Məhkəmə qərarları › İş №2(005)-2212/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2212/2025

03.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2212/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 23027,13 manat əsas borc və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat vəsait olmaqla, cəmi 23186,21 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 15056,13 manat əsas borc olan pulun və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair növbəti ərizə verərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan avtomobilin əvəzi kimi 15056,13 manat əsas borcun və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların əsas fəaliyyəti avtomobillərin alqısatqısı ilə məşğul olmaqdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 1740 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətində olan “Hyundai Accent” markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHCU41DBCU226425 şassi nömrəli, qara rəngli, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş 6000 manat olmaqla, 36 ay müddətinə, hər ay üzrə 580 manat ödəniş etməklə, 23847,25 manata satılmışdır. Müqavilə üzrə cavabdeh avtomobil üçün ilkin ödəniş 6000 manat olmaqla, 24 ay müddətinə, hər ay üzrə 580 ödəniş olunmaqla, cəmi 19920 manat pul vermiş, lakin xx.xx.2020-ci il tarixdən sonra ona heç bir ödəniş etməmişdir. Onunla cavabdeh arasında yenidən bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətində olan həmin avtomobil 48 ay müddətinə, hər ay üzrə 314 manat ödəniş etməklə, 15056,13 manata satılmışdır. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdən ona heç bir ödəniş etməmiş, beləliklə 15056,13 manat məbləğində əsas borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında yenidən bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən avtomobil üçün 15056,13 manat ödəniş edilməli olduğu halda, Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir; Qəbzdən görünür ki, Nümayəndə tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 159 manat dövlət rüsumu ödənilmişdir; xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 18775, 93 manat borcunun olması barədə xəbərdar edilmiş, 10 iş günü ərzində göstərilən məbləğ ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; xx.xx.2024-cü il tarixli, 5228 saylı Əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən görünür ki, “Satıcı” "xxxx" MMC 15056,1 manat dəyərində KMHCU41DBCU226425 şassi nömrəli, 2012-ci il buraxılışlı, “Hyundai Accent” minik markalı avtomobili “Alıcı” Cavabdeh satmışdır; xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, “Hyundai Accent” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHCU41DBCU226425 şassi nömrəli, qara rəngli, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh təhvil verilmişdir, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur; Kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən “Hyundai Accent” markalı avtomobilin nisyə alqı-satqısı üzrə onun 15056,1 manat dəyəri 46 ay ərzində, hər ay 314 manat olmaqla ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən iddiaçı qeyd edilən avtomobili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Bu barədə müqavilə, kredit ödəniş cədvəli və təhvil-təslim aktı tərtib edilmiş, iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Hazırda iddiaçı nəqliyyat vasitəsinə görə ödənilməli olan pulun cavabdeh tərəfindən ödənilmədiyinə əsaslanaraq, nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini və avtomobilin dəyərinin ödənilməsini məhkəmədən xahiş edir Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki iş üzrə cavabdehin hərəkətləri öhdəliyin pozulması kim qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçıdan aldığı malın qarşılığını ona ödəməmişdir. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmalı, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Qeyd olunmalıdır ki, avtomobilin dəyərinin ödənilməsini sübut etmək yükünü cavabdeh daşıyır, hazırki iş materiallarında isə belə bir sübut mövcud deyildir, həmçinin cavabdeh məhkəmə iclasları barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırki iş üzrə iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya verilmiş nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyindən cavabdehə müqavilənin ləğv ediləcəyi ilə bağlı məktub ünvanlamış, o cümlədən bununla bağlı məhkəmədə tələb irəli sürülmüşdür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında müqaviləyə xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarına aydınlıq gətirərək vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən” müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırkı iddia ərizəsindən, tələbin mahiyyətindən görünür ki, iddiaçının iddia ərizəsinin verilməsində əsas məqsədi cavabdeh tərəfindən ona ödənilməli olan pulun verilmədiyinə, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyinə əsaslanmaqla əqddən - xx.xx.2024-cü il tarixli, 5228 saylı “Əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən” irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılması, yəni müqavilədən imtina etməklə ona xitam verilməsidir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə müvafiq xəbərdarlıq edilməklə, müqavilənin şərtlərinin 10 iş gün müddətində yerinə yetirilməsi üçün əlavə vaxt verilmiş, lakin cavabdeh qeyd olunan xəbərdarlığa baxmayaraq, müqavilə şərtlərinin icrasından yayınmışdır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, hazırkı işdə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin nisyə alqı-satqı müqaviləsinə dair yuxarıda qeyd edilən maddələri ilə yanaşı, 421.3-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılırsa tərəf müqavilədən əlavə müddət təyin edilmədən və ya xəbərdarlıq edilməsi zərurəti olmadan imtina edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Hazırki iş üzrə əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilibedilməməsinin müəyyənləşdirilməsidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsindən və kredit ödəniş cədvəlindən göründüyü kimi, cavabdeh 46 ay ərzində, hər ay 314 manat olmaqla avtomobilin 15056,1 manat dəyərini müəyyən edilmiş müddət ərzində və şərtlərə uyğun olaraq iddiaçıya çatdırmamışdır. Bu isə onun məsuliyyətindən yayınması və müqavilə şərtlərini pozması kimi qiymətləndirilməlidir. Bu səbəbdən, müqavilənin tərəfi kimi iddiaçı, digər tərəf öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmədiyindən müqavilədən birtərəfl qaydada imtina etmək hüququna malikdir. Beləliklə, cavabdehin öz öhdəliyini qanunauyğun şəkildə icra etməməsi müqavilənin ləğv olunmasını zəruri etmişdir İddiaçının müqavilənin ləğvinə dair tələbi ilə əlaqadar qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında gəldiyi nəticəyə görə, Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilədən imtina birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Belə ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddiaçı müqavilədən birtərəfli imtina iradəsini cavabdehə yazılı şəkildə, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu vasitəsilə bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı ləğv edilmiş hesab edilməli və müqavilə predmeti olan avtomobilin əvəzi kimi 15056,13 manat əsas borc və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5228 saylı nisyə alqı-satqı müqaviləsinin predmeti olan avtomobilin əvəzi kimi 15056,13 manat əsas borc və dövlət rüsumu qismində ödənilmiş 159,08 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar