Məhkəmə qərarları › İş №2(005)-2210/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2210/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2210/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməyi və həmin mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1-də yerləşməklə 3 otaqdan ibarətdir. Həmin mənzilin mülkiyyətçisi Cavabdehdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, onunla 1978-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və bizim birgə nikahdan 2 övladı anadan olmuşdur. Mübahisəli mənzilə 1991-ci ildən köçərək yaşamış və pasport qeydiyyatına alınmışdır. Lakin sonradan cavabdehlə münasibətləri pozulmuş və 1999-cu ildə aralarında bağlanmış nikah ləğv olunmuşdur. Cavabdeh Ukraynada yaşadığı və işlədiyi üçün miqrasiya ilə bağlı problemlərinin yaranmaması üçün o ildə bir-iki dəfə Azərbaycana gələrək burada təxminən 1 ay qalır və sonra da geri qayıdır. Mübahisəli mənzil bu illər ərzində daima onun stifadəsində və nəzarətində olmuş, o, həmin mənzildə yaşamış və arabir Sumqayıt şəhər Corat qəsəbəsində, qızının yanında da qalmışdır. Lakin 2021-ci ilin yanvar ayında o, yenidən həmin evə getdikdə mənzilin çöl giriş-çıxış qapısının açarının dəyişdirildiyini və mənzildə başqa şəxslərin yaşadığını gördü. Ona məlum oldu ki, cavabdeh Ukraynadan qayıtmış və gələn kimi də mənzili başqa şəxslərə kirayəyə vermiş,hətta mənzilin çöl giriş-çıxış qapısının açarını da dəyişmişdir. Cavabdeh bu hərəkətləri ilə mənim mənzil hüquqlarımı pozmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evə köçürülməsinə etiraz edir. Belə ki, İddiaçı artıq uzun müddətidir ki, həmin mübahisəli mənzildə yaşamır. İddiaçı həmin evin əsaslı təmir olunmasından məlumatlı olduqdan sonra mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanını başqa şəxslərə kirayəyə vermişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu ıMənzil Kommunal Təsərrüfatı Birliyinin 116 saylı MKTB-tərəfındən verilmiş 28.10.2008-ci il tarixli 420 saylı arayışa əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 47, 15 saylı mənzildə pasport qeydiyyatındadir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyatını haqqında dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 47 nömrəli, 5 mərtəbəli binada 3 otaqlı, 15 saylı mənzil tam mülkiyyət huququ ilə onun adıma daşınmaz əmlakın dövlət reyestrində 859 saylı reyestr kitabının 79987 saylı vərəqində 21.11.2008-ci ildən dövlət qeydiyyatına alınmış və xüsusi mülkiyyətini təşkil edir. Ukrayna Ədliyyə Nazirliyinin Vinnitisk vilayəti Baş Ədliyyə İdarəsi VVAQŞ tərəfindən verilmiş 10.11.2008-ci il tarixli saylı arayışına əsasən X1 ilə 1978-ci ildə 05 saylı akt qeydi ildə Perşansk rayonu Kukuli kənd sovetinin icraiyyə komitəsində nikahı bağlamış, 1999cu ilədək nikahda qalmış, lakin onunla faktiki bir yerdə yaşamamış, 1999-cu ildə Perşansk rayonunun Ədliyyə idarəsinin VVAQŞ idarəsində 24 saylı akt qeydi ilə nikahı pozulmuşdur. İş materiallarından da göründüyü kimi Q.Daşkovetska onunlə nigahı pozulduqdan sonra Ukrayna Respublikasına köçüb getmiş, orada yaşamış, mülkiyyətimdə olan mənzildən nə istifadə, nə sahiblik hüquqlarını həyata keçirməməmiş, həmin mənzildə tək yaşamış, mülkiyyət hüquqlarını həyata keçirmişdir. Hazırki vəziyyətdə cavabdeh mənzilin birgə nikah dövründə əldə olunmasını, həmin mənzilin mülkiyyət hüququ ilə onun adına özəlləşməsində iştirak etməsini və bununla əlaqəli mənzilin ikidə bir hissəsinin onun adına rəsmiyyət salınmaqla ona verilməsinə dair iddia qaldırır, lakin həmin iddia tam əsassızdır və qəbul oluna bilməz. Lakin iş materiallarından göründüyü kimi mübahisəli mənzil işlədiyi dövrdə xidməti mənzil kimi verilmiş, xidməti mənzil kimi onun istifadəsində olmuş, mülkiyyət huququ ilə qeydə alınmasına qədər 16.10.1981 -ci ildə Nəsimi rayon İcraiyyə Komitəsinin 16.10.1981-ci il tarixli qərarı, 000179 saylı orderi ilə onun adına verilmiş, 1978-ci ildə onlar evləndikdən sonra isə əvəzsiz əqdlər üzrə həmin mənzil onun adına Dövlət Mənzil Fondunun özəlləşdirilməsi qaydasında bağışlama yolu ilə özəlləşdirilmiş, özəlləşmə prosesində isə Q.Daşkovetska mənzilin onun adına özəlləşdirilməsinə dair yazılı razılıq verməklə, mənzilin yarı hissəsinin öz adına özəlləşdirilməsindən imtina etmiş, nəticə etibarı ilə həmin mənzil 2008-ci ildə 21 noyabr tarixində Dövlət Mənzil Fondunun özəlləşdirilməsi qaydalarına uyğun olaraq əvəzsiz əqdlər üzrə onun adına bağışlama qaydasında mülkiyyət hüququ ilə qeydə alınmışdır. Buna görə də idida tələbi rədd olunmalıdır. Məhkəmə iclasında cavabdeh tərəfindən təmin edilmiş şahid X2 bildirmişdir ki, Cavabdeh ilə qonşudur. Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 47, 15 saylı mənzildə bugünədək İddiaçı yaşamasını görməmişdir. Hazırda həmin mənzildə kriyaşinlər yaşayır. Həmin evi yaxınlarda Cavabdeh təmir etdirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xuluflu (indiki F.Yusifov) küçəsi, ev 47-də yerləşən 15 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir, bu barədə 04.05.1995-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabının 385 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon MKTB 116 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 1212 nömrəli, 10.07.2014-cü il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanı üzrə mənzilin istismarına dair yığım, məişət tulantılarının daşınmasına görə ödənilən 2009-cu ildən hal-hazıradək onun tərəfindən ödənilmişdir. Ukrayna, Vinnitsa vilayəti, Pesçanka VVAQ şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada tərcümə olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikahın pozulması barədə 15.06.1999-cu il tarixində müvafiq akt qeydi aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-175/2009 saylı 09.02.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və qeyrilərin qarşı ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılma tələbini dair iddia rədd olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 1978-ci ildə nikah bağlanmış, onlar arasında nikah 15.06.1999-cu il tarixində pozulmuş, Tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Nərimanov rayonu F.Yusifov küçəsi ev 47, 15 saylı mənzildə yaşamışlar. İşin bu hallarını tərəflər mübahisələndirmir. İddiaçı həmin mənzilə istifadə hüququnun olmasını iddia edir və Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməyi və həmin mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirir ki, mübahisəli mənzil ona xidməti mənzil olaraq verilmiş, birgə nikah dövründə özəlləşdirilsə belə, keçmiş arvadının həmin mənzilə hər hansı hüquqları mövcud deyil. Digər tərəfdən, iddiaçı həmin mənzildə uzun müddətdir ki, yaşamır, bu baxımdan iddia tələbi əsaslı deyil. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi iki hissədən – mənzilə köçürülmədən və həmin evə rahat şəkildə daxil olmasına maneəsiz istifadə etməsinə və ümumən mənzildən istifadəsinə hər növdə edilən maneəçiliklərin cavabdeh tərəfindən aradan qaldırılmasından ibarətdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilllə bağlı hüquq münasibətlərinin yarandığı tarixi nəzərə alıb hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından mübahisəli hüquq münasibətinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin maddi hüquq normalarına istinad edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin: 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür; 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir; 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır; 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır; 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir; 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı uzun müddət mübahisəsi gedən mənzildə yaşamış və özünə məxsus başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçmək tələbi əsaslıdır. Göründüyü kimi, mübahisəli ev cavabdehin mülkiyyətindədir və uzun illər tərəflər ailə üzvü kimi həmin evdə yaşamışlar.İddiaçı da cavabdehin ailə üzvü olaraq nikaha daxıl olduqları dövrdən 1978-ci ildən həmin mənzildə yaşamışdır. Mənzil Cavabdeh adına dövlət qeydiyyatından 04.05.1995-ci il tarixdə keçmiş, həmin vaxt tərəflər arasında nikah pozulmamışdır. Digər tərəfdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-175/2009 saylı 09.02.2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və qeyrilərin qarşı ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılma tələbini dair iddia rədd olunmuşdur. Həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır, iddiaçı İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəimanov rayonu,F.Yusifov küçəsi, ev 47də yerləşən 15 saylı mənzilə köçürülməlidir. Məhkəmə cavabdehin etirazının dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilin ona xidməti mənzil olaraq verilməsini qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin "mənzildən istifadəyə maneələrin aradan qaldırılması" hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən maneələrin yaradılması, o cümlədən müxtəlif vasitələrlə mübahisəli evə buraxılmaması hallarını istisna edir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbin bu hissədə təmin edilməsi üçün hər hansı zərurət və əsas yoxdur, bu səbəbdən, iddia tələbi "mənzildən istifadəyə maneələrin aradan qaldırılması" hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülməlidirlər. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəimanov rayonu,F.Yusifov küçəsi, ev 47-də yerləşən 15 saylı mənzilə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar