Məhkəmə qərarları › İş №2(005)-2217/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2217/2025

13.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2217/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin təyin edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci qrup əlil, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlad olaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri Cavabdeh Hüseyin oğlu və Musayeva Ofeliya 28 oktyabr 1993-cü il tarixdə Naxçıvan şəhər qeydiyyat şöbəsində 328 №li qeyd ilə rəsmi nikaha daxil olmuşlar. Qeyd edir ki, özü, 1-ci qrup əlildir. Daun sindromu nəticəsində ağır dərəcəli kəmağıllıq, davranış pozuntusu və anadangəlmə nitq qüsuru, OS-anadangəlmə katarakta. Vegetativ damar distoniyası xəstəliyindən əziyyət çəkir. Eyni zamanda bir böyrəyi anadangəlmə inkişafdan qalmışdır. Əmək qabiliyyəti yoxdur. Müstəqil olaraq hər hansı maddi ehtiyaclarımı qarşılamaq iqtidarında deyil. Valideynləri arasında münasibət artıq 3 ildən çoxdur ki, pozulmuşdur. Cavabdeh olan atası Cavabdeh Hüseyin oğlu evə və övladlarına baxmır. Başqa şəxslə qeyri-rəsmi yaşayır. Özü, anası Musayeva Ofeliya qızının himayəsində yaşayır. Anası evin bütün xərclərini təkbaşına ödəyə bilmir. Təbii ki, xəstəliyi ilə əlaqədar, digər maddi məsrəflərə də ehtiyacı vardır. Cavabdehin isə maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Övladlarına qayğı göstərmək, maddi və mənəvi olaraq bütün ehtiyaclarını qarşılamaq hər iki valideynin borcudur. Bütün bunlara əsasən hesab edir ki, mövcud mənafeyi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh Hüseyin oğlu maddi ehtiyaclarının qarşılanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət edir. II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “iddiaçı mənim oğlumdur. X1 ilə Naxçıvan şəhər 1 saylı Qeydiyyat Şöbəsində xx.xx.1993-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşam. Birgə nigahdan xx.xx.1995-ci il təvəllüdlü X5 və xx.xx.1999-cu il təvəllüdlü İddiaçı adlı iki övladımız var. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2950/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. İlk öncə məhkəmənin nəzərinə çatdırıram ki, iddia ərizəsi oğlumun adından olsa da, keçmiş həyat yoldaşımın sözləri, arzusu və istəyidir. Keçmiş həyat yoldaşım iddia ərizəsində oğlumun adından göstərir ki, mən evə və övladlarıma baxmıram. Lakin nəzərə almır ki. övladımın birinin 30 yaşı var, digərinin 26 yaşı var. Mən İİİ qrup əliləm. Hal-hazırda heç bir yerdə işləmirəm. İddiaçı olan oğlum dövlətdən dövlətin mənə verdiyi təqaüddən iki dəfə artıq təqaüd alır. Həmçinin ona baxdığı üçün keçmiş həyat yoldaşıma da pul ödəyirlər. Keçmiş həyat yoldaşım özü də işləyir. Kifayət qədər imkana malikdir. "Kifayət qədər imkana malikdir" adi sözdür. Keçmiş yoldaş m da mənim barəmdə belə düşünür. Lakin mən heç bir yerdə işləmirəm, heç bir qazanca malik deyiləm. Qanun isə bu iddianı təmin etmək üçün iddiaçı tərəfdən mənim qazancım barədə sübut tələb edir. Həmçinin göstərir ki, valideynlər maddi yardıma ehtiyacı olan şəxsləri saxlamağa borcludurlar. Yuxarıda qeyd etdiyim kimi dövlətimiz iddiaçıya yaşayış minimumu haqqında qanununa əsasən minimum əmək haqqından da yüksək təqaüd verir. Əlavə xərclərin isə nədən ibarət olduğu iddia ərizəsində göstərilmir. Keçmiş həyat yoldaşımın arzusu və istəyi ondan ibarətdir ki, o hər ay məndən bəlli miqdarda pul alsın. Bu isə mümkün deyil. Buna mənim heç bir imkanım yoxdur. Hətta iş o yerə çatıb ki, adından iddia verdiyi övladımı da mənimlə görüşməyə imkan vermir.” Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, övladı 1-ci qrup əlildir. Pensiya alır. Cavabdeh uzun müddətdir ki, ehtiyyat hissələrinin gətirilməsi ilə məşğuldur və özünün anbarları var. Cavabdehin adına evlər var. O, öz işi ilə əlaqədar kifayət qədər pul qazanır. Övladı qüsurludur, bir böyrəyi yoxdur, tək onun müayinəsi nə qədər pul tələb edir. Onu hər yerə taksi ilə aparmaq məcburiyyətindədir, çünki insanların baxışları altında əzilir. Onu əlavə dərslərə də apara bilmir, hara aparsa ondan xüsusi uçaq olduöu üçün fərdi dərslərə görə 250 manat pul tələb edirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək etiraz ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sorğudan da görünür ki, 2023-cü ilin 4-cü rübündə avtomobili Almaniya Respublikasından gətirilməsinə görə “VÖEN” açmağa məcbur olub və sonradan bağlayıb. Həmin qeyd olunan 15.000 manat avtomobilin dəyəridir.Yaşayış minumum haqqında 2025-ci il tarixli Qanununda ölkə üzrə müəyyən olunmuş məbləğlər aydın şəkildə əks olunmuşdur. Faktiki olaraq iddiaçı 400 manat məbləğindən çox özü və onun saxlanılması üçün anası da pensiya alır. Hazırda bu hal yaşayış minimumu iki dəfə üstələyir. Tərəfin əlavə xərclərdə iştirak etməsi üçün imkanı yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İ-AZ seriyalı 092651 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 29 avqust 1999-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X3r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışla müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı daun sindromu nəticəsində ağır dərəcəli (imbessiftik) kəmağıllılıq, davranış pozuntusu və anadangəlmə nitq qüsuru. OS- Anadangəlmə Katarakta. Vegetativ damar distoniyası diaqnozu ilə xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 15 may 2025-ci il tarixli 3-21-2-1/2-7820/2025 saylı məktubla müəyyən olunur ki, vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Həmçinin, bildirilmişdir ki, Cavabdeh tərəfindən təqdim edilmiş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayışa əsasən onun sahibkarlıq fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2054-cü il tarixədək dayandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh tərəfindən dövriyyə əks etdirilməklə yalnız 2023-cü ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə 15 000,0 manat məbləğində dövriyyə əks etdirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, iddiaçının valideynləri X4 və Cavabdeh 28 oktyabr 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan 06 yanvar 1995-ci il təvəllüdlü X5 və 29 avqust 1999-cu il təvəllüdlü İddiaçı adlı iki övladları vardır. Onlar arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2950/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan doğulmuş iddiaçı 29 avqust 1999-cu il təvəllüdlü İddiaçı “daun sindromu nəticəsində ağır dərəcəli (imbessiftik) kəmağıllılıq, davranış pozuntusu və anadangəlmə nitq qüsuru. OS- Anadangəlmə Katarakta. Vegetativ damar distoniyası” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçı valideynindən hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin öz xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. -80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. -81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. -81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilib ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. “Aliment öhdəliyi” dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X6 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür Ailə Məcəlləsinin 81-ci maddəsində isə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və digər hallar daxildir. “Elektron Məhkəmə” informasiya sistemindən cavabdehin əmlak və gəlir məlumatlarına dair çıxarışlarla müəyyən olunur ki, cavabdeh menecer vəzifəsində işləyir, aylıq əmək haqqı 250 manatdır, həmçinin İİ qrup əlil olaraq 393.32 manat pensiya alır. Adına iki daşınmaz əmlak (mənzil) və bir daşınar əmlak (nəqliyyat vasitəsi) qeydə alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyində avtomobil hissələrinin təmiri fəaliyyət istiqaməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydə alınmışdır (VÖEN: **********). “Elektron Məhkəmə” informasiya sistemindən iddiaçının əmlak və gəlir məlumatlarına dair çıxarışlarla müəyyən olunur ki, iddiaçı 1-ci qrup əlil olaraq 270 manat pensiya alır. Adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı İ qrup əlil olmaqla (daun sindromu nəticəsində ağır dərəcəli (imbessiftik) kəmağıllılıq, davranış pozuntusu və anadangəlmə nitq qüsuru. OS-Anadangəlmə Katarakta. Vegetativ damar distoniyası) xəstə olması xüsusatı (mülki işin mübahisəsiz halıdır) əsas götürülməklə, tərəflərin əmlak və maddi vəziyyətini nəzərə alaraq, yetkinlik yaşına çatmış övladının üstün mənafelərinin qorunmasının təmin edilməsi, onun xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə, cavabdehdən İ qrup əlil olan yetkinlik yaşına çatmış övladının xeyrinə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024cü il tarixli qərarına uyğun olaraq hər ay iddiaçının məhkəməyə müraciət etdiyi 2025-ci ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı (400 manat) məbləğinin 0,50 mislinə (400 x 0,50) uyğun sabit məbləğdə aliment tutulması məqsədəmüvafiqdir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; -234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh İddiaçı saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalı, qətnamə aliment hissədə dərhal icra edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 234, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.1999-cu il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar