Məhkəmə qərarları › İş №2(005)-2529/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2529/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2529/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyalarının qaytarılması və yaxud onların dəyər qiyməti olaraq 4.300 (dörd min üç yüz) manat məbləğində pul vəsaitinin və 63.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi - 4.363.00 manat) Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı ildə ailə qurmuşdur və o cavabdehin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27 saylı evin 643-cü mənzilinə gəlin köçmüşdür. xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı "Asan Xidmət" mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətləri rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddət ərzində ilk əvvəl cavabdehlə münasibətiləri normal olmuş, lakin sonradan xasiyyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuş və o cavabdehə qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və sabit pul məbləğində alimentin tutulması barədə Şamaxı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Tərəflər ailə quranda cavabdehin özü və valideynləri tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Hazırda, xx.xx.2020-ci il tarixdən bu günə kimi cavabdehlə ayrı-ayrılıqda yaşayırıq. İddiaçı Şamaxı rayonunda valideynlərinin yanında yaşayır, uşaqlar da onun yanındadırlar. İddiaçının qızıl-zinət əşyaları isə bu günə kimi cavabdehdədir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh toy mərasimi zamanı hədiyyə edilmiş qızıl dəst-sırğa, üzük, qolbaq, sep və klonla birlikdə dəyəri olan 4.300 (dörd min üç yüz) manat və tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 7 sot torpaq sahəsində inşa edilmiş 3 otaqlı ünvansız fərdi yaşayış evinin tikilməsi üçün sərf edilmiş vəsait üzrə paylar ər-arvad arasında bərabər şəkildə bölünməsi və əmlakın dəyərinin ½ hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, cavabdeh bildirmişdir ki, iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Hazırda tələbdə qeyd edilən zinət əşyalarının onda olması barədə iddia böhtandır. İddiaçı 2020-ci ildən başlayaraq Şamaxı rayonu Saqyan kəndində, anasının evində yaşayır. İddiaçı cavabdehə məxsus olmayan X5 ərazisində yerləşən torpaq sahəsində tikintiyə maddi yardım etməsi barədə iddiaları əsassızdır. Belə ki, 2017-ci ildə fərdi təsərrüfatla məsğul olmaq üçün atası X6, özünə məxsus olan Nərimanov rayonu Ş.Mustafayev küçəsi ev 643-ün iki otaqdan ibarət hissəsini rəsmi qaydada satmışdır. Həmin vəsaitlə xx.xx.2017-ci il tarixdə X5 ərazisində sözügedən torpaq sahəsi 516952 və 516953 nömrəli etibarnamələr əsasında alınmış və eyni vəsaitlə təmir-tikinti işləri aparılmışdır. Qeyd olunanalara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid Təmirov Bahadur Ziyəddin oğlu verdiyi ifadədə bildirmişdir ki, evin tikintisi üçün Cavabdeh rayona gələrək tikinti materialları almışdır. Tikinti materiallarına ödənişi iddiaçının anası tərəfindən edildiyini və bu materialların iddiaçının evi üçün nəzərdə tutulduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçririlən məhkəmə iclasında şahid X1 verdiyi ifadədə bildirmişdir ki, iddiaçının anası iddiaçı və cavabdehin yaşadığı evin tikintisi üçün 800 manat pul vermişdir. Həmçinin evin tikintisi üçün taxta yığmışdılar, həmin taxtanın pulunu iddiaçının anası ödəmişdir. Cavabdeh qeyd olunan tikinti materialları üçün pul ödəməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarının geri qaytarılması qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə hesab edir ki, yalnız yuxarıda qeyd edilən bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının cavabdehdə mövcudluğunu və iddiaçıya məxsus olması hallarını mübahisələndirmiş, cavabdehin mövqeyinə görə həmin qızıl-zinət əşyaları iddiaçının özündədir, o sərbəst evi tərk edərkən həmin əşyaları da özü ilə aparmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə olması, həmin əşyaların cavabdehin mülkiyyətində və qanunsuz sahibliyində olmasının sübut etmə vəzifəsi iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olaraq iddiaçıya aiddir. İddia tələbi və işin hallarını qiymətləndirərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən etiraf olunmayan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması hallarını, həmçinin cavabdeh tərəfindən mövcudluğu etiraf olunan qızıl-zinət əşyalarının cavabdehdə olması halını təsdiq edən sübutları təqdim edən bilməmişdir. Bundan başqa iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 7 sot torpaq sahəsində inşa edilmiş 3 otaqlı ünvansız fərdi yaşayış evinin tikilməsi üçün sərf edilmiş vəsait üzrə paylar ər-arvad arasında bərabər şəkildə bölünməsi və əmlakın dəyərinin ½ hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsi üzrə məhkəmə araşdırması zamanı qeyd olunan əmlakın tərəflərin birgə nikah dövründə əldə etmələrinə dair sübutlar müəyyən edilməmişdir. Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, iddiaçının cavabdehlə rəsmi nikah dövrü üzrə birgə təsərrüfatları olaraq əldə edilmiş əmlakların nikah pozulduqdan sonra tərəflərə münasibətdə paylarının müəyyən edilərək bölünməsini tələb etmişdir. Lakin burada qeyd olunan əmlakların yalnız birgə nikah dövrü ilə şərtləndirmək düzgün deyildir. Belə ki, qanunvercilik üzrə hazırki münasibətlərin tənzimlənməsinə yönəlmiş dispoztiv normalar mövcud olduğu kimi həmçinin imperativ normalar mövcuddur. Həmin normalar üzrə tərəflərin nikah dövründə əldə etdikləri əmlaklarının bölunməsi o zaman mümkündür ki, göstərilən əmlaklar tərəflərdən birinə vərəsəlik və bağışlanmış olmasın. Göründüyü kimi maddi hüquq normaların tələbləri aydın şəkildə tərəflərin əldə etdikləri əmlaklara yönəlmiş şərtləri müəyyən etmişdir. Lakin iddia tələbindən göstərilən əmlakın cavabdehə məxsus olması barədə hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiacı həmin əmlaka dair çəkilmiş xərclərdə onun payını cavabdehdən alınması hissəsi üzrə xərclənmiş vəsaitlərin onların birgə təsərrüfatlarından xərclənməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmin sübutların təqdim edilməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbi üzrə birgə nikah dövründə əldə edilmiş əmlakların olmasını təsdiq edən əsas şərtdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi iddia üzrə iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən hallara, sübutların olması müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi əmlaklara dair payların müəyyən edilməsi mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş tələbinin əsassız olması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh toy mərasimi zamanı hədiyyə edilmiş qızıl dəst-sırğa, üzük, qolbaq, sep və klonla birlikdə dəyəri olan 4.300 (dörd min üç yüz) manat və tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 7 sot torpaq sahəsində inşa edilmiş 3 otaqlı ünvansız fərdi yaşayış evinin tikilməsi üçün sərf edilmiş vəsait üzrə paylar ər-arvad arasında bərabər şəkildə bölünməsi və əmlakın dəyərinin ½ hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh toy mərasimi zamanı hədiyyə edilmiş qızıl dəst-sırğa, üzük, qolbaq, sep və klonla birlikdə dəyəri olan 4.300 (dörd min üç yüz) manat və tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 7 sot torpaq sahəsində inşa edilmiş 3 otaqlı ünvansız fərdi yaşayış evinin tikilməsi üçün sərf edilmiş vəsait üzrə paylar ər-arvad arasında bərabər şəkildə bölünməsi və əmlakın dəyərinin ½ hissəsi Cavabdeh alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar