Məhkəmə qərarları › İş №2(005)-2535/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2535/2021

20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2535/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8457/2016 nömrəli və 03 noyabr 2016-cı il tarixli qətnaməsi ilə artırılaraq 154 (yüz əlli dörd) manat edilmiş alimentin 34 (otuz dörd) manat azaldılaraq 120 (yüz iyirmi) manat edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli 2(005)-8457/2016 nömrəli qətnaməsi ilə əvvəlki həyat yoldaşı Cavabdeh ilə nikaha xitam verilməsi, qızı Əliyeva Mirvarinin anası Cavabdeh yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-8457/2016 nömrəli və 03 noyabr 2016cı il tarixli qətnaməsi ilə kəsilmiş 120 manat aliment miqdarı artırılaraq 154 manat edilmişdir. Hazırda iddiaçının sağlamlığı ilə əlaqəli ciddi problemləri var. Belə ki, bir neçə ay bundan əvvəl o, infarkt keçirmiş, bir tərəfli iflic olmuş, nitqində, eşitmə qabiliyyətində qüsurlar yaranmışdır. İddiaçı İİ qrup əlildir, onun əmək qabilliyəti yoxdur və heç bir yerdə işləmir. Hazırki vaxtadək o, hər ay alimenti ödəmiş, lakin gəliri olmadığından, sağlamlığı ilə bağlı problem yaşadığından maddi vəziyyəti yerində deyil və kəsilmiş alimenti ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, alimentin məbləği məhkəmənin qətnaməsi ilə 154 manat müəyyən edilmişdir. Bundan sonra onda 2-ci qrup əlillik yaranmışdır, hazırda heç bir yerdə işləyə bilmir. Buna görə də alimentin 34 (otuz dörd) manat azaldılaraq 120 (yüz iyirmi) manat edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8457/2016 saylı, 03.11.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması, tərəflərin birgə nikahından olan 31.10.2012-ci il təvəllüdlü X2 ananın himayəsinə verilməsi, uşağın saxlanılması üçün 120 manat aliment tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3953/2018 saylı, 16.08.2018-cı il tarixli qətnaməsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8457/2016 saylı, 03.11.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq 154 manat (yüz əlli dörd) müəyyən olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, İddiaçı 02.10.2020-ci il tarixdə ikinci dərəcəli əlillik verilmiş, sağlamlıq imkanlarının müddəti 02.10.2025-ci il tarixədək qüvvədədir, onda beyin infarktı, Sol orta beyin arteriyası hövzəsində çox ocaqlı işemik, Total afaziya, Sol orta beyin arteriyası hövzəsində çox ocaqlı işemik insultun davamlı qalıq əlamətləri, Hipertoniya xəstəliyi İİİ mərhələ əlavə faktoru İV. Sağ tərəfli hemiparez diaqnozu ilə qiymətləndirilmiş, İddiaçı yüngül işlərdə işləyə bilər; Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı 2-ci qrup əlil olmaqla 130 manat əlilliyə görə müavint alır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, məhkəə qətnaməsi ilə İddiaçı 154 manat alment tututlarkən yuxarıda qeyd edilən hallar araşdırma predmeti olmamış və həmin qətnamənin qəbul edilməsindən daha sonra ortaya çıxmışdır. İddiaçıdan tutulmalı olan alimentin yeni məbləğinə və bununla bağlı dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının əlilliyinin olması, başqa gəlirlərinin olmamasının, əmək qabiliyyətinin natamam olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıdan tutulmalı olan alimentin 154 manat olaraq davam etdirilməsi ədalətli deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıdan tutulan aliment məbləği 34 manat məbləğində azaldılmalı, 120 manat müəyyən olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, dəyişdirilmiş alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3953/2018 saylı, 16.08.2018-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 31.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment İddiaçı tutulmalı, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3953/2018 saylı, 16.08.2018-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. 31.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar