Məhkəmə qərarları › İş №2(005)-2281/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2281/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2281/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü qızı X1 3 yaşına çatanadək saxlanması üçün 150 manat və mediasiya üçün ödədiyi 50 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət X3 nikahı rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 1 uşaqları doğulmuşdur-xx.xx.2022-ci il təvəllüdlü X2. Cavabdehlə bir müddət mehriban yaşayırdılar. Lakin cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Hazırda o valideyinlərinin yanında yaşayır. Qızı körpə olduğuna görə heç bir yerdə işləyə bilmir. Lakin o, ailənin dağılmasını istəmir bu səbəbdən də nikahın pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət edir. Azyaşlı qızının yetkinlik yaşına çatana qədər gündəlik tələbatını, sağlamlığını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin onun maddi imkanı buna yol vermir. Bütün öhdəliklər onun üzərinə düşür. Halbuki qızının saxlanılması üçün onun tələbatını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. Buna görə də hesab edir ki, o bir valideyn kimi uşağın saxlanılması üçün ona aliment ödəməlidir. Qızı körpədir və qızının yetkinlik yaşına çatanadək onun saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 235 manat və əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü qızı X1 3 yaşına çatanadək cavabdehin həyat yoldaşı olaraq ona 150 manat, ümumilikdə 385 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh hər ay 235 manat aliment ödəyir. Lakin həmin məbləğ uşağın xərclərinə yetmir. Cavabdehin rəsmi əmək haqqı az olsa da gündəlik gəlirləri mövcuddur. Uşaq balaca olduğundan və işləmək imkanı olmadığından üç yaşına çatanadək 150 manat aliment ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh 345 manat əmək haqqı aldığını, əlavə xərc olaraq 150 manat alimenti ödəyə bilməyəcəyini, əlavə olaraq yalnız 30 manat ödəmək imkanına malik olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3143 nömrə ilə qeyd edilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - 8 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və uşaqla görüş məsələləri barədə razılığa gəlmişdirlər; - xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Mediasiya xərci 50 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından bir övladları doğulmuşdur. Tərəflərin nikahları pozulmamışdır. Tərəflər arasında uşağın ananın yanında saxlanılması, aliment və uşaqla görüş məsələləri üzrə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən cavabdeh hər ay 235 manat aliment ödəyir. İddiaçı hazırda işləmədiyinə görə uşağın üç yaşına çatanadək cavabdehdən 150 manat alimentin tutulmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifələri ilə yanaşı, ailə qanunvericiliyində ər-arvadın bəzi hallarda bir-birini saxlamaq vəzifələri də nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşaq üç yaşına çatmadığından, İddiaçı Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdehin ödədiyi alimentin məbləğini, əlavə gəlirləri barədə məhkəməyə sübut təqdim olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya 50 manat məbləğində aliment hər ay sabit pul məbləği şəklində ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan, alimentin tutulması ərizə verildiyi vaxtdan, yəni xx.xx.2024cü il tarixindən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş üzrə cavabdeh isə əlavə alimentin ödənilməsi ilə bağlı keçirilmiş mediasiya prosesində iştirak etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin ödənilmiş mediasiya xərcinə görə 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tuulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar