Məhkəmə qərarları › İş №2(005)-247/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-247/2025

13.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-247/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqı, ezamiyyət pulu, son haqq-hesab və kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı, ezamiyyət pulu, son haqq-hesab və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1900 (min doqquz yüz) manat məbləğində ödənilməmiş ezamiyyət pulu, 2100 (iki min yüz) manat məbləğində ödənilməmiş son haqq-hesab, ödənilməmiş ezamiyyət puluna görə hesablanmış 28272 (iyirmi səkkiz min iki yüz yetmiş iki) manat məbləğində kompensasiya, ödənilməmiş son haqq-hesab üçün hesablanmış 22806 (iyirmi iki min səkkiz yüz altı) manat məbləğində kompensasiya, 60 (altmış) manat məbləğində ilkin mediasiya xərci olmaqla ümumi 55138 (əlli beş min yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-2857/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnamə qəbul edilmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2857/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və iş təzələnərək mahiyyəti üzrə baxışa təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki iş üzrə məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməməklə - işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən və iş hazırda məhkəmə baxışı mərhələsində olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqı, ezamiyyət pulu, son haqq-hesab və kompensasiya” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqı, ezamiyyət pulu, son haqq-hesab və kompensasiya” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar