Məhkəmə qərarları › İş №2(005)-2520/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2520/2023

31.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2520/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nadir qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" Firmasının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" Firması cəlb olunmaqla) əmək haqqı tələbi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı əmək haqqı tələbi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı olaraq ödənilməli olan 840 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 2022-ci ilin sentyabr ayının sonuna kimi "xxxx" Firmasına məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2-ci sosial şəhərciyində bina 44-d elektrik işləmişdir.Öhdəliyinə götürdüyü işləri yerinə yetirərək təhvil vermişdir. Buna baxmayaraq bun günədək ona veriləsi 840 manat pulu ala bilməmişdir. "xxxx" Firması iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı ilə həmin firmanın işçisi kimi çalışmadığını, onlara rasında əmək münasibətləri olmadığı üçün iş üzrə cavabdeh olmaları üçün qanuni əsasın mövcud olmadığını bildirdi. Daha sonra iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi qeyd edilən "xxxx" Firmasının əsl cavabdehlə, yəni Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarında İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" Firmasının nümayəndəsi X4 izahatında bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 41 və 44 saylı binalarının tikintisi çərçivəsində görülən elektirik işləri "xxxx" Firması ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, HİF/220/HV/12/01 nömrəli Podrat müqaviləsi əsasında həyata keçirimşdir. Görülən işlərin müqavilə dəyəri 48.880 manat olmuş, 09 mart 2022-ci il tarixli X1 əsasən əlavə görüləcək işlər üçün hər binaya ayrılıqda 3225.5+3225.5=6451 manat vəsait ayrılmış, müqavilənin ümumi dəyəri 55331 manat təşkil etmişdir. "xxxx" firması tərəfindən Cavabdeh bank hesabına 51779 manat köçürülmüş, onun tərəfindən 51779 manat məbləğində iş yerinə yetirmiş, lakin 2 №-li forma əsasında təhvil verilmiş iş 23034.3 manat təşkil edir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq qalan işləri bugünədək təhvil verməmişdir. "xxxx" Firması tərəfindən onun bank hesabına 51779 manat köçürülməsinə baxmayaraq Əmək müqaviləsi çərçivəsində əmək münasibətində olduğu işçilərin əmək haqqını da ödəməmişdir. Hazırki iddia üzrə Cavabdeh əsl cavabdehdir və iddiaya cavab verməli olan şəxsdir. Bundan əlavə "xxxx" Firması ilə Cavabdeh direktoru olduğu “Altes Communication" MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 13, 14, 15,42 və 44 saylı binalarına “ildırım ötürmə sistemləri”nin quraşdırılması işlərinin yerinə yetirilməsi haqqında 19 noyabr 2021-ci il tarixli HİF/2021 /12/02 nömrəli Subpodrat Müqaviləsi bağlanmış, X1 əsasən görüləcək işlərin ümumi dəyəri ƏDV xaric 33380.00 manat təşkil etmişdir. "xxxx" MMC bank hesabına həmin məbləğdən ƏDV daxil 2021-ci ilin dekabr ayında 24780 manat avans ödənilmişdir. Lakin bugünədək iş yerinə yetirilməmiş müqavilə öhdəliyi pozulmuşdur. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsində "xxxx" MMC-yə qarşı ƏDV daxil 24780 manat əsas borc, 5 ay üzrə gecikdirilmiş 3338 manat dəbbə pulu və (dövlət rüsumu) mediasiya xərci üçün ödənilmiş 210 manat, birlikdə hesablanmış 28328 manat məbləğində iddia qaldırılmışdır. İş hazırda məhkəmə baxışındadır. Göründüyü kimi, "xxxx" firması da Cavabdeh qanunsuz hərəkətlərindən zərər çəkmişdir. Odur ki, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə yekun qərar qəbul edilərkən qeyd olunan faktların nəzərə alınmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən iclaslarda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Sifarişçi "xxxx" Firması və podratçı Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, HİF/220/HV/12/01 nömrəli Podrat müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin təsdiq etdiyi və ya təqdim etdiyi iş həcmləri və layihə-smeta sənədləri sənədləri çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 41 və 44 saylı binalarının tikintisi çərçivəsində 1) dəmir-qəlib və beton işlərində elektron boruların çəkilməsi; 2) Mənzillərin ümumi elektrik montaj işləri; 3) Zirzəmidə olan işıqlanma avadanlıqlarının elektrik işləri; 4) 1-ci mərtəbədə olan giriş işıqlanma avadanlıqlarının elektrik işləri; 5)n Sayğac, Liftin kabeli, torpaqlama, magistral xətlərin elektrik işləri; 6) Pilləkən qəfəsinin və texniki mərtəbənin işıqlanması işləri; 7) elektrik otağı üzrə elektrik işlərini yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçıya müqavilədə razılaşdırılmış haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Firması ilə Cavabdeh arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Cavabdeh müqavilə üzrə podratçı olmaqla, müqavilədən irəli gələn elektrik işlərinin yerinə yetirilməsi üçün İddiaçı ilə razılaşmışdır. Sonradan tərəflər arasında münasibətlər gördüyü işlərin cavabdeh tərəfindən tam ödənilməməsi səbəbindən pozulmuşdur. İddiaçı gördüyü işlər müqabilində cavabdehin ona ödəməli olduğu pul məbləğini tam ödəmədiyinə istinad edərək, ödənilməli olan 840 manat pulun məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 442 və 448.1-ci maddələri). Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddələrin məzmunundan göründüyü kimi öhdəlik münasibətlərinin iki əsas tərəfi mövcuddur: borclu və kreditor. Tərəflər arasında öhdəlik münasibətlərinə görə, hər iki tərəf aralarındakı razılaşmanın hüquqi xarakterinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Qanunverici kreditorun öhdəliklərini icra etməməsi nəticəsində borcluya ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ verir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar, o cümlədən şahid ifadələrindən görünür ki, cavabdeh iddiaçını əmək müqaviləsi bağlamadan işlətmiş və onun əməyinin qarşılığını tam şəkildə ödəməmişdir. Bu səbəbdən cavabdeh barəsində iddiaçının şikayəti əsasında İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında işlərin görülməsi və onun dəyərinin ödənilməsi ilə bağlı şifahi razılaşma bağlansa da, cavabdeh həmin razılaşmaya əməl etməmişdir. Belə ki, işlərin iddiaçı tərəfindən qüsursuz təhvil verilməsi sənədləşdirilmişdir. Nəticə etibarilə iddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh onun gördüyü işlərin dəyərini ödəməmiş, bununla da öz öhdəliklərini pozmuşdur. Bu, həmçinin "xxxx" Firmasının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatlarla, eləcə də iddiaçının X3 etdiyi müraciət ilə təsdiq olunur. Halbuki mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Öhdəliyin məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı gördüyü işlərin müqabilində 840 manat pulun ödənilməli olduğunu bildirir. Cavabdeh isə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və həmin halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı yerinə yetirdiyi işlərin dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 840 (səkkiz yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar