Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2551/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları mənəvi zərərə görə 10000 manat məbləğin və hüquqi xidmətlərə görə çəkmiş olduğu xərclər əvəzində 120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində ünvan 1 ünvanının yaxınlığında Cavabdeh1 ilə arasında olan sözlü mübahisə zamanı gecə vaxtı səs-küy salmasına irad bildirməyini bəhanə edərək, şəxsiyyətini, ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirmiş, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etmiş və onu qəsdən vurmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 457 saylı rəyində sağlamlığına yüngül zərər vurma qeyd olunmuşdur. Cavabdeh1 təkrarən xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində həmin ünvanda qeyri-rəsmi nikahda olduğu Cavabdeh2 ilə əlbir olan bir qrup şəxs halında birləşib, onu ucadan təhqir etmiş, bədəninin müxtəlif hissələrinə qəsdən bir neçə ardıcıl zərbələr vurmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 789 saylı rəyində sağlamlığına yüngül zərər vurma qeyd olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 1(005)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bununla bağlı Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilsə də, apellyasiya məhkəməsinin 1(003)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 1(005)-147/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 AR CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi hökm edilmişdir; AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2024-cü il tarixli, 457 saylı rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - ağızın selikli qişasının əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin, çənə nahiyəsinin, sağ qulaq seyvanının, qarın nahiyəsinin qançırları, sağ və sol dirsək oynağının, sağ saidin, sağ kürək nahiyəsinin, sol sağrı nahiyəsinin, sağ və sol diz oynağının, sağ baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığn qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə, ilk məlumata əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir; AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2024-cü il tarixli, 789 saylı rəyindən görünür ki, İddiaçı aşkar edilmiş xəsarətlər sol gicgah nahiyəsinin nöqtəvari qansızması, sol göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət edilən hematoması, sol gicgah, sol yanaq, alt çənənin sol yarısının boyunun ön səthinin sol yarısının, boyunun sağ yarısının bayır səthinin, döş qəfəsinin sol yarısının bayır səthinin,sol bazu oynağının arxa səthinin, döş qəfəsinin sol yarısın arxa səthinin, sağ bazunun orta üçdə birinin bayır səthinin, sağ bazunun orta üçdə birinin arxa səthinin sıyrıqları, sağ bazu oynağının ön səthinin, sol sarğı nahiyəsinin bayır kvadratının, sol budun aşağı üçdə birinin arxa səthinin, sağ budun yuxarı üçdə birinin arxa səthinin sağ budun aşağı üçdə birinin arxa səthinin, sol diz oynağının bayır Bothinin, sol baldırın yuxarı və orta üçdə birinin bayır səthlərinin, sağ budun yuxarı üçdə birinin iç səthinin qaçırlar-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil; ƏXZ/3 seriyalı, 532801 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə “Praym Leqal” Vəkil Bürosuna 120 manat ödəniş etmişdir; Nərimanov Rayon Məhkəməsinin 1(005)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 AR CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hökm edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında görünür ki, Nərimanov Rayon Məhkəməsinin Cavabdeh1 CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2024-cü il tarixli, 1(005)- 453/2024 saylı hökmündən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli AR “TƏBİB” PHŞ “Respublika Təcili və X2 Mərkəzi” PHŞ-nin məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:01-də mərkəzin çağrı xidmətinə ünvan 2 ünvanından İddiaçı (50 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı Nəsimi TTTYS bölməsinin həkimi Aida Abbasova icra edərək, xəstə İddiaçı “Esenssial hipertenziya” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə aralarında baş vermiş mübahisə zəminində yaşadıqları binanın həyətində onun ünvanına nalayiq ifadələr işlətmiş, ucadan danışmaqla və ümumdavranış qaydalarına zidd hərəkətlər nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik etmiş və sağlamalığına zərər vurmuşlar. Bu halların mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmış və cavabdeh Novruzova X1 Rayon Məhkəməsinin 1(005)-147/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən AR CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması, Cavabdeh1 isə Nərimanov Rayon Məhkəməsinin 1(005)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda iddiaçı cavabdehlərin törətdiyi hüquq pozuntularından irəli gələn sarsıntı keçirməsi əsası ilə ona dəymiş mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 23 fevral 2016-cı il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-147/2025 saylı, xx.xx.2025-ci il tarixli və 1(005)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmlərinə görə Cavabdeh1 və Cavabdeh2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq əməli törətmiş, AR CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinmişlər. Məhkəmə hökmündə istinad olunmuş və sübut qismində çıxış edən videogörüntülərə əsasən Cavabdeh1 İddiaçı ardıcıl zərbələr endirməsi, Cavabdeh2 ona şillə vurması, məhkəmə-tibb ekspertizasınln rəylərinə əsasən İddiaçı sağlamlığına yüngül zərər vurulması, xəsarətlərin şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsinin inandırıcı olmaması öz əksini tapmışdır. Yəni hazırki mülki iş üzrə mənəvi zərər tələbinin əsası kimi çıxış edən xuliqanlıq əməlinin törədilməsi (İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etməklə), bunun Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsirliliyi təkzibedilməz hallardır və yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı iddia ərizəsində yer almış pul tələbi Cavabdeh1 və Cavabdeh2 xuliqanlıq əməllərinə istinadla əsaslandırıldığından və bu hüquq pozuntularının törədilməsi məhkəmə hökmü ilə təsdiq edildiyindən, habelə iş materiallarından olan AR “TƏBİB” PHŞ “Respublika Təcili və X2 Mərkəzi” PHŞ-nin İddiaçı “Esenssial hipertenziya” diaqnozu qoyulması barədə məktubla da bu hadisələrin zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması sübuta yetirildiyindən, iddiaçı ona vurulmuş mənəvi zərəri tələb etməkdə haqlıdır. Vurulmuş mənəvi zərərin həcminə münasibətdə isə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 10-cu bəndində yer almış Plenum izahına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının mənəvi zərərə görə pul tələbi cavabdehlərin cinayət hüquq pozuntusu - bir qrup şəxs tərəfindən xuliqanlıq əməli törədilməsindən irəli gəlmişdir ki, həmin təqsirli hərəkətlərə görə cavabdehlər məsuliyyətə cəlb olunmuş, Cavabdeh1 01 il müddətə azadlıqdan məhrum etmə, Cavabdeh2 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi təqsirli şəxslər barəsində cəza təyin edilməklə sosial ədalətin bərpası istiqamətində müvafiq addımlar atılmışdır. Artıq cavabdehlər barəsində hüquqi tədbirlər görülməklə, kifayət qədər məhrumiyyətlər yaradılmasını, mənəvi zərərə görə pul tələbinin məhz eyni əsasdan hasil olduğunu nəzərə alsaq, bu nöqteyi-nəzərdən mənəvi zərərin 100 manat məbləğində ödənilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin törətdiyi hüquq pozuntuları səbəbi ilə iddiaçı hüquqi xidmətlərə görə xərc çəkdiyindən, “Praym Leqal” Vəkil Bürosuna edilmiş ödənişin əvəzi kimi 120 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları mənəvi zərərə görə 100 manat pul və hüquqi xidmətlərə görə ödənilmiş 120 manat vəsait müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları mənəvi zərərə görə 100 manat pul və hüquqi xidmətlərə görə ödənilmiş 120 manat vəsait müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2551/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2551/2025
18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver