Məhkəmə qərarları › İş №2(005)-2232/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2232/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2232/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 30 iyun 2020-cu il tarixli 2(005)-801/2020 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə 21.09.2008-ci il təvəllüdlü X8, 04.05.2012-ci il təvəllüdlü X9 və 15.06.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (iki yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarını azaldaraq hər uşağa 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat miqdarında azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 02 iyul 2008-ci il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuşdur. Həmən nikahdan 21.09.2008-ci il tarixində onların X12, 04.05.2012-ci il tarixdə X13 və 15.06.2018-ci il tarixdə X14 uşaqları olmuşdur, iş üzrə cavabdehlə xasiyyətləri uyğun gəlməməsinə görə nikahları pozulmuşdur və uşaqların saxlanılması üçün hər ay hər uşağa 170 manat aliment tutulmuşdur. Heç bir yerdə işləmədiyi üçün məhkəmə tərəfindən təyin olunmuş alimenti vaxtında ödəyə bilmədiyi üçün onun cavabdehə 5530 manat aliment borcu yaranmış və nəticədə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru barəsində protokol tərtib etmiş və məhkəməyə göndərmişdir. Məhkəməsi Azərbaycan Respublikasının İXM-nin 528.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 gün müddətə inzibati həbs haqqında 12.02.2021-ci il tarixdə qərar qəbul etmişdir. Hal-hazırda anasına məxsus olan evdə yaşayır. Heç bir yerdə işləmir. Avtotəmir sexində ustanın köməkçisi kimi işləyir. Daimi işi yoxdur. Aylıq gəliri (200-300) iki yüz-üç yüz manat təşkil edir. Qazancını uşaqlarımın saxlanılması üçün bank vasitəsi ilə hər ay Cavabdeh aliment ödəyir. Anamım təqaüdü evin komunal xərclərinə və onun dava-dərmanlarına xərclənir. Maddi vəziyyətləri həddindən atrıq çətindir. Məcburdur evin ərzaqını və digər şeyləri almaq üçün ona borca pul alım. Ərzaq dükanına borcu var. Cavabdeh uşaqları ilə birlikdə xaricdə yaşayır və onun dolanışı cox yaxşıdı. Cavabdehin məqsədi uşaqların saxlanılması üçün aliment tələbi deyil, onun məqsədi məni azadlıqdan məhrum etməkdir. Odur ki, məcbur oldum aliment miqdarının azaldılması üçün məhkəmədə iddia qaldır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2(005)- 801/2020 saylı qətnaməsinə əsasən, İddiaçı 25.12.2019-cu il tarixdən başlayaraq, 21,09.2008-ci il təvəllüdlü X5, 04.05.2012-ci il təvəllüdlü X6 və 15.06.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla 510 (beş yüz on) manat aliment hesablanaraq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 3(008)-1393/2021 nömrəli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə baxışı iclasında tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə nikahından 21.09.2008-ci il təvəllüdlü X12, 04.05.2012ci il təvəllüdlü X13 və 15.06.2018-ci il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq ayrı yaşayıb, birgə təsərrüfatı idarə etmirlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2(005)- 801/2020 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozularaq, 25.12.2019-cu il tarixdən başlayaraq İddiaçı 21.09.2008-ci il təvəllüdlü X5, 04.05.2012-ci il təvəllüdlü X6 və 15.06.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla 510 (beş yüz on) manat aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı həmin məbləğin azaldılaraq hər uşağa görə 100 manat, ümumilikdə 300 manat endirilməsini tələb etmiş, iddiasını isə hazırda heç bir yerdə işləməməsi ilə əlaqələndirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2017-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 136,60 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu 21.09.2008-ci il təvəllüdlü X8, 04.05.2012-ci il təvəllüdlü X9 və 15.06.2018ci il təvəllüdlü X2 və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda yetkinlik yaşına çatmayan 21.09.2008-ci il təvəllüdlü X5, 04.05.2012-ci il təvəllüdlü X6 və 15.06.2018-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (175 manat) az olmayan maddi təminat almaq hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar