Məhkəmə qərarları › İş №2(005)-2223/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2223/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2223/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, nigahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin və İddiaçı adına Cavabdeh götürdüyü pul krediti üçün kredit bitənədək 300 manat pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar və bu müddət ərzində cavabdeh övladları ilə maraqlanmamış, təlim-tərbiyəsi ilə məşğul olmamışdır. İddiaçı cavabdehin mebel sexində çalışdığını və aylıq gəlirinin yaxşı olduğunu da qeyd etmişdir. İddiaçı qeyd edir ki, cavabdeh nigahda olduqları müddətdə iddiaçının adına pul krediti götürüb və özünə maşın alıb. Cavabdehlə nigahları pozulduqdan sonra onun adına götürülən pul kreditini ödəməmişdir. Cavabdehlə birgə nigahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X5 3 yaşındadır və danışmır. Psixoloq və loqoped xərci hər ay 450 manatdır. Cavabdehə dəfələrlə bunları dediyi halda heç bir köməklik göstərməmişdir. İddiaçı özü də 1-ci qrup gözdən əlildir. Qazancı ilə uşaqların təminatını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-1226/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və 1361 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Nərimanov qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X4 doğulmuşdur. - Bakı şəhəri Nərimanov qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X4 doğulmuşdur. - Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvlük vəsiqəsindən görünür ki, İddiaçı birinci dərəcəli gözdən əlilliyə malikdir. - “Birlik Nitq və X7” tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, X5 bu mərkəzdə loqoped seanslarda iştirak edir və seanslara aylıq 384 AZN ödəniş edilir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X2 Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 №-li Respublika Xüsusi internat Məktəbində “müəllim, xüsusi təhsil” vəzifəsində çalışır. Aylıq əmək haqqı 1201,35 manat təşkil edir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X1 ümumi səbəblərdən birinci dərəcə gözdən əlilliyi səbəbi ilə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Təyin ediləcək alimentin məbləği barədə hissədə məhkəmə hesab edir ki, cavabdehin rəsmi iş yerinin olmaması, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia bu hissədə qismən təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar