Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2449/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Tamarin Əİi Nizami oğlu ilə xx.xx.2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-423/2020 saylı qətnaməsi ilə nikaha xitam verilmiş və birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanması qət edilmişdir. Cavabdehlə 2019-cu ildən birlikdə yaşamır. Qızı Xədicə orta məktəbin 3-cü, oğlu Həmzə isə 2-ci sinifində oxuyur. Cavabdeh övladlarına heç bir maddi yardım göstərmir, qazancını özünə sərf edir. Uşaqların yeyib-içmək və digər xərclərini onların istəklərinə uyğun ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini qeyd etdi. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-423/2020 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları X1 yanında qalması qət edilmişdir; AZ-İİİ seriyalı, 555778 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur; AZ-İİİ seriyalı, 834817 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuş, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. İddiaçı cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini əsas gətirərək, Cavabdeh hər ay 250 manat alimentin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş hallarda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, cavabdehin rəsmi iş yeri və gəliri barədə hər hansı bir sübut təqdim olunmamasını, bu səbəbdən alimentin qazancdan müəyyən hissə kimi tutulmasının mümkünsüz olduğunu nəzərə alaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 234, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(005)-2449/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2449/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver