Məhkəmə qərarları › İş №2(005)-2480/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2480/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2480/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh X16 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X16 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli, 2(005)-3172/2019 saylı qətnaməsi ilə cavabdehdən 3 (üç) azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X13) uşağının saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 360 manat alimentin miqdarının artırılaraq 420 manat müəyyən olunması barədə qətnamə çıxarılmışdır. Qeyd edir ki, keçmiş həyat yoldaşı Cavabdeh və onun dayısı Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini X2 tərəfindən sifariş ilə iddiaçı keçmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) xx.xx.2012-ci ildə işdən azad edilmişdir. Bu günə qədər hara müraciət etsə də onun hərbi biletində xidmətə uyğunsuzluq olduğuna görə onu heç bir yerdə işə qəbul edilmir. Keçmiş həyat yoldaşı Cavabdeh və onun dayısı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini X2 tərəfindən qərəzli şəkildə iddiaçının qurduğu ikinci ailəsini dağıtmaq üçün alimentin artırılmasına variantlarına əl ataraq qisas alır. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyində əməliyyatçı vəzifəsində çalışaraq fəxri fərmanlara layiq olmuşdur. Bu günə qədər vaxtı-vaxtında çox çətinliklə 3 övladına görə hər ay 360 manat alimenti ödəyir və heç vaxt ödənişi gecikdirmir. Bu onun atalıq borcudur. Cavabdeh başa düşməlidir ki, o yüksək əmək haqqı almır. İddiaçı özəl klinikaların birində gözətçi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 300 (üç yüz) manat təşkil edir. Halbuki o, Saratov Dövlət Hüquq Akademiyasının hüquq fakültəsini bitirmişdir. Keçmiş həyat yoldaşı və onun dayısı iddiaçının karyerasını məhv edərək sifraiş ilə işdən azad etdirmişdir. Cavabdeh heç bir kirayədə qalmır. Cavabdeh Mərdəkanda 2 mərtəbəli evi var. O evi isə nikah dönəmində 2008-ci ildə iddiaçı tərəfindən tikilmiş evdir. O, evi uşaqlarına vermişdir. Hazırda Cavabdeh yüksək markalı avtomobil idarə edir. Bundan başqa Bakı şəhərində onun mənzili var Qeyd edilənləri nəzərə alaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı qətnaməsi ilə müəyyən olunmüş hər 3 uşağa görə 420 manat məbləğin ləğv edilməsi, 3 övladına görə aldığı əməkhaqqının məbləğinə görə hesablanmasına əsasən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 mməhkəmə iclasında iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 794902 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ 921131 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında olan 1 saylı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 965388 nömrəli, xx.xx.2014-cü il tarixli nikah şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə X9 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1350 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, PC24/20 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən “xxxxxxxxxxxxxx” MMC-də xx.xx.2019-cu il tarixdən gözətçi vəzifəsində işləyir. Aylıq məvacibi 300 manatdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3172/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12852/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının alimentin azaldılması barədə dəlillərini əsassız hesab edir. Belə ki, Qanunla 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. İddiaçıdan tutulan aliment bu minimumdan az miqdarda aşağı, onun maddi və digər diqqətəlayıq maraqları nəzərə alınmaqla təyin edilmişdir və onun azaldılması üçün məhkəmə əsas görmür. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklikləri təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X16 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X16 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar