Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2283/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək kitabçasının verilməsinin ləngidilməsi, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, sübut etmə yükü və mənəvi ziyan tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları məhkəmə müəyyən etdi Təsviri hissə: a. Tələb:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı bildirir ki, əmək kitabçasının verilməsnin ləngidilməsinə görə işə düzələ bilmədiyi 6 aylıq müddət üçün 2220 (iki min iki yüz iyirmi) AZN orta aylıq əmək haqqı məbləğinin, faktiki işlədiyi günlərdə əmək haqqına əlavə şəklində verilməli olan təxminən 200 (iki yüz) AZN məbləğində bonus və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, qanunsuz əməllərə görə ona dəyən 300 (üç yüz) AZN dəyərində mənəvi zərərin o cümlədən mediasiya sessiyası ilə bağlı çəkdiyi 61 manat AZN dəyərində xərcin (mediasiya rüsumu və kargüzarlıq xərci) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin may ayından etibarən işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən və Cavabdeh MMC-nin (VÖEN: **********) tabeliyində olan “Ekonom” Aptekdə işçilər üzərində nəzarətçi səlahiyyətlərini həyata keçirən Aydın Əliyev tərəfindən xx.xx.2023-cu il tarixində iddiaçının əmək müqaviləsinə xitam verildiyi ona bildirildi. Xitamın əsası qismində isə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) göstərildi. İddiaçı bildirir ki, həmin maddə ilə işçinin işdən çıxarılması tamamilə əsassız və qanunsuz olduğu üçün Əmək Müfəttişliyinə şikayət edib. Şikayəti müsbət nəticə verib və Müfəttişlik tərəfindən xx.xx.2023-ci il tarixindən işə bərpa olunmağı ilə bağlı qərar qəbul edilib. Lakin iddiaçı bildirir ki, xx.xx.2023-ci il tarixində Aptekin təkidi ilə işdən çıxmaqla bağlı ərizə yazıb. Bu məsələ ilə bağlı iddiaçı bildirir ki, əmək müqaviləsinə xitam verildiyi zaman nə faktiki işlədiyi günlərə görə əmək haqqına əlavə şəklində verilən bonusları (təxminən 200 (iki yüz) AZN məbləğində), nə də ki istifadə edilməmiş məzuniyyətə görə pul əvəzini ala bilməyib, sadəcə faktiki olaraq işlədiyi 20 günün əmək haqqını veriblər. Bu faktlar öz əksini xx.xx.2023-cü il tarixli iddiaçının müraciətinə Əmək Müfəttişliyi tərəfindən verilən cavabda da öz əksini tapır. Əmək Müfəttişliyinə şikayət etdikdən sonra aptek tərəfindən ona xx.xx.2023-cü il tarixində əmək kitabçasını götürə biləcəyi ilə bağlı SMS vasitəsilə məlumat verilib. Ancaq bundan sonra əmək kitabçasını götürmüş və yeni işə düzələ bilmişdir. İddiaçı bildirir ki, Aptekdən ümumilikdə istifadə edilməmiş 3 illik məzuniyyətə görə pul əvəzini tələb etdikdə guya xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında məzuniyyətdə olması ilə bağlı üzərində onun imzası olan məzuniyyət ərizəsini ona göstəriblər. Lakin iddiaçı bildirir ki, həmin müddətdə məzuniyyətdə olmamışdır. Bunu həm bank çıxarışları, həm də aptekdəki video-kamera yazısı təsdiq edir. İddiaçı bildirir ki, bank çıxarışlarına nəzər salan zaman aydın olur ki, may ayı üçün ona əmək haqqı ödənilmişdir, məzuniyyət haqqı ödənilməmişdir. Bildirir ki, təqdim etdiyi sübutlardan da aydın olur ki, əmək kitabçasını əmək müqaviləsinə xitam verildiyi vaxtdan 6 ay sonra təhvil ala bilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri:
3. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixində onunla cavabdeh cəmiyyət arasında olan əmək müqaviləsinə xitam verilmiş,xx.xx.2023-cü il tarixində işə bərpa olunduqdan sonra xx.xx.2023-cü ildə tarixdə işdən çıxma ilə ərizə yazmalı olmuşdur. Beləliklə də ona 6 ay ərzində əmək kitabçasının verilməsi təmin edilmədiyindən, o yeni işə başlaya bilməmiş, bu səbəbdən də həmin müddət üçün əmək haqqı ödənilməsini əsaslı hesab edir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
8. 19.03.2024-cü il tarixli MŞB/8/2024-00578 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş və 50 manat mediasiya rüsumunu 10 manat kargüzarlıq xərcini ödəmişdir, Cavabdeh MMC-nin nümayəndəsi isə iştirak etməmişdir.
9. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 3-17- 5/1-H-2965/2023 nömrəli İddiaçı müraciətinə dair cavab məktubuna əsasən, aparılmış araşdırma nəticəsində “SONAR FARM" MMC tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə "xxxx" MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində işdən çıxma ərizəsi olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabın ödənilmədiyi məlum olmuşdur. Həmçinin "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi və qalıq əmək haqqının ona hesablanaraq ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulduğuna (vətəndaşın yazılı ərizəsi olmadan) görə "xxxx" MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 (Əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir) və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin, X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-27061/2023 nömrəli göstəriş məktubu ilə "xxxx" MMC-nin rəhbərliyinə 30 (otuz) gün müddətində İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli xx/xx-2023 nömrəli xitam əmrinin ləğv edib və xx.xx.2023-cü il tarixli 3-17-5/2-27060/2023 nömrəli göstəriş məktubu ilə son haqq-hesabın hesablanaraq ona ödənilməsi və nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur.
10. Sosial Arayışdan çıxarışa əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, o provizor vəzifəsinə götürülmüş, əmək haqqı 370 manat təşkil etmişdir. Sözügedən müqaviləyə xx.xx.2023-cü il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir.
Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 3- 17-5/1-H-2965/2023 nömrəli məktubundan görünür ki, SONAR FARM" MMC-nin direktoru X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati iş üzrə cərimə şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, o provizor vəzifəsinə götürülmüş, əmək haqqı 370 manat təşkil etmişdir. Sözügedən müqaviləyə xx.xx.2023-cü il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Habelə "xxxx" MMC tərəfindən əmək kitabçası Əmək Müfəttişliyinə şikayət etdikdən sonra xx.xx.2023-cü il tarixində SMS vasitəsilə məlumat verilmişdir.
12. Hazırda iddiaçı məhkəmədə cavabdehin ona 200 (iki yüz) AZN məbləğində əmək haqqına əlavə şəklində verilən bonusları ödəmədiyini, 3 illik məzuniyyətə görə pul əvəzinin verilməli olmasını və əmək kitabçasını əmək müqaviləsinə xitam verildiyi vaxtdan 6 ay sonra təhvil aldığına görə 2220 manat əmək haqqı ödənilməli olduğunu mübahisələndirir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:
13. Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri).
14. Maddə 71. İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin:
16. 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
18. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
19. Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər.
20. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
21. Maddə 87. 3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
22. Maddə 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 113. 1. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
24. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
25. Maddə 144.3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
26. Maddə 144.4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
27. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
28. Maddə 157.3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
29. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
30. Maddə 172.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
31. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
32. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
39. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
40. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir.
42. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
43. Məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, İddiaçı cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləmiş, onun aylıq əmək haqqı 370 manat təşkil etmiş, hər ay əmək haqqı hesabına 337,75 manat vəsait köçürülmüşdür. İddiaçı ilə olan əmək müqaviləsinə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli əmrlərlə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçıya əmək kitabçası xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
44. Halbuki, Əmək Məcəlləsinin 83-cü və 87-ci maddələri işçinin əmək kitabçasının işəgötürən tərəfindən işçiyə sonuncu iş günü verilməsini tələb edir.
45. Məhkəmə qeyd edir ki, iddanın “əmək kitabçasının işçiyə 6 aydan sonra verilməsinə görə 2200 manat pul hesablanaraq tutulması” hissəsində iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı hissəsi təşkil edir. Həmin normaya əsasən, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqı ödənilməlidir. Belə ki, bu normanın məzmunundan göründüyü kimi, onun tətbiq edilməsi üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: əmək kitabçasının işçiyə sonuncu iş günü verilməməsi, əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi, əmək kitabçası verilmədiyinə görə işçinin işə düzələ bilməməsi. Bu şərtlər mövcud olmadığı halda Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü hissəsinə əsasən işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməsi istisna olunur. Buna görə də iddiaçı həmin şərtlərin mövcud olması barədə sübutları təqdim etməlidir. Hazırda da iş materiallarından məlum olur ki, yuxarıda qeyd olunan şərtlərin hər biri mövcuddur. Belə ki, əmək kitabçasının işçiyə sonuncu iş günü verilmədiyi iş materiallarında olan sms xəbərdarlıqdan aydın olur. Eyni zamanda əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidildiyini təkzibedən hallar müəyyən olunmur. Üçüncü şərtin mövcudluğuna gəldikdə də, hazırda cavabdeh tərəfindən hər hansı etiraz, sübut və dəlillər təqdim edilməmiş, bunun əksinə olaraq məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı halhazırda "xxxx" MMC-də aptekçi vəzifəsində çalışır. Nəticə etibarilə müəyyən olunur ki, iddiaçı başqa işə düzəlmək niyyətində olmuşdur (hazırda iddiaçı işdən azad olunması ilə razılaşmış, işinə bərpa olunmasını tələb etməmişdir). Beləliklə, işin faktiki hallarına əsasən, müəyyən olunmuşdur ki, işçinin əmək kitabçasının vaxtında verilməmişdir.
46. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə işə bərpa olunmuş, həmin tarixlər arasındakı iyun və iyul ayları üzrə orta aylıq əmək haqqını almamışdır. İşin bu halı X2 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-27060/2023 saylı göstəriş məktubunun cavabdeh MMC-yə ünvanlanması ilə təsdiqlənir. Bundan əlavə iddiaçı xx.xx.2023-cü il tarixdə təkrarən işdən azad olunmuş, bu dəfə də əmək kitabçasını xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Göründüyü kimi, iddiaçı avqust ayı daxil olmaqla, sentyabr, oktyabr, noyabr ayları üzrə əmək haqqı almaqdan məhrum olmuşdur. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı ödənişlərinə dair bank hesabından çıxarışdan müəyyən olunur ki, iddiaçıya əvvəlki aylar üzrə ödənilən əmək haqqı 337,75 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə, iddia tələbini 2220 manat əmək haqqı ödənilməsi hissəsində qismən əsaslı hesab edərək, cavabdehdən iddiaçının xeyrinə 2026,5 manat məbləğində əmək haqqının tutulmasını əsaslı hesab edir.
47. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndi işdən azad etmə barədə əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqq hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur. Bu baxımdan həmin sənədlərin sonuncu iş günü işçiyə verilməsinin işəgötürənin günahı ucbatından gecikdirilmədiyini sübut etmək vəzifəsi də işəgötürənin üzərindədir.
48. Qeyd olunan sənədləri işçiyə vaxtında təqdim etməyən işəgötürən bu halın məhz işçinin günahı üzündən baş verdiyi, yaxud sənədin ondan asılı olmayan səbəblərdən işçiyə təqdim edilmədiyi barədə sübutlarını məhkəməyə təqdim etməlidir.
49. Nəticə etibarilə məhkəmə bildirir ki, dəfələrlə dəvət olunmasına baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən məsələ ilə bağlı halların izahını verməmişdir.
50. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir.
51. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
52. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.
55. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı).
56. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.
57. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
58. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bunun əksinə olaraq X2 Xidmətinin işəgötürənin işçinin əmək hüquqlarının pozulması barədə məktubunun surəti iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur.(§11) Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış əsas məzuniyyətə görə pul əvəzinin ödənilməsi” hissəsinə münasibətdə iddia tələbini əsaslı və qanuni hesab edir.
59. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 106.1-ci maddəsi işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını sübutlara aid etsə də, həmin izahatlar o halda mötəbər sübut kimi qəbul edilə bilər ki, iş üzrə toplanmış digər sübutlarla təsdiq edilsin. Əks halda tərəflərin bildirdiyi və işdə olan digər sübutlarla təsdiq olunmayan izahatlar əsasında işin hallarının müəyyən olunması MPM-in 9, 14 və 77.1-ci maddələrinə ziddir.
60. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi 200 manat məbləğində bonusun ödənilməsi hissəsində əsassızdır, bu səbəbdən də təmin edilə bilməz. Belə ki, iddiaçı məhkəmədə izahatlarında bonusların ona nağd şəklində verildiyini bildirmiş, həmin bonusun alınması ilə bağlı isə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.
61. İddiaçı həmçinin iddia tələbində cavabdehdən 300 manat məbləğində mənəvi zərərin ödənilməsini xahiş etmişdir.
62. Bununla bağlı məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.
63. Məhkəmə hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq qeyd edir ki, iddiaçının qanunsuz və əsassız şəkildə vəzifəsindən azad edilməsi, işsiz qalması, hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
64. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq çıxarılmasını, bunun nəticəsində onun 6 ay ərzində əmək haqqı almaqdan məhrum olması, dəfələrlə əvvəlki işəgötürəninə əmək kitabçasının verilməsi üçün müraciət etməsi, bu müraciətlərin nəticə verməməsi səbəbindən dövlət orqanlarına şikayət etməyə məcbur olması, cavabdehin məhkəməyə qədər (mediasiya prosesində) və məhkəmə araşdırması zamanı qeyd edilən pozuntunu aradan qaldırmağa çalışmamasını, mübahisənin davam etmə müddətini, iddiaçının yaşını və digər diqqətəlayiq halların olmasını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin vurulmasına görə iddiaçıya cavabdeh tərəfindən 200 (iki yüz) manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğundur.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə xərcləri:
66. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir.
67. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş 61 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.
68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
70. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Baxılan iş üzrə ərizənin verilməsinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, habelə iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 43 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
71. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2026,5 manat məbləğində əmək haqqı, istifadə edilməmiş əsas əmək məzuniyyətinə görə pul əvəzi, 61 manat mediasiya xərci və mənəvi zərərə görə 200 (iki yüz) manat pul vəsaiti İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" MMC-dən 43 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova