Məhkəmə qərarları › İş №2(005)-2244/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2244/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2244/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 dekabr 2015-ci il tarixdə X6, X13 və Cavabdeh2 arasında 06 dekabr 2015-ci ildə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evlərini satmaq məqsədilə ünvan 2 ünvanda yaşayan Cavabdeh2 satmaq üçün onunla şifahi razılaşmışlar. Cavabdeh2 evin pulunu kredit götürərək verəcəyini atasına inandırmışdır. Atası ona inanaraq mülkiyyətində olan evini ipotekaya qoymağa razı olmuşdur. Və bu məqsədlə 06 dekabr 2015-ci il tarixində ipoteka saxlayan ünvan 3 ünvanda yaşayan X6 və borc alan ünvan 4 ünvanda yaşayan Cavabdeh2 ilə aralarında ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan Bakı şəhəri, A. Heydərov küçəsi ev 35, mənzil 46 saylı 3 otaqlı evlərini 3M/1821 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edərək girov qoymuşdur. İpoteka predmetinin yəni evlərinin dəyəri 60 000 (altmış min) manat həcmində dəyərləndirilmişdir. İpoteka müqaviləsinin müddəti 06.12.2015-ci il tarixdən 06.12.2016-cı il tarixədək hesablanmışdır. X4 mülkiyyətində olan evlərini girov qoyduqdan sonra Cavabdeh2 atasından evin sənədlərini alaraq bir neçə günə evin pulunu verəcəyini desə də, sözünə əməl etməmiş və atasını get-gələ salaraq onu aldatmışdır. Yuxarıda qeyd etdiyi ipoteka müqaviləsi bağlandıqdan sonra X6 müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 pulu versə də, Cavabdeh2 iddiaçının atasına evin pulunu verməmişdir. Beləliklə, Cavabdeh2 hər gün atasını aldadaraq vədlər vermişdir. Xəstə və yaşlı adam olan atası X14 bu gərginliyə, sarsıntıya dözməyərək 24.01. 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum X4 ilə X6 və Cavabdeh2 arasında bağlanan 06 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsindən iddiaçı atası vəfat etdikdən bir müddət sonra - X6 evlərini öz adına keçirmək tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırdıqda xəbər tutmuşdur. Məhkəmə iclasında cavabdeh X7 iddia ərizəsini qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə müvafiq olaraq iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 06 dekabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, X1 Orxan Allahverdi oğluna 100000 dollar məbləğində borc pul vermiş, borc alan 06.12.2016-cı il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 və X2 Bakı şəhəri ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,06 kv/m olan torpaq sahəsini ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 35000 manat məbləğində X3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X9 vərəsəsi İddiaçıdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan iddiaçının tələbi dəqiq aydın deyil. Mülki qanunvericilikdə əqdin etibarsız sayılması və ya ləğv edilməsi üçün tamamilə fərqli əsaslar nəzərdə tutulmuşdur ki, bunların heç biri hazırki iddiada öz əksini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş 06 dekabr 2015-ci il tarıxli ipoteka müqaviləsindən göründüyü kimi, həmin müqavilə ipoteka saxlayan X8, ipoteka qoyan X2 və borc alan Cavabdeh2 arasında bağlanmışdır, ipoteka predmeti isə Bakı şəhəri ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,06 kv/m olan torpaq sahəsidir, iddia ərizəsində isə iddiaçının atasına məxsus ünvan 6 ünvanda yerləşən mənzil ipoteka qoyulmuş əmlak kimi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, İddiaçı X8 və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı şəxsin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar