Məhkəmə qərarları › İş №2(005)-2428/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2428/2021

09.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2428/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə 2020-ci ilin may ayından başlayaraq iyul ayının 15-dək ödənilməmiş əmək haqqı olaraq 9.500 manat, əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün 1% olmaqla hesablanmış faiz borcu olaraq 29.070 manat, cəmi isə 38.570 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı Nürəddin oğluna ödənilməsi, habelə iddiaçı ilə son haqq-hesab aparılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, tərəflər arasında 14 may 2018-ci il tarixdə HMC000026 nömrəli əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinin şərtlərinə görə, iddiaçı 14 may 2018-ci il tarixdən X2” MMC-nə direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 4.1-ci maddəsinə görə, iddiaçının aylıq əmək haqqı məbləği 3.800 manat miqdarında müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsindən başqa, həmçinin 14 may 2018-ci il tarixdə HMC000026 nömrəli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmışdır. Cavabdeh MMC-də işlədiyi müddət ərzində İddiaçı əmək haqqı və digər ödənclər onun adına açılmış bank hesabına köçürülmüş, iddiaçı isə həmin vəsaitləri kart vasitəsi ilə almışdır. Cavabdeh MMC-nin təsisçilərinin 07 iyul 2020-ci il tarixli 31/20 nömrəli qərarı ilə İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilməsi qərara alınmışdır. 15 iyul 2020-ci il tarixdə Cavabdeh MMC üzrə verilmiş 12 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı işdən azad olunmuşdur. Qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə görə, işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməlidir. Lakin İddiaçı 2020-ci ilin may, iyun və iyul ayları üçün əmək haqqı ödənilməmiş, habelə onunla son haqq-hesab aparılmamışdır. Bununla bağlı İddiaçı 11 yanvar 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktorunun adına ərizə ilə müraciət etmiş, lakin həmin müraciətə bu günə qədər cavabdeh tərəfindən cavab verilməmiş, iddiaçıya ödənilməli olan ödənclər ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası” adlanan 83-cü maddəsinin tələbinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı hesab edir ki, 2020-ci ilin may ayından başlayaraq işdən azad olunduğu 15 iyul 2020-ci il tarixədək işəgötürən olan Cavabdeh MMC-nin təqsiri üzündən iddiaçıya əmək haqqının ödənilməsi gecikdirildiyinə görə, hər gecikdirilmiş gün üçün İddiaçı ödənilməmiş əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. İddiaçı 21 iyun 2021-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin direktoru vəzifəsində işləmiş iddiaçıya 2020-ci ilin may ayından başlayaraq iyul ayının 15-dək ödənilməmiş əmək haqqı olaraq 9.500 manat, əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün 1% olmaqla,15.05.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək hesablanmış 36.625 manat, habelə 10.06.2020-ci il tarixdən hazırki iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra olunanadək əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün 1% olmaqla hesablanmış faiz pulunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, həmçinin İddiaçı ilə son haqq-hesab aparılması vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı rədd edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 00117411 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01/18 nömrəli qərarla 04 may 2018-ci il tarixdə Cavabdeh MM-nə direktor vəzifəsinə təyin edilmiş,15 iyul 2020-ci il tarixdə 112 nömrəli əmrlə AR Əmək Məcəlləsiin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan HMC000026 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 14 may 2018-ci il tarixdə Cavabdeh MM-nə direktor vəzifəsinə təyin edilməsi barədə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 28.04.2021-ci il tarixli,**********7 nömrəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının X4 Xidməti Bakı şəhər İdarəsinə təqdim etdiyi əmək haqqı bank hesabına çıxarışda və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən baxış keçirilərkən tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsiin 68-ci maddəsinin “a” bəndinə əsasən 15.07.2020-ci il tarixdə iddiaçının xahişi ilə xitam verildiyi, son haqq-hesabın isə ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də Cavabdeh MMC-nin rəhbəri Talıbov Cavad barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən 28.04.2021-ci il tarixli 105142B nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və son haqq-hesabın ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə məktub göndərilmişdir. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun tələblərinə uyğun olaraq iddiaçı tərəfindən edilmiş müraciətin araşdırılması ilə bağlı iddiaçıya aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh MMC-nin rəhbərliyinə X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən **********8 nömrəli 16.02.2021-ci il tarixli məktub ünvanlanmış, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. İş materiallarında olan VÖEN № ********** "xxxx" ASC AZ97MUGA**********19425AZM00 nömrəli İddiaçı məxsus hesabdan 05-04-2018-ci il tarixdən 31-03-2021-ci il tarixədək olan əməliyyatların çıxarışından görünür ki, Cavabdeh MMC son dəfə ödəniş -əmək haqqı 09.07.2020-ci il tarixdə edilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilmiş, iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya münasibətdə əmək müqaviləsi üzrə nəzərdə tutulmuş öhdıliklərin tam şəkildə icra etməməsi mülki iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, iddia iddiaçının Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə 2020-ci ilin may ayından başlayaraq iyul ayının 15-dək ödənilməmiş əmək haqqı olaraq 9.500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqı 9.500 manatın hər gecikdirilmiş günə görə 1% əlavə hesablanaraq, tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9.500 AZN məbləğində ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş günə görə həmin məbləğin 1% həcmində əlavə İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar