Məhkəmə qərarları › İş №2(005)-220/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-220/2023

09.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-220/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə “əmək məzuniyyətlərinə görə pul əvəzinin, hüquqi yardım xərcinin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə “əmək məzuniyyətlərinə görə pul əvəzinin, hüquqi yardım xərcinin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Körpü Tunel Tikinti“ Məhlud Məsuliyyətli Cəmiyyətinin Nəqliyyat Şöbəsinin mexaniki vəzifəsindən əmək münasibətlərinə xilam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 179 saylı əmrlə azad olunmağı ilə əlaqədar hesablanmış 03 yanvar 2019-cu il tarixdən 23 avqust 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin (2000 manat) İddiaçı ödənilməsi, 200 manat hüquqi yardım xərcinin 51 manat mediasiya xərcləri və 1000 manat məbləğində mənəvi zərərə görə pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhtud Məsuliyyətli Cəmiyyətində Nəqliyyat Şöbəsinin mexaniki vəzifəsində işləmiş və müəssisənin rəhbərliyinin mövqeyini nəzərə alaraq ərizə verib işdən azad olunmağını istəmişdir. Tərəflər arasında əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, işəgötürən tərəfindən 170 saylı əmrlə rəsmiləşdirilmişdir. Verilmiş əmrdə qeyd olunmuşdur ki, “Nəqliyyat Şöbəsinin mexaniki ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 23 avqust 2021-ci il tarixdən xitam verilsin. İddiaçı 03 yanvar 2019-cıı il tarixdən, 23 avqust 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzi ödənilsin" Lakin bu günədək işçinin hesabına son haqq-hesab pulu ödənilmədən saxlanılmışdır. Həmin pul vəsaitinin miqdarı 2000 manat müəyyən olunmuşdur. Lakin aradan keçən müddət ərzində pul vəsaiti ödənilməmiş və əmək qanunvericiliyinə riayət edilmədiyindən İddiaçı maddi ziyan vurulmuşdur. Mediasiya prosesinə də cavabdehin iştirak təmin olunmamışdır. Bununla da baş vermiş hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən edilmiş hərəkətə görə tələbkar şəxsə dəymiş ziyan geri ödənilməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 179 nömrəli əmrdən məlum olur ki, Nəqliyyat Şöbəsinin mexaniki İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 23 avqust 2021-ci il tarixdən xitam verilməsi, İddiaçının 03 yanvar 2019-cu il tarixdən, 23 avqust 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi barədə göstəriş verilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış müraciətin surətindən məlum olur ki, İddiaçı son haqq-hesabın 5 iş günü ərzində ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məktubun qəbzindən müəyyən olunur ki, məktub "xxxx" MMC vasitəsi ilə Cavabdeh MMC-nin ünvanına göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən Vəkil hesabına 200 manat ödəniş edilmişdir. İlk növbədə məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddia pul və digər əmlak tələbləri ilə bağlıdır və işçi hüququnun pozulduğunu bildiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki işin materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 173 saylı əmr 23 avqust 2021-ci il tarixdə verilmişdir. İddiaçı əmri həmin gün əldə etmiş olsa belə, iddia müddətini ötürməmişdir. Belə ki, iddiaçı 28 iyul 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etmiş, 05 avqust 2022-ci il tarixdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də cavabdehin ərizəsi əsassızdır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından görünür ki, cavabdeh tərəf iddiaçıya müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi tarixi qeyd etməmiş və həmin sənədlərin iddia müddəti keçəcək qədər əvvəl zamanda almasına dair sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 143-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə mülki iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını-məqbul hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübutedilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş veribvermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarla bağlı istisna qayda müəyyən edir. MPM-in 106-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bu hüquqi mövqedən çıxış edən məhkəmə tərəfindən müvaqif sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sübutların cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixdə qərardad qəbul edilmişdir. Lakin cavabdeh qərardadın icrasından yayınmış və müvaqif sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh özünün etiraz ərizəsində iddiaçının istifadə etmədiyi əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilmədiyini inkar etməmiş, yalnız iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi “03 yanvar 2019-cu il tarixdən 23 avqust 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin – 2000 manat məbləğində pul vəsaitininin İddiaçı ödənilməsi” hissəsində əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə “200 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ona ödənilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bu səbəbdən də hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamış və 200 manat ödəniş etmişdir. Azərbaycan respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin iddiaçıya ödənilməsi ödənilməsi hissəsində iddia tələbi təmin edildiyindən vəkil xidmətindn istifadə üçün ödənilmiş 200 manat pul da cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mediasiya təşkilatına ödənilmiş 51 manat haqqın alınıb iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə “mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya verilməmiş 03 yanvar 2019-cu il tarixdən 23 avqust 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə 2000 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, həmçinin mediasiya xərcinin əvəzi olaraq 51 manat və İddiaçıtərəfindən vəkilə etdiyi kömək üçün ödənilən məbləğin əvəzi olaraq olan 200 manat pul Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı verilməmiş 03 yanvar 2019-cu il tarixdən 23 avqust 2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə 2000 (iki min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Mediasiya xərcinin əvəzi olaraq 51 manat və İddiaçı tərəfindən vəkilə etdiyi kömək üçün ödənilən məbləğin əvəzi olaraq olan 200 manat pul Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar