Məhkəmə qərarları › İş №2(005)-2182/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2182/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2182/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) ABŞ dolları və 4300 (dörd min üç yüz) manat, cəmi 9230 (doqquz min iki yüz otuz) manat məbləğində əsas borcun, bu günədək hesablanmış 923 (doqquz yüz iyirmi üç) manat əldən çıxmış faydanın, eyni zamanda qətnamə icra olunandək hər ay üçün 100 (yüz) manat məbləğində əldən çıxmış faydanın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 2009-cu ildən Natavan Qarayeva ilə tanışıdır, uzun müddət iddiaçının sahibkarlıq fəaliyyətilə bağlı mühasibatlıq işlərini aparmış, xidməti zəmində münasibətiləri olmuşdur. 2018-ci ildə yeni bir biznes layihəsi qurmaq planını iddiaçı ilə bölüşmüş, müəyyən sərmayə qarşılığında birlikdə həmin biznesdən gəlir götürə biləcəyini bildirmiş, planı ilə tanış olduqdan sonra həmin bizneslə bağlı ona pul verməyə razılaşmışdır. Razılaşmaya əsasən biznesin baş tutması halında həm iddiaçının verdiyi pulu, həm də biznesdən faiz (gəlir) verəcəyini, baş tutmaması halında iddiaçının verdiyi pulun iddiaçıya qeyd-şərtsiz qaytarmağı öhdəsinə götürmüşdür. 23 oktyabr 2018-ci il tarixdə Nərimanov rayonu. Ağa Neyməlulla küçəsində (Araz marketlə üzbəüz) yerləşən evinin qarşısında görüşərək 3000 ABŞ dolları, daha sonra 04 noyabr 2018-ci il tarixdə, yenə evinin qarşısında 5100 manat məbləğində pulu Natavan Qarayevaya vermişdir. Üzərindən bir müddət keçdikdən sonra o, biznesin uğursuz olduğunu bildirərək iddiaçıdan aldığı pulu yaxın zamanda qaytaracağını bildirmiş, 03 sentyabr 2019-cu il tarixdə 300, 13 oktyabr 2019-cu il tarixdə 400, 23 noyabr 2019-cu il tarixdə isə 100 manat və 100 ABŞ dollarını iddiaçıya qaytarmış, qalan pulu da tezliklə ödəyəciyinə söz vermişdir. Sonradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq dələduzluq elədiyi üçün onun barəsində polis orqanına şikayət etmiş, lakin polis orqanı tərəfindən mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Sözügedən qərardan da görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış şifahi razılaşma əsasında İddiaçı Cavabdeh borc olaraq pul verməsi, sonuncunun həmin borcun müəyyən hissəsini qaytarmaqla, borcun yerdə qalan hissəsini qaytarmamaqla üzərinə düşən borc öhdəliyini yerinə yetirməməsi xüsusən aparılmış araşdırma zamanı toplanmış materiallar ilə müəyyən edilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq, cavabdeh hal-hazıradək iddiaçıya olan borcunu ödəməmişdir. Belə ki, dəfələrə cavabdehlə əlaqə saxlamaq istəsə də heç bir nəticə olmamış, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh, qanunvericilikdə göstərildiyi kimi, əmlakını ələ keçirərək əsassız varlanmaqla mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin iddiaçının əmlakı hesabına əsassız varlanması müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin ödənilməli pulun geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin iddiaçıya vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. İddiaçı hesab edir ki, cavabdeh iddiaçıya qaytarmalı olan 2900 ABŞ dolları və 4300 manat, cəmi 9230 manat məbləğində pulu əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 9230 manat məbləğində pulu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 2 ildən artıq müddət ərzində minimum həmin məbləğdən gəlir əldə edəcəkdir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə iddiaçıya olan borcunu ödəmədiyindən əldə edə biləcəyi gəlirdən iddiaçını məhrum etmişdir. Cavabdeh 20.04.2021-ci il tarixdə dəftərxana vasitəsi ilə məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, X2 mövcud olmayan hadisə ilə ona şər, böhtan yazdığı üçün məsuliyyətə cəlb olunmasını və onun iddia ərizəsinin sübut və şahid olmadığı üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 10.03.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1975-ci ildə Rusiya Federasiyası, Amur vilayətində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr, ev. 140A ünvanında qeydiyyatdadır. Asan-2 tərəfindən verilmiş 15.10.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X2 xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Ş.Fərhadovun 24.11.2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin iş üzrə izahatı alınmış Natavan Qarayeva bildirmişdir ki, 6000 manat pulu Dmitri Azad adlı şəxsə vermişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə hesab edir ki, iddiaçı X1 hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş mövcud sənədlər üzrə məhkəmədə araşdırılma aparılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Ş.Fərhadovun 24.11.2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından da görünür ki, izahatı alınmış Natavan Qarayeva izahatında 6000 manat pulu Dmitri Azad adlı şəxsə verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı şəxsin iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar