədiyi qurumda nüfuzdan salmağa çalışmışdır. Cavabdehin bu hərkətləri onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən vətəndaş Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır; Cavabdeh Azərbaycan Respublikasının Vəkillər X2 Bağırova ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədə göstərmişdir ki, Sumqayıt regional vəkillər bürosunun işçisi İddiaçı (Qasımova) özünü məhkəmə işçisi kimi təqdim edərək qızının ailəsinə müdaxilələr etmişdir. Heç bir əxlaqa sığmayan nalayiq söyüşlərlə onu və qızını təhqir etmiş, ailəni ölümlə hədələmişdir. Bunlar barədə whatsapp yazışmaları və səs yazıları vardır. Heç bir hüquqi təhsili olmayan bu şəxsi kimin himayə etdiyini bilmir. Qeyd edilənləri nəzərə alaraq həmin şəxs barədə tədbir görülməlidir; “Şimal” Vəkil Bürosunun Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı büroda 2021-ci ildən xəzinədar vəzifəsində işləyir və bu vəzifə üçün hər hansı ali məktəbi qurtarmaq tələb olunmur. İddiaçı işlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, heç bir irad və cəza almamışdır. Təhqir edilmə bildirilsə də, bunun doğru və ya yalan olmasını məhkəmə araşdırması yolu ilə müəyyən etmək olar, əks halda sübuta yetirilə bilməsə Cavabdeh böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilər; Qəbzdən görünür ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 120 manat dövlət rüsumu ödəmişdir; xx.xx.2024-cü il tarixli Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsində xəstə müayinə və müşahidə formasından görünür ki, X1 oyanıqlıq, əsəbilik, təşviş və həyəcan pozuntusu şikayətləri ilə ambulansla acilə gətirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən İddiaçı uzun müddətli tanışlıqlarından irəli gələrək Cavabdeh övladının ailə qurması üçün vasitəçi rolunda çıxış etmiş, lakin bundan sonra ailədaxili münaqişələr zamanı cavabdeh iddiaçını və yaxınlarını günahlandırmış, onları dəfələrlə mənəvi sarsıntıya məruz qoymuş, polis orqanlarına və Vəkillər Kollegiyasına müraciətlər ünvanlamaqla iddiaçını nüfuzdan salmağa cəhd göstərmişdir. Bu səbəbdən iddiaçı öz hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əassən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki Cavabdeh Vəkillər Kollegiyasına ünvanladığı ərizədə büroda fəaliyyət göstərən İddiaçı qeyri-əxlaqi davranışlar sərgiləməsi, onu ölümlə hədələməsi və ali təhsili olmadan qanunsuz işləməsi barədə məlumatlara yer vermişdir. Lakin “Şimal” Vəkil Bürosunun cavab məktubundan göründüyü kimi iddiaçı əmək funksiyalarını məsuliyyətlə və qüsursuz şəkildə yerinə yetirmiş, ona indiyə kimi hər hansı irad bildirilməmişdir. Həmçinin onun tutduğu vəzifə üçün ali təhsil tələbi mövcud olmamış, işə qəbul prosesi tam qanuni əsaslarla həyata keçirilmişdir. Habelə iş materiallarından olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən vətəndaş Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmış, yəni cinayət tərkibinin əlamətləri mövcud olmamışdır. Belə olduğu halda, cavabdehin istinad etdiyi hallar əsassızdır və onun reallığı əks etdirməyən məzmunlu ərizələri müxtəlif orqanlara göndərməsi iddiaçının şərəf və ləyaqətini alçaltmaqda, işgüzar nüfuzuna xələl gətirməkdədir. Bu səbəblərdən iddiaçı və yaxınlarının mənəvi sarsıntı keçirməsi aşkardır və iş materiallarında olan tibbi arayışla da təsdiq olunur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə olan halda məhkəmə mənəvi zərərə görə pul tələbinin 300 manat məbləğində təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərə görə 300 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə nisbətdə 120 manat dövlət rüsumunun 3,60 manatı Cavabdeh tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 300 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə nisbətdə 120 manat dövlət rüsumunun 3,60 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2132/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2132/2025
17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver