Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2345/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi” (iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə) məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış 12.03.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, 31 mart 2021-ci il tarixində Cavabdeh1 və Cavabdeh2ə Hüseynqulu qızı arasında “Alqı-satqı müqaviləsi”si (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153 A saylı, 0.12 ha torpaq sahəsi Cavabdeh2ə Hüseynqulu qızma satılmışdır. Halbuki, əslində həmin torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmamışdır. Belə ki, Cavabdeh1 Bank "xxxx" ASC-yə olan borcunun təminatı qismində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153 A saylı, 0.12 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur və “X2" MMC-nin Hərracın Yekunları barədə 81 saylı Protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair 16 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı daşınmaz əmlaka mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1416/2018 saylı 8 dekabr 2020-ci il tarixli və 8(005)-846/2019 saylı 18.01.2021-ci il tarixli qərardadları ilə həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Cavabdeh1 torpaq üzərində həbsin götürülməsindən sui-istifadə edərək torpaq üzərində həbsin götürüldüyü gün, 31 mart tarixində həmin əmlakı Cavabdeh2ə Hüseynqulu qızına satmışdır. Notariat Kontoru isə qanunsuz olaraq tərəflər arasında olan alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Göründüyü kimi Cavabdeh1 və Cavabdeh2ə Hüseynqulu qızı arasında bağlanmış müqavilə etibarsızdır və Cavabdeh2ə Hüseynqulu qızının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153 A saylı, 0,12 ha torpaq sahəsi üzərinə həmin müqavilədən yaranan bütün hüquqları əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, atası bir il bundan qabaq rəhmətə gedib. Atası rəhmətə getməmişdən əvvəl qardaşı əsgər olduğu üçün öz şəxsi mülkiyyətini ona həvalə etmişdi ki, qardaşı ilə həmin əmlakı aralarında bölsünlər. Mübahisəli torpağı o, Sübhan adlı şəxsdən baş etibarnamə əsasında alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Daha sonra o torpaqla bağlı prosesi biləndən sonra Sübhandan nə baş verdiyini soruşduqda, o da torpağın üzərindən həbsin götürülməsi barədə qərardadı gətirib ona təqdim etmişdir. Əlavə olaraq ona alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən göstərmişlər ki, torpağın üzərində heç bir məhdudiyyət yoxdur. Onda olan məlumata görə Cavabdeh1 etibarnamə əsasında mübahisəli torpağı Sübhana satmışdır. Sübhan da ona satıb. O, Sübhandan tələb edəndə, o da qərardadı ona gətirmişdi. Həmin torpağa görə o, alqı-satqı müqaviləsindən əvvəl 12000 manat ödəmişdi, həmin torpağın alınması üçün hətta qızıl-zinət əşyalarını girov qoymuşdur, daha sonra müqavilə bağlanarkən 12000 manat ödəniş etmişdir. Torpağı almaq üçün o əvvəlcə 2000 manat beh vermişdi, atası rəhmətə gedəndən sonra başı qarışıq olduğundan torpağı ala bilməmişdi. Həmin torpağa görə cəmi 24000 manat ödəyib, lakin pulu olmadığından əlavə olaraq avtomobilini də girov qoymuşdu. Hələ bundan sonra o avtomobilə görə də pul ödəməlidir. Belə baxanda həmin torpağın alınması ona 30000 manata başa gəlib. Torpağa dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən ona bildirmişlər ki, torpağın üzərində hər hansı həbs yoxdur, bu səbəbdən də iddianın əsassız olduğunu qeyd edərək, məhkəmədən təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən mülki işə iddiaçının və cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 24 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Satıcı Cavabdeh1 ilə Alıcı Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, “Satıcı” Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ona məxsus hissəsini “Alıcı” X1 mülkiyyətinə verir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2020-ci il tarixli, 8(005)-1416/2021 saylı qərardadı ilə ərizələrin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli, 8(005)-1416/2018 saylı qərardadı ilə Cavabdeh1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153A nömrəli bağ sahəsinin (0,12 ha) üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.01.2021-ci il tarixli, 8(005)-846/2021 saylı qərardadı ilə ərizələrin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli, 8(005)-846/2019 saylı qərardadı ilə Cavabdeh1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153A nömrəli bağ sahəsinin (0,12 ha) üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İş materiallarında olan 16.11.2020-ci il tarixli, 81 saylı hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 8400 manata qalib (alıcı) İddiaçı satılmışdır. İş matenallarında olan hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 16.11.2020ci il tarixli müqavilədən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin satın alınması barədə “X2" MMC ilə İddiaçı arasında 16.11.2020-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 20.02.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 783 nömrəli reyestr kitabının 74186 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 31.03.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 783 nömrəli reyestr kitabının 74186 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından aydın olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1459/2017 saylı, 01.03.2017-ci il tarixli icra sənədinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4596/2015 nömrəli, 24 iyul 2015-ci il tarixli icra səndinin icrasının təmin edilməsi məqsədi ilə borclu Cavabdeh1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153A nömrəli bağ sahəsinin (0,12 ha) üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçı ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2015-ci il tarixli, 2(005)-4569/2015 saylı icra vərəqəsi və Sabunçu rayon icra və probasiya şöbəsinin 12.08.2020-ci il tarixli, 6149-141130 15 saylı sifariş məktubu əsasında keçirilmiş hərracdan 8400 manata əldə etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2020-ci il tarixli, 8(005)-1416/2021 saylı qərardadı və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.01.2021-ci il tarixli, 8(005)-846/2021 saylı qərardadı ilə ərizələrin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli, 8(005)-846/2019 saylı qərardadı ilə Cavabdeh1 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153A nömrəli bağ sahəsinin (0,12 ha) üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. AN-İ ******* saylı, 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, “Satıcı” Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ona məxsus hissəsini “Alıcı” X1 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 31.03.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 783 nömrəli reyestr kitabının 74186 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı ərizəsi əsasında onun daşınmaz əmlaka mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-1416/2018 saylı 8 dekabr 2020-ci il tarixli və 8(005)-846/2019 saylı 18.01.2021-ci il tarixli qərardadları ilə mübahisəli torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Cavabdeh1 torpaq üzərində həbsin götürülməsindən sui-istifadə edərək, həmin əmlakı Cavabdeh2ə Hüseynqulu qızına satmışdır, məhz buna görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir, lakin Cavabdeh2 iddia tələbinə etiraz edərək mübahisəli torpağa dair bağlanmış alqısatqı müqaviləsinin rəsmiləşdirilərkən heç bir qanun pozuntusuna yol verilmədiyini, həmin əmlakı etibarlı əqd əsasında əldə etdiyini bildirərək, iddianın əsassız olduğunu, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbində qeyd olunan mübahisələndirilən əmlaka dair alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.12.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Mübahisəli əmlaka dair hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə 16.11.2020ci il tarixli müqaviləyə əsasən iddiaçının İddiaçı satılmışdır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, iddia tələbinin dəlilləri ilə iddiaçının sözügedən əmlaka gözlənti mülkiyyət hüququnun olması işin materialları ilə tam təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapdığından, mübahisələndirilən alqı-satqı müqaviləsi legitim sayıla bilməz. Belə ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi bağlanarkən, cavabdehlər lazımi qaydada vicdanlılıq göstərməmişlər. Bu baxımdan cavabdehlər mübahisəli əmlaka dair müqavilə rəsmiləşdirərkən vicdanlı hərəkət etmədiyindən bağlanmış əqd legitim hesab edilə bilməz. Cavabdeh2 əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı inandırıcı deyildir. Belə ki, məhkəmədə izahat verərkən, həmin torpaqla bağlı prosesdən xəbər tutduğunu, bundan sonra ona torpağın üzərindən həbsin götürülməsi barədə qərardadın təqdim edildiyini bildirmişdir. Üstəlik də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadından şikayətə əlavə olunmuş eyni məhkəmənin 08.12.2020-ci il qərardadından məlumatlı olmuşdur, həmin qərardadın məzmunundan isə hazırki iş üzrə iddiaçının ərizəsinin mahiyyəti aydın olur. Belə olan halda isə Cavabdeh2 vicdanlı alıcı olması müəyyən edilmir. Çünki Cavabdeh2 mübahisəli əmlakla bağlı üçüncü şəxslərin mümkün iddiasından məlumatlı olmuşdur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməklə yanaşı, mübahisəli əmlaka mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini də xahiş edir. Lakin məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, hazırda Cavabdeh2 adına verilmiş 31.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. İddiaçı iddia tələbində çıxarışın ləğvini tələb etməsə də, məhkəmə hesab edir ki, mübahisəli əmlaka mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini tələb etməklə əslində sözügedən çıxarışın ləğvinə nail olmağa çalışmışdır. Lakin bu zaman onu nəzərə almamışdır ki, həmin tələbə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz, belə ki, daşınmaz əmlaka hüquqların rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanın səlahiyyətlərinə aiddir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassızdır, təmin edilməməlidir. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, AN-İ ******* saylı, 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31.03.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 783 nömrəli reyestr kitabının 74186 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla belə məhkəmə Cavabdeh2 izah edir ki, AN-İ ******* saylı, 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində ona dəymiş ziyanın Cavabdeh1 ödənilməsini tələb etmək hüququndan məhrum olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 12.03.2021-ci il tarixli Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 31.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli verilmiş çıxarış ləğv olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2345/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2345/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver