Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2166/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (Bondarenko İryna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğulları X9 və X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə yaşayış müddətində iki uşaqları-2009-cu il təvəllüdlü X9 və 2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdehlə artıq uzun müddətdir ki, birlikdə yaşamırlar, uşaqlar onunla yaşayır. Onun bildiyinə görə cavabdeh “Caspian Drilling” LTD şirkətində çalışır. Bu səbəbdən qazancının 1/3 hissəsi miqdarında aliment tutulmasını xahş edir. Məhkəmə tərəfindən Bondarenko İryna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına uyğun olaraq, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Lakin onun ödədiyi aliment məbləği çıxdıqdan sonra digər 2 övladına ödəyəcəyi alimentin məbləği təxmini 1000 manat edir və bu da ölkə üzrə 1 uşağa görə nəzərdə tutulmuş 220 manatdan 380 manat çoxdur. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Belə ki, iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-nin 77-ci maddəsinə əsasən sübutetmə yükü də onun üzərinə düşür. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Beləliklə o, iddia tələbinin qismən təmin edilməsi, yəni mediasiya sessiyasında qəbul edilmiş sazişin nəzərə alınması, sazişdə qeyd edilmiş həmin məbləğ çıxıldıqdan sonra qalan məbləğin 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bondarenko İryna Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixində notarial təsdiq edilmiş ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə aralarında 18 saylı mediasıya təşkilatında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən o, ona hər ay övladları X1 üçün 2000 manat verməyi öhdəsinə götürmüşdür. Hazırda onlar ayrı yaşayırlar. May ayının 15-i ilk ayda o 2000 manat ödəmişdir. Nəzərə alınmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ölkədən kənarda olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bondarenko İrynaya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki mülki işin aliment tələbi ilə bağlı olması və müvafiq işlərə baxılmasının qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlərini, eləcə də cavabdehin üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən hər hansı bir sənədin təqdim edilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 435459 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2008-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2555 nömrə ilə qeyd edilmişdir; Nikahdan sonra arvada “Abbasova” soyadı verilmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X9 doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir; - xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İryna Bondarenko, xx.xx.2016-ci il təvəllüdlü X2 üçün 2023-cü ilin aprel ayının 15-dən başlayaraq növbəti ayın 1-dən gec olmayaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 2000 manat aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər; - “X13” LTD-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh hazırda sualtı avadanlıq üzrə mühəndis vəzifəsində çalışır, onun 2022-ci il üzrə illik gəliri 68060,64 manat, 2023-cü ilin may ayınadək dövr üzrə gəliri 37189,15 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər hazırda nikah münasibətlərində olsalar da, 1 ildən çoxdur ki ayrı yaşayırlar. İddiaçı cavabdehin uşaqların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə faktiki nikahdan olan digər uşağına aliment ödədiyini əsas gətirərək təyin ediləcək alimentin məbləğinin azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Uşaqlar üçün məhkəmə qaydasında alimentin tutulma qaydasını və miqdarını müəyyənləşdirən Ailə Məcəlləsinin 76-78-ci maddələrinin məzmunundan görünür ki, alimentin sabit pul məbləğində və ya hissə şəklində tutulması tələbini irəli sürmək bir qayda olaraq iddiaçının seçimindən asılıdır. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə isə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Cavabdehin etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə görə, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İryna Bondarenko, xx.xx.2016-ci il təvəllüdlü X2 üçün 2023-cü ilin aprel ayının 15-dən başlayaraq növbəti ayın 1-dən gec olmayaraq uşaq yetkinlik yaşına çatana qədər hər ay 2000 manat aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Lakin qeyd olunmalıdır ki, cavabdehin İryna Bondarenko ilə ailə həyatı qurduğu, onların bu nikahdan bir övladlarının olduğu və ona aliment ödənildiyi qeyd edilsə də, iş materiallarından və iddiaçının əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlardan göründüyü kimi, iddiaçı ilə cavabdehin birgə nikahları pozulmamışdır və rəsmi nikah münasibətlərindədirlər. İddiaçı yalnız iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Barışıq sazişinin nəzərə alınması və aliment məbləğinin azaldılması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi onun nikahdan kənar doğulmuş uşağı üçün 2000 manat aliment ödədiyini və bu halın aliment müəyyən edilərkən nəzərə alınmalı olduğunu bildirsə də, barışıq sazişinin həqiqiliyi, cavabdehin uşağa həqiqətən aliment ödəməsi digər sübutlarla (qətnamə) təsdiq edilməli olduğundan mövcud vəziyyətdə mediasiya prosesində bağlanmış həmin barışıq sazişi qanunvericiliklə iki uşağa görə müəyyən edilmiş alimentin azaldılması üçün mütləq əsas kimi çıxış edə bilməz. Həmçinin vurğulanmalıdır ki, Ailə Məcəlləsinin 1.4 və 1.5-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu baxımdan “Mediasiya haqqında” Qanunda ailə mübahisələrindən irəli gələn mübahisələrə mediasiyanın tətbiqinin zəruriliyi müəyyən edilmişdir. Hazırki işdə isə cavabdehin digər uşağın anası ilə rəsmi deyil, faktiki nikah münasibətlərində olduğu nəzərə alınarsa, həqiqətən də barışıq sazişində göstərilmiş hallarla bağlı, digər uşağına cavabdehin aliment ödəməsi barədə mübahisə olduğundan və həmin hallar uşaqların mənafeyinə toxunduğundan mediasiya prosesində bağlanmış barışıq sazişi mötəbər sübut kimi qəbul edilə bilməz. Bu baxımdan müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hazırki işdə maraqlı olduğunu nəzərə alaraq məhkəməyə göndərdiyi ərizə də cavabdehin etirazını təsdiq edən mötəbər sübut hesab oluna bilməz. O da qeyd olunmalıdır ki, barışıq sazişinin bağlandığı tarixin iddiaçının mediasiya təşkilatına müraciət etdiyi tarixlə üst-üstə düşməsi xüsusilə diqqətçəkən məqamdır. Həmçinin iddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında cavabdehin digər qadınla birlikdə yaşadığını, qohumlarının evinə birlikdə getdiklərini, alimentdən yayınmaq üçün müvafiq barışıq sazişi bağladığını bildirmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən Qərarına görə, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Hazırki işdə isə məhkəmə qətnaməsi deyil, məzmunun həqiqiliyi araşdırılmalı olan barışıq sazişi təqdim edilmişdir. Beləliklə, məhkəmə hazırki iş üzrə tərəflərin birgə nikahından 2 uşağının olmasını, iddiaçının alimentin sabit pul məbləğində deyil, qazancın müəyyən hissəsi (üçdə bir hissəsi) şəklində ödənilməsi tələbini, cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment təyin edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81 və 217.4-cü maddələrinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə xx.xx.2023-cü il tarixli, 16(005)-158/2023 saylı qərardadı nəzərə alınmaqla) Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2166/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2166/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver