Məhkəmə qərarları › İş №2(005)-219/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-219/2024

10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-219/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus nişan üzüyü 585 əyarlı, 7 qram, üstü ağ qaşlı - 500 manat; üzük üstü mirvari qıraqları qaşlı, 5 qram, 583 əyar - 300 manat; sırğa, sep üzük, bilərzik dəst, 583 əyar, 20 qram – 1800 manat dəyərində qızıl-zinət əşyalarının natura şəklində alınaraq ona qaytarılması, bu mümkün olmadıqda isə ümumi dəyəri 2600 manat olan pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahdan xx.xx.2022-cu il təvəllüdlü Məhəmməd adında bir övladı doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün uzun müddətdir ki, ayrı yaşayırlar. Hazırda cavabdeh nikahın pozulması tələbinə dair Nizamı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə barışıq üçün üç ay vaxt müəyyən etmişdir. Cavabdeh ilə ailə həyatı quraraq bir müddət onun evində yaşamış, həmin vaxtlar qızılları dəfələrlə anası Cavabdeh2 ondan alsa da, sonradan geri qaytarmışdır. Cavabdehdən küsüb gedəndə qızıllar evdə qalırdı. Yenidən qayıtdıqdan sonra Cavabdeh2 qızılları geri qaytarırdı. Hamiləlik vaxtı anasının evinə gedən zaman qızıllar onda olmuş, xx.xx.2022-ci ildə övladı doğulmuşdur. Həyat yoldaşı xx.xx.2022-ci ildə onu kirayə tutduğu evə apararaq təkidlə bildirmişdir ki, qızılları gətir. Həmin vaxtı qızılları aparmışdır. Bundan sonra həyat yoldaşı qızılları ondan alaraq anasına vermişdir. Sonradan dələlərlə geri istəsə də, cavabdeh qızılları qaytarmaqdan imtina etmişdir. Buna səbəb isə deyirdi ki, evə qayıtdıqdan sonra qızılları qaytaracaq. xx.xx.2022-ci ildə həyal yoldaşı ilə ailə daxili mübahisələri şiddətlənmişdir. 1 ay ərzində qapını bağlayaraq evdən gedirdi və yalnız gecə vaxtlarında evə qayıdırdı. Hətta səhərə yaxın gəldiyi günlər olub. Məcburiyyət qarşısında qalaraq DİN-nin 102 xidmətinə müraciət etmiş və qaynanası qapını acaraq onu evdən buraxmışdır. Həmin vaxtdan anasının himayəsində yaşayır. Dəfələrlə cavabdehlə votsap yazışmaları apararaq qızıllarını tələb etmiş, cavabdeh isə hər dəfə “...qızılları evdə saxlayıram nə vaxt evimizə köçərik, onda ora qoyarıq...”, “...qızılları da mən almışam özümündür götürürəm qoyuram otağıma” deməklə qızıl zinyət əşyalarını qaytarmaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ilə yaşadığı mənzildən birinci dəfə gedərkən qızılları özü ilə aparmış, daha sonra barışmaq üçün cavabdeh ilə yenidən bir yerdə yaşamış və qızılları özü ilə gətirmişdir. Cavabdeh şərt qoymuşdur ki, evə qayıdanda qızılları gətirsin. Bu səbəbdən qızılları birgə yaşadıqları mənzilə gətirmişdir. Cavabdeh qızılları götürüb aparmışdır. Cavabdeh ilə telefon yazışmalarında cavabdehin qızılları aparması aşkar olunur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarını birgə yaşadıqları mənzildən gedərkən özü ilə aparmışdır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi telefon yazışmalarından xəbəri yoxdur, həmin yazışmaları iddiaçı onun telefondan özünə yazmışdır. Hazırda iddiaçı ilə yazışmalarını silmişdir. Sonda məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddia ərizəsinə əlavə edilmiş telefon yazışmalarının fotoşəkillərində görünür ki, tərəflər arasında qızıl-zinət əşyalara dair aşağdakı kimi yazışma olub: Cavabdeh1: Satmışam yaxşı eləmişəm, cehizə görə sevmirəm ki səni, belədə qəbul eləmişəm indidə qızıllarıda sən satarsan onuncun götürmüşəm, səhərigün gözüvü tikib buları satmayasan. Qızıllarıda mən almışam, özümündü götürürəm qoyuram otağıma. Məni bir qızıla görə sevirsən? İddiaçı: Mənə lazım deyil. Cavabdeh1: Niyə uzadırsankı bəs? İddiaçı: Kimə istəyir onada versin. Cavabdeh1: Bütün mebellərini cehizlərini satdız, pulunuda dala atdız, dedimki gətir pulun ver mənə ya başqa? Belədə qəbul elədim mebelsiz, cehizsiz. İddiaçı: Evin olardı alardım. Mən saxlamışdım ev olanda alacam. Cavabdeh1: Məndə o qızılları sənə almışam, məndə güvənmirəm götürürəm qoyuram evdə saxlayıram, nə vaxt evimizə köçərik onda ora qoyarıq, səndə mebel alarasan. İddiaçı: Yaxşı eliyirsən. Cavabdeh1: Mən saxlayıram öz aldığım öz qızılımı, mənim deyil nə istəsəm edərəm, necə ki demirdin mebel menimdi özüm bilərəm satmışam onları. İddiaçı: Görk bu güvənsizlik hara gedir. Cavabdeh1: Qızıllar mənimdi nə istəsəm edə bilərəm, mən almışam onları. Niyə xətrinə dəyirki? Səndə olanda sən deyəndə öz malını elə satanda şirin olur? Mən deyəndə öz malımı götürəndə pis? Ləzzət eləmir yoxsa təsir edir? İddiaçı: Təsir eləmir nə istiyirsiz eliyin maraqlı deyil. Fotoşəkillərdən görünür ki, İddiaçı üzərində qızıl-zinət əşyaları var. İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7179 nömrəli rəyindən görünür ki, 1 ədəd 585 əyar, 7 qramlıq ağ qaşlı nişan üzüyünün dəyəri 595 manat, 1 ədəd 583 əyar, 5 qramlıq mirvari qıraqları qaşlı üzüyün dəyəri 425 manat, 1 ədəd 583 əyar, 20 qramlıq sırğa, sep, üzük, bilərzik dəstin dəyəri 1700 manat olmaqla, cəmi 2720 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları aşağıdakılardır: 1 ədəd 585 əyar, 7 qramlıq ağ qaşlı nişan üzük, 1 ədəd 583 əyar, 5 qramlıq mirvari qıraqları qaşlı üzük, 1 ədəd 583 əyar, 20 qramlıq sırğa, sep, üzük, bilərzik dəsti. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşlar. Bir müddət keçdikdən sonra aralarında olan münasibət pozulmuş, iddiaçı yaşadığı evi tərk etmişdir. Daha sonra tərəflər barışmış və iddiaçı cavabdehlə birgə yaşamağa başlamışdır. Sonradan münasibətləri təkrar pozulmuş və iddiaçı yaşadığı evi tərk etmişdir. Hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyaların cavabdehin götürdüyünü, cavabdehin onları könüllü şəkildə təhvil verməkdən imtina etdiyini bildirərək, qızıl-zinət əşyalarının qaytarılmasını tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Cavabdeh tərəfindən iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının onda qalması etiraf olunmamışdır. Belə ki, cavabdeh iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının hamısının mövcudluğunu mübahisələndirməsə də, cavabdehin mövqeyinə görə həmin qızıl-zinət əşyaları iddiaçının özündədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğu, həmin əşyaların iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması və bununla da iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olması halının sübut etmə vəzifəsi iddiaçıya aiddir. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Mülki iş üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların qanunsuz olaraq ondan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət cavabdehin faktiki sahibliyindədir. İddiaçı qızıl-zinət əşyalarının qaytarılmasına dair tələbini sübut etmək üçün bir sıra fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə qızıl-zinyət əşyalarının iddiaçının üzərində olduğu aydındır. Bundan başqa iddiaçı cavabdehlə aralarında olan telefon yazışmalarını iddia ərizəsinə əlavə etmiş və həmin yazışmalarda cavabdeh mübahisə predmeti olan qızılzinət əşyaların özü aldığı üçün götürdüyünü və bununlada qızıl-zinət əşyaların onda olmasını etiraf etmişdir. Qeyd edilən yazışmalara münasibətdə cavabdeh bildirmişdir ki, həmin yazışmalar onun tərəfindən deyil, iddiaçı tərəfindən aparılmış, yəni iddiaçı onun telefonunu o yatarkən götürmüş və onun adından etiraf edici yazılar yazmışdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin dediklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh yazışmaların onun yatdığı zaman əvəzinə iddiaçının yazdığını bildirsə də, lakin fotoşəkillərdən görünür ki, yazışmalar günorta vaxtı aparılmışdır. Bundan başqa əgər yazışmalar iddiaçı tərəfindən olunmuşdursa, cavabdeh həmin yazışmaları gördükdən sonra iddiaçıya iradını bildirməli idi. Həmçinin cavabdeh yazışmaların iddiaçı tərəfindən aparılmasına dair hər hansı sübut təqdim edə bilməmiş, bunun əksi olaraq iddiaçı ilə yazışmalarını sildiyini bildirmişdir. Cavabdeh tərəfindən yazışmalara dair gətirdiyi şifahi dəlilləri məhkəmə ağlabat hesab etməyərək, həmin yazışmaların cavabdeh tərəfindən aparıldığını hesab edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı təqdim etdiyi telefon yazışmaları ilə mübahisə predmeti olan qızıl-zinət əşyaların cavabdehdə olması sübuta yetirildiyindən əlavə araşdırmağa ehtiyac yoxdur. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları – cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan qızıl-zinət əşyaları üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların cavabdehin sahibliyində olmasını sübut edə bilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 hissədə qeyd edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları Cavabdeh1 olduğu sübut edildiyindən, həmçinin həmin əşyaların Cavabdeh2 olması və ya digər cavabdeh ilə birgə saxlaması sübuta yetirilmədiyindən, iddia Cavabdeh2 hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qətnamənin nəticə hissəsində adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Həmçinin əşyaların iddia ərizəsində göstərilən dəyəri 2600 manat, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7179 nömrəli rəyində isə 2720 manat olması ilə bağlı qeyd edilməlidir ki, hazırda iddia tələbi 2600 manat məbləğdən ibarət olduğundan iddia, tələbdə qeyd edilən 2600 manat həcmdə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 222.1, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri Cavabdeh1 1 ədəd 585 əyar, 7 qramlıq ağ qaşlı nişan üzük 500 manat dəyərində, 1 ədəd 583 əyar, 5 qramlıq mirvari qıraqları qaşlı üzük 300 manat dəyərində, 1 ədəd 583 əyar, 20 qramlıq sırğa, sep, üzük, bilərzik dəsti 1800 manat dəyərində olan qızıl-zinət əşyalar alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pul isə Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar