Məhkəmə qərarları › İş №2(005)-218/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-218/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-218/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: qızıl zinət və cehiz əşyalarının qaytarılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan yuxanda adları qeyd olunan daşınar əmlaklarının, Cavabdeh qanunsuz sahibliyindən ona geri qaytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda, həmin qeyd olunan daşınar əmlakların dəyərinin eləcədə 155 manat dövlət rüsumunun öz xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh ilə birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü, X4 və xx.xx.2016-cı il təvəllüdlü, X6 adlı övladları dünyaya gəlmişdir. Lakin birgə yaşadıqları dövrdə aramızda ciddi ünsiyyət problemləri yaşanmağa başlamış və dəfələrlə ailə münaqişəsi zəminində əsassız mübahisələri olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(005)- 4576/2021 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdedlə nikah bağladıqdan sonra mövcud olan adətənənələrə uyğun olaraq ailə qurduqdan sonra yaşadıqları mənzilə gəlin köçərək “cehiz" kimi müəyyən daşınar əmlakları, o cümlədən mənə hədiyyə olaraq verilmiş qızıl-zinət əşyaları həmin evə gətirmişdir. Lakin hal-hazırda həmin əşyaları sözügedən mənzildən götürə bilmir. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. Mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə“ informasiya sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus qızıl-zinət əşyaları: 8000 manat dəyərində 750 əyarlı, çəkisi 70 qram olan qızıl kolye dəstinin; 500 manat dəyərində 750 əyarlı, çəkisi 6 qram olan qızıl təkqaş nişan üzüyünün; 300 manat dəyərində çəkisi 6 qram olan qızıl “Alyans” üzüyün; 500 manat dəyərində 750 əyarlı, çəkisi 6 qram olan qızıl tək qaş üzüyün; 500 manat dəyərində 585 əyarlı, çəkisi 6 qram olan qızıl boyunbağının; 400 manat dəyərində 583 əyarlı, çəkisi 6 qram olan qızıl “Paxlava” üzüyün; 700 manat dəyərində 750 əyarlı, çəkisi 7 qram olan qızıl qolbağının; 600 manat dəyərində 750 əyarlı, çəkisi 6 qram olan qızıl mirvari qaşlı üzüyün; 500 manat dəyərində 750 əyarlı, çəkisi 5 qram olan qızıl sırğanın (ümumi dəyəri 12.000 (on iki min) manat); cehiz əşyaları: 500 manat dəyərində çay və yemək dəstinin; 80 manat dəyərində “armudu” stəkan-nəlbəkinin; 300 manat dəyərində süfrələrin; 150 manat dəyərində Çexiya istehsalı olan bohemanın; 260 manat dəyərində Çexiya istehsalı olan 2 ədəd meyvə qabının; 150 manat dəyərində 4 ədəd mürəbbə qabının; 135 manat dəyərində 3 ədəd qazanın; 450 manat dəyərində çilçırağın(lüstr); 110 manat dəyərində 2 ədəd konfet qabının; 200 manat dəyərində xalçanın; 400 manat dəyərində 2 ədəd yorğanın və 1 ədəd döşəyin; 300 manat dəyərində 2 ədəd yastıq və yataq örtüsünün; 420 manat dəyərində 2 ədəd yataq dəstinin; 130 manat dəyərində 12 ədəd hamam dəsmalının; 100 manat dəyərində 12 ədəd çay dəsmalının; 120 manat dəyərində 12 ədəd əl dəsmalının; 100 manat dəyərində 12 ədəd bakalın; 4500 manat dəyərində yataq mebel dəstinin; 1200 manat dəyərində “Canon” markalı fotoparatın sırğanın (ümumi dəyəri 9605 (doqquz min altı yüz beş) manat) Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, qeyd olunan əmlakların hər hansı biri cavabdeh tərəfindən satıldığı və ya məhv edildiyi təqdirdə həmin qızıl-zinət və cehiz əmlaklarının dəyərinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2026-cı il tarixdə “Elektron Məhkəmə“ informasiya sistemi vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh qızıl-zinət əşyaları:- 750 əyarlı, çəkisi 70 qram olan 8000 (səkkiz min) manat dəyərində kolye dəstinin; 750 əyarlı, çəkisi 0,6 qram olan 500 (beş yüz) manat dəyərində nişan üzüyünün; çəkisi 0,6 qram olan 300 (üç yüz) manat dəyərində “Alyans” üzüyün; 750 əyarlı, çəkisi 0,6 qram olan 500 (beş yüz) manat dəyərində tək qaşlı üzüyün; 585 əyarlı, çəkisi 0,6 qram olan 500 (beş yüz) manat dəyərində boyunbağının; 583 əyarlı, çəkisi 0,6 qram olan 400 (dörd yüz) manat dəyərində “Paxlava” üzüyün; 750 əyarlı, çəkisi 0,7 qram olan 700 (yeddi yüz) manat dəyərində qolbağın; 750 əyarlı, çəkisi 0,6 qram olan 600 (altı yüz) manat dəyərində mirvari qaşlı üzüyün; 750 əyarlı, çəkisi 0,5 qram olan 500 (beş yüz) manat dəyərində sırğanın, cehiz əmlakları:- 500 (beş yüz) manat dəyərində olan çay və yemək dəstinin; 200 (iki yüz) manat dəyərində olan xalçanın cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin əmlakların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbinə qismən etiraz edir, iddianı qismən qəbul edir, iddianın qalan, yəni aşağıda sadaladığı hissəsini isə əsassız və yalan olduğu üçün rədd edilməsi (həmin hissədə təmin edilməməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ən əvvəl onu qeyd edir ki, iddiaçının gəlin köçdüyü zaman gətirdiyi (məhz gətirdiyi, ərizədə göstərdiklərinin bir qismi) cehiz əşyaları toxunulmaz vəziyyətdə evdədir (qızıl-zinət əşyaları istisna olmaqla), iddiaçı ilə boşandıqdan sonra dəfələrlə həm iddiaçının özünə, həm də onun valideynlərinə evdən ona məxsus cehiz əşyalarının çıxarılması tələbi ilə müraciət etsələr də, guya yerlərinin olmadığı bəhanəsi ilə onları aparmaqdan imtina etmiş, indi isə ərizədə tam əsassız olaraq guya ona məxsus əşyaları götürə bilmədiyini göstərir, sonra isə bu barədə aralarında mübahisə olmadığı halda, qərəzli məqsəd güdən, yəni gətirmədiyi əşyaları siyahıya əsassız olaraq əlavə etmək və əşyaların sayını şişirdilmiş rəqəmlərlə göstərmək, bununla da guya çatışmaya əşyaların haqqını “qoparmaq” məqsədilə süni iddia qaldırmışdır. Belə ki, iddiaçı ərizəsində göstərdiyi cehiz əşyalarından bəziləri ümumiyyətlə olmayıb, bəzilərinin isə sayını bilərəkdən artıq yazıb. Yəni, cehiz əşyaları üzrə: Çay və yemək dəsti (500 manat) olmayıb. Çcxski bogema (150 manat) - olmayıb. Çcxski meyvə qabı - 2 ədəd (260 manat) - olmayıb. Mürəbbə qabı - 4 ədəd (150 manat) - olmayıb. Çay dəsmalı - 12 ədəd (100 manat) - olmayıb. Bakal - 6 ədəd (100 manat) - olub (ev yanarkən yararsız hala düşüb). Qazan - 3 ədəd (135 manat) - olub (ev yanarkən yararsız hala düşüb). Xalça - İ ədəd yanıb. Yorğan-döşək - hərəsindən 1 ədəd (siyahıda yorğanı 2 ədəd göstərir). Hamam dəsmalı - faktiki olaraq 4 ədəd olub. Əl dəsmanlı - 12 ədəd (120 manat) - faktiki 4 ədəd olub. Canon markalı fotoaparat – “olub bizdədi”. Qalan əşyalar yerindədir. Siyahıda göstərilən qızıl-zinət əşyaları üzrə: Kolye dəsti - çəkisi 70 qr. Deyil 45 qr. olub. Nişan üzüyü (tək qaş) - çəkisi 6 qr. deyil 3 qr. olub. Alyans üzük - çəkisi 6 qr. olub. Tək qaş üzükü çəkisi 3 qr. (təkrar yazılıb (2 sıraya bax)) Boyunbağı - olmayıb. Paxlava üzük - olmayıb. Qolbaq - çəkisi 7 qr. olub. Mirvari qaşlı üzük - çəkisi 6 qr. - olmayıb. Sırğa - olmayıb (sırğa kolye dəstində olub). Bildirir ki, iddiaçının siyahıda göstərdiyi qızılların 4-ü ümumiyyətlə olmayıb (olubsa, sübutunu məhkəməyə təqdim etsin), 1-i təkrar, yəni 2 dəfə yazılıb, 2 və 3-cü sırada göstərilən qızılların çəkişi və əyarı şişirdilmiş (artırılmış) miqdarda göstərilib, siyahıda yalnız 3-cü və 7-ci sırada göstərilən qızılların çəkisi düzgün göstərilib. Bildirir ki, ona məxsus olan bütün qızıllar həmişə onun özündə olub, evdən xəbərsiz ona məxsus bütün qızıllar və xırda (əllə daşına bilən) şəxsi əşyaları ilə birlikdə çıxaraq atası evinə gedib. Yəni, hazırda ona məxsus qızılların heç bir nə özündə, nə də evində yoxdur. Bunu iddiaçı özü yaxşı bildiyi halda, əsassız olaraq ondan qızıl tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi bə tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4576/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Zülfüqarova) Əminə Əsgər qızı arasında xx.xx.2012-ci Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 699 nömrəli akt qeydi ilə rəsmileşdirilmş nikah pozulması, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 (anası) Məmmədova (Zülfüqarova) Əminə Əsgər qızının yanında saxlanılması, alimentin məbləğinin 10 sentyabr 2021-ci il tarixdən hesablanması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı nəzərə alınmaqla, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün hər ay 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Zülfüqarova) Əminə Əsgər qızının xeyrinə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2416/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli 9/10455 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 06 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 13700,00 manat müəyyən edilir. Digər 03 adda zərgərlik məmulatının üzərində olan brilyant qaşların ayrı-ayrılıqda sayı, keyfiyyəti, ölçüsü və s. barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi, tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyərək, iddia ərizələrini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -154.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrıayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarı: Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra iddiaçı cavabdeh tərəfə məxsus mənzilə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan 2 övladları var. Bir müddət sonra iddiaçı ilə Cavabdeh ailə münasibətləri pozulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4576/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı özünə məxsus qızıl-zinət və cehiz əşyalarının gəlin köçdüyü evdə qaldığını bildirərək, onların qaytarılmasını tələb edir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin (iddia tələbinin - qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması hissəsi) halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinyət və s. əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehlərin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır. Məhz bununla bağlı iddiaçının evdən getmə şəraiti, qızılların və digər əşyaların aparmasını sübutetmə yükünün kimin üzərinə düşdüyünün müəyyən olunması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçı iddia ərizəsində (iddia tələbinin həcminin azaldılması barədə ərizəsində) qeyd etdiyi qızıl zinət və cehiz əşyalarının mübahisəli evdə qaldığını – cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etsə də, buna dair məhkəməyə əsaslı şübhədən kənar, mötəbər sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1962-ci il təvəllüdlü X7 bildirmişdir ki, iddiaçının bibisi, həm də cavabdehin qonşusudur. Heç bir tərəfdən pislik görməmişdir. Cavabdehin anası onu çağıraraq ev tikildiyini, iddiaçı və cavabdehin orada yaşayacağını bildirmişdir. Həmin cehiz əşyalarının daşınmasında özü şəxsən iştirak etmişdir. Burada çay, yemək dəsti, armudu stəkan nəlbəki ilə birlikdə, qazan servislər, yataq mebel dəsti, 1 xalça, lüstür, çexski bakallar var idi. Qardaşının arvadının bacısı Çexiya Respublikasına gedərkən alınıb, bəzi əşyalar isə Sədərək Ticarət Mərkəzindən almışdırlar. Cehizlər iddiaçının qaynanasına məxsus evə gəlmişdi, lakin sonradan təzə evə köçürülmüşdür. Cavabdehin anası onu şəxsən çağıraraq Əminə ilə Nazimin evini göstərmişdir. İddiaçı oranı tərk edəndən sonra evi kirayəyə vermişdirlər. Əşyalar digər evə köçürülərkən orada olmuşdur, hətta kömək də etmişdir. Lakin qonaq kimi getməmişlər, çünki Əminəyə yaxın belə gedə bilməmişdirlər. Əşyaları aparmışlar, onların özləri isə yerləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1973-cü il təvəllüdlü Mirzaeva Nazıla bildirmişdir ki, cavabdeh bibisinin nəvəsidir. İddiaçının evdən getməyini görməmişdir. Lakin həmin gün bibisiqızıgilə gələndə görmüşdür ki, evin qapısı açıqdır və içəriyə daxil olub ikinci mərtəbəyə qalxanda görmüşdür ki, Gözəl Məmmədova yatır. İddiaçının harada olduğunu soruşanda bildirdilər ki, yəqin uşaqları məktəbə aparıb. Zəng vuranda Əminə bildirdi ki, getmişdir və bir daha qayıtmayacaqdır. Gözəl Məmmədova həmin vaxt otağına daxil oldu və gördü ki, bütün sənədlərini və qızıllarını götürüb gedib. Eşitdiyinə görə cavabdehin diplomuna qədər götürüb gedib. Tərəflər arasında olan mübahisəyə şahid olmamış, lakin hadisəni eşidəndə iddiaçıya bildirmişdir ki, biraz dözsün. Hətta dəfələrlə onun köməyinə gəlmişdir. İddiaçı, Gözəl Məmmədovagilin qaldıqları evdən gedib. Onların sonradan tikdikləri başqa evləri də var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1986-ci il təvəllüdlü X8 bildirmişdir ki, Gözəl Məmmədovanın xalası qızının gəlinidir. İddiaçı çıxarkən evdə olmamışdır. Lakin evləri arasında bir qapı məsafə var və hər gün gediş-gəlişləri olub. Bir gün saat 16:00-17:00 radələrində onlara getmiş və uşaqları soruşanda bildirdilər ki, çıxıb gediblər. İddiaçı cehiz olaraq yataq mebeli və iki boz rəngdə qutu gətirmişdi. Bir qutuda qabqacaq, digərində isə yataq dəsti var idi. Həmin əşyalar: dəsmal,yataq örtüyü, 6 ədəd çaşka dəsti, armudu stəkanlar, mürəbbə qablar var idi. Cehizlər 2012-ci ildə gəlib. İddiaçı orada yaşadığı dövrdə üzərində qızıllar görməmişdir. Bir dəfə övladının ad gününə gəlmişlər və həmin vaxt geyimi belə pis idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1985-ci il təvəllüdlü X5 bildirmişdir ki, cavabdehin bacısıdır. İddiaçı evdən çıxarkən orada olmamışdır. Qardaşının toyu ərafəsində orada olmuş və toydan bir həftə əvvəl cehiz əşyaları gəlmişdi. İki qutu gətirmişdilər. Bir qutuda: dəsmallar, yataq örtüyü və xırda əşyalar var idi. Balaca qutuda: 6 ədəd xrustal materialdan olan stəkanlar, 4 ədəd mürəbbə qabları, 4 ədəd xrustal bakallar və çaşkalar var idi. Bundan başqa heç bir cehiz əşyası olmayıb. 2017-ci ildən anası Türkiyə Respublikasına ara-ara gəlib-gedirdi, lakin özü ilə qızılları gətirməyib. Qızıllar evdə olub. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh (nümayəndəsi) iddiaçının iddia ərizəsinə qeyd etdiyi məişət əşyalarının evdə olduğunu, iddiaçının istədiyi vaxt mənzildən gəlib götürə biləcəyini bildirmiş, iddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların bir çoxunu –məişət əşyalarından ibarət cehiz əmlakını və digər geyim əşyalarını mənzildən mübahisəsiz qaydada götürmüşdür. Bu barədə akt tərtib edilmişdir. İddiaçı tərəf bundan sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan aktdan da göründüyü kimi cehiz əmlak əşyaları olduğu iddia edilən əşyaların bir çoxu iddiaçıya qaytarılmışdır. Əşyaların iddiaçı tərəfindən qəbul edilməsi onun öz imzası ilə təsdiq edilmişdir (M.Əminə AA*******). Bu aktda tələb edilən qızıl və s. digər əşyalardan çatışmayanların cavabdehin mənzilində aşkar edildiyi, yaxud iddia tələbinin azaldılması barədə ərizədə göstərilən qalan əşyaları cavabdeh tərəfin qaytarmaqdan imtina etməsinə dair hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının hazırkı mülki mübahisəyə tətbiq edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ərizədə (iddia tələbinin həcminin azaldılmasına dair) qeyd edilən əşyaların hər birinin ona məxsus olması, həmin əşyalara sahiblik edən şəxsin əşyalar üzərində sahibliyinin qanunsuz olmasını təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmiş (şahid ifadəsi və s.), iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf olunmamış, əksinə inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin cehiz əşyası kimi - 200 (iki yüz) manat dəyərində olan xalçanın ona qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd olunan cehiz əşyasının cavabdehin ünvanında olması öz təsdiqini tapsa da (bu hal cavabdehin nümayəndəsi tərəfindən təkzib olunmur), məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin izahatı və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, qeyd olunan əşya cavabdehin mənzildə baş vermiş yanğın nəticəsində iddiaçıya məxsus olmayan digər əşyalarla birlikdə məhv olmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan əşya cavabdehin iradəsindən asılı olmayan səbəblərdən ona məxsus evdə baş vermiş yanğın – fors-major hal nəticəsində məhv olduğundan və bu hadisədə cavabdehin təqsirinin olması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia qeyd olunan hissədə də təmin edilməməlidir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki iş üzrə sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi digər əşyaların mövcudluğunu, həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğunu mötəbər sübutlarla sübuta yetirmədiyinə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat iddiaçıdan alınaraq təqdim edilmiş bank rekvizitləri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” barədə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216- 220, 233 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar