Məhkəmə qərarları › İş №2(005)-2237/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2237/2022

02.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2237/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat yəni, İddiaçı7 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı3 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, X6 -310 m x 36 ay =11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı6 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı5 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı1 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı4 -310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alıaraq onlara ödənilməsi və Mediasiya Şurasına ödədiyimiz ümumilikdə 350 manat pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar 1988-ci ildən "xxxx" zavoduna ( hazırda Açıq Səhmdar Cəmiyyəti) ” işə daxil olmuş və hər birinin aylıq əmək haqqı 310 manat olmaqla Əmək Müqaviləsi bağlanmışdır. Lakin, cavabdeh bağlanmış əmək müqaviləsinin sürətini onlara təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən iddiaçıların hər birinin əmək haqqı 310 manat müəyyən edilmişdir. 2019-cu ilə kimi heç bir nöqsan və töhmətləri olmamışdır. Lakin 2019-cu ilin may ayında müəssisəni rəhbərliyi “guya müəssidə istehsalat azaldığından” işə gəlməmələrini bildirmişdir. Bununla əlaqədar onlar ailədə yeganə işləyən şəxs olduqlarını və işləməyəcəkləri təqdirdə ailənin maddi vəziyətinin çox pis vəziyyətə düşəcəyini bildirmişlər. Lakin buna baxmayaraq, müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kim onları işə çağıracaqlar. Müəssisə rəhbərliyi ilə konflikt yaratmamaq üçün rəhbərliyə qarşı mübahisə yaratmamaq üçün gözləmişlər. Bu zaman cavabdeh onların işə gəlməməyi barədə heç bir sənədləşdirmə aparmamış və bununla əlaqədar ərizə almamışdır. Çünki rəhbərlik bildirmişdir ki, tezliklə onları işə çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi - cavabdeh onları işə çağırmadığı üçün iddiaçılar dəfələrlə müəssisədə olmuş və işləmək istədiklərini bildirsələr də, cavabdeh “hər dəfə iş yoxdur gedin sonra çağıracaq ” deyərək bizi sakitləşdirmiş və vaxt uzatmışdır. Digəri işçilər kimi onlar da cəmiyyətin rəhbərliyinin sözünə inanmış və gözləmişlər. Bir neçə müddətdən sonra onlar cəmiyyətin sədrinə müraciət edərək ailələrini qismən də olsun saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündən dayanmalar olduğu üçün əmək haqqının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdir. Qeyd edir ki, 2019-cu ildə müəssisədə istehsalatın dayandırılması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi sürətdə işə buraxılmaması barədə AR Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, onlara və müəssisənin digər işçilərinə boşdayanmala görə heç bir vəsait ödənilmir. Qeyd edir ki, müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürərək işlədir və onlara əmək haqqı verilir. Eyni zaman da qeyd edir ki, müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçiləri ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqavilələri rəsmi və qeyri rəsmi bağlanmış və rəsmi müqavilələrlə ilə ödənilən məbləğlər müəssiənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Həmçinin, bildirilir ki, müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa forma davam etdirirlir. Bir daha bildirilir ki, onlar heç bir yerdə işləmir və ailəni dolandırmaq üçün heç bir başqa təminatı yoxdur. Pensiya almırlar. Ona görə hesab edir ki, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat yəni, İddiaçı7 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı3 - 310 m x 36 ay =11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, X6 -310 m x 36 ay =11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat. İddiaçı6 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı5 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı1 - 310 m x 36 ay = 11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat, İddiaçı4-310 m x 36 ay =11160 manat: 3 = 3720 m. x 2 = 7440 manat olmaqla hesablanaraq cavabdeh “Şampan Şərab" Açıq Səhmdar Cəmiyyətindən alıaraq onlara ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, müəssisədə mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, İstehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. Müəssisənin 09 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə işçilər 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 10 saylı, xx.xx.2019-cu il tarixli əmrlə bu müddət daha 3 ay uzadılmış, 11 saylı, xx.xx.2019-cu il tarixli əmrlə bu müddət xx.xx.2019-cu il tarixinə qədər uzadılmış, 13 saylı, xx.xx.2019-cu il tarixli əmrə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2019-cu il tarixindən geri çağrılmışdır. 01 saylı, xx.xx.2020-ci il tarixli əmrlə işçilər 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 03 saylı, xx.xx.2020-ci il tarixli əmrlə bu müddət xx.xx.2020-ci il tarixinə qədər uzadılmış, 04 saylı, xx.xx.2020-ci il tarixli əmrə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2020-ci il tarixindən geri çağrılmış, 05 saylı, xx.xx.2020-ci il tarixli əmrlə işçilər xx.xx.2020-ci il tarixinə qədər ödənişsiz məzuniyyətə buraxılmışdır. 01 saylı, xx.xx.2021-ci i tarixli əmr ilə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 02 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. 03 saylı, xx.xx.2021-ci il tarixli əmrlə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 04 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 05 saylı, xx.xx.2021ci il tarixli əmrlə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 07 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçilər xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçıların tələbi 2019-2022-ci illər üzrə olduğu üçün göründüyü kimi bu aylarda işçilər, o cümlədən iddiaçılar ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddətə əmək haqqının verilməsi mümkün deyildir. Həmçinin iddiaçıların indiki tələbi ilə əlaqədar digər şəxs Məmmədova Hafizə 2019-cu ildə iddia qaldırmış, 2(005)-5174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, X3 22 may 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin bu qətnamədən verilən şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-2913/2020 saylı, xx.xx.2020 tarixli qətnamə qəbul edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5174/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X3 22 noyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək əmək haqqısı hesablanaraq ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddələr 129.1 və 129.2). Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin 22 may 2019-cu il tarixli 09 nömrəli əmri bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmin əmrin müddəti 21 iyun 2019-cu il tarixdə 3 ay, 20 sentyabr 2019-cu il tarixdə isə yenidən 3 ay - 31 dekabr 2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh 24 dekabr 2019-cu il tarixdə “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmr vermiş, iddiaçıya xx.xx.2019-cu il tarixdə saat 08:00-da işdə olmağına dair bildiriş verilmişdir. Göründüyü kimi işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi xx.xx.2019-cu il tarixdən 6 ay müddətində yəni, xx.xx.2019-cu il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, bu barədə əmr isə yalnız xx.xx.2019- cu il tarixdə verilmişdir. Bu baxımdan qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox - xx.xx.2019-cu il tarixədək uzadılması qanunsuz olmuşdur. ” Bu qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Buna əsasən, işəgötürənin işçiləri ödənişsiz məzuniyyətə buraxılması barədə verdiyi əmrin qanuniliyi artıq təsdiq olunmuşdur. Oxşar tələblə əlaqədar digər iddiaçı X1 tələbi üzrə də 2(005)-5175/2019 saylı, xx.xx.2019 tarixli qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. Lakin bu qətnamə də apellyasiya instansiyası tərəfindən qəbul edilən 2(103)-3337/2020 saylı, 8.09.2020-ci il tarixli qətnamə ilə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Qətnamədə bir daha göstərilmişdir ki, “Azərbaycan Respublikası Auditorlar Palatasının 20/61 saylı, xx.xx.2020-ci il tarixli auditor rəyinə əsasən, X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə 1 ay 3 günə 206.67 manat məbləğində əmək haqqı hesablanmışdır. (İİ cild, səh.6).” Bu qətnamədən verilən kassasiya şikayəti 2(102)-1992/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla təmin edilməmişdir. Qərarda göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının qanunda nəzərdə tutulan müddətdən artıq həddə ödənişsiz məzuniyyətdə olmasını təsdiq olunduğundan, məhz həmin müddət üçün ona ödənilməli məbləği müvafiq audit yoxlaması təyin edərək almış olduğu rəy əsasında müəyyən etmişdir.” Göründüyü kimi bu işlər üzrə Ali Məhkəmənin də mövqeyi apellyasiya instansiyasının mövqeyi ilə üst-üstə düşmüş, işlərin yalnız 6 aydan çox olan müddət üçün əmək haqqının ödənilməsi müəyyən edilmişdir. Bundan əlavə, Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən, “4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.” Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, əmək haqları ayda bir dəfə 01-10 təqvim günü aralığında ödənilir. İddiaçılar 11-ci gündə əmək haqlarını almırsa, hüquqlarının pozulması günü hesab edilir və müddətin axımı başlayır, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixində kəsilmişdir. İddiaçıların 2019, 2020 və 2021-ci ilin aprel ayı üzrə tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Həmçinin, iddiaçılardan İddiaçı7 ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində, İddiaçı2, İddiaçı5 və İddiaçı6 ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Buna görə də bu iddiaçıların bu tarixdən sonrakı günlərə əmək haqqının tələb etməsi mümkün deyildir. Bunlara əsasən iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddia tələbi cavabdehdən 2019-cu ildən 2022-ci ilin may ayına qədər əmək haqqının tutularaq iddiaçılara ödənilməsi təşkil edir. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən, “1.Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.” Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, əmək haqları ayda bir dəfə 01-10 təqvim günü aralığında ödənilir. İddiaçılar 11-ci gündə əmək haqlarını almırsa, hüquqlarının pozulması günü hesab edilir və müddətin axımı başlayır, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixində kəsilmişdir. İddiaçıların 2019, 2020 və 2021-ci ilin aprel ayı üzrə tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Göründüyü kimi, hazırkı iddia tələbinin 2019, 2020 və 2021-ci ilin aprel ayına qədər olan hissəsi həmçinin 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçıların cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehdən 2019-cu ildən 2022-ci ilin may ayına qədər əmək haqqının tutularaq ödənilməsi tələbinin 2019, 2020 və 2021-ci ilin aprel ayına qədər olan hissəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək tələbin bu hissəsini rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 22 may 2019-cu il tarixli 09 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə heyətinin 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq “Spirtin istehsalı və spirtin saxlanması” və “Kompressor-qazanxana” sexinin işçiləri ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir; İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti X8 24 dekabr 2019-cu il tarixli 12 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin geri çağırılması əmr edilmişdir; xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcələsinin 129 cu maddəsinin 2 – ci hissəsinə və kollektiv müqavilənin (2020-2023 il) 4,10 cü maddəsinə əsas tutaraq rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçi heyyəti 05,01,2022 - ci il tarixdən 6 (altı) ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli İddiaçı2 ünvanlanmış məktubundan görünür ki, "xxxx" ASC-də əmək hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız 01 mart 2022-ci iİ tarixli müraciətə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Aparılan araşdırma zamanı "xxxx" ASC-nin (bundan sonra - Cəmiyyət) rəhbərliyinin Nazirlik yanında X4 Xidmətinə ünvanladığı məktubdan və məktuba əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin rəhbərliyi tərəfindən 22 may 2019-cu il tarixdən başlayaraq müxtəlif əmrlərlə və davamlı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin tələbləri pozularaq müraciətiniz və qarşılıqlı razılığınız olmadan ödənişsiz məzuniyyətə buraxılmışsınız. Eyni zamanda xx.xx.2021-ci il tarixdə iş yerinizin ixtisar olunması barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisədəki əmək stajına uyğun olaraq (doqquz təqvim həftəsi xəbərdarlıq müddəti nəzərə alınaraq) xəbərdarlıq edilərək, Sizinlə bağlanılmış əmək müqaviləsinə 29,12.2021ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi, lakin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsin in və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən “Bakı Şampan Şərabları” ASC-nin rəhbərliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192,4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş və son haqqhesabınızın ödənilməsinin təmin edilməsi ilə bağlı Cəmiyyətin rəhbərliyinə məktub ünvanlanmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, X3 22 may 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli, 2(103)-2913/2020 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5174/2019 saylı, 28 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X3 22 noyabr 2019-cu il tarixdən 25 dekabr 2019-cu il tarixədək əmək haqqısı hesablanaraq ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar 1988-ci il tarixdən etibarən "xxxx" ASC-də işə başlamış və aylıq 310 manat məbləğində əmək haqqı almışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 22 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2ci hissəsinə əsaslanaraq, bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması əmr edilmişdir. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 20 sentyabr 2019-cu il tarixli 11 nömrəli əmri ilə səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin 21 iyun 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən 31 dekabr 2019-cu il tarixədək uzadılması əmr edilmişdir. Sonuncu dəfə bu müddət xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə uzadılmışdır. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alınaraq onların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müyyən edilmiş 310 (üç yüz on ) manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla əmək haqqı hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh "xxxx" ASC iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçılar mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçılar mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Göründüyü kimi iddiaçılar 2019-cu il tarixdən "xxxx" ASC tərəfindən ödənişssiz məzuniyyətə çıxarılmış və bu müddət ayrı-ayrı əmrlərlə sonuncu dəfə xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən 6 ay müddətə uzadılmışdır. Göründüyü kimi hazırkı mübahisə tərəflər arasında 2019-cu il tarixdən başlamış, lakiin iddiaçılar tərəfindən iddia ərizəsi ilə məhkəməyə bir ildən çox müddət keçdikdən sonra müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti üçüncü şəxs qismində) “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar